ABŞ-ın “Vaşinqton Post” qəzetində “İran işgəncə epidemiyasından əziyyət çəkir” başlıqlı məqalə dərc ounub. Məqalənin müəllifləri Nazənin Boniadi və Anyes Kalamardır. Nazənin Boniadi aktrisa, aktivist və “Amnesty İnternational” təşkilatının Böyük Britaniyada elçisidir. Anyes Kalamar “Amnesty İnternational” təşkilatının baş katibidir. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
Belə görünür ki, İranda işgəncə barədə ifadə versən səni öldürərlər.
Bu ilin sentyabrında 49 yaşlı Şahin Naseri adlı bir şəxs güləşçi Navid Əfkarinin işgəncələrə məruz qalması haqda şahid ifadəsi verdikdən sonra həbsxanada şübhəli şəraitdə ölüb.
Dövlətin haqsız yerə həbs etdiyi tanınmış etirazçı Əfkari ədalətsiz mühakimə nəticəsində ölüm cəzasına məhkum olunub və 2020-ci ilin sentyabrında gizli şəraitdə edam edilib.
Şahin Naserinin ölümündən az əvvəl – avqust ayında Tehranın Evin həbsxanasından yayılan görüntülərdə işgəncə və digər qəddar rəftar hallarının dəhşətli səhnələri əks olunub. İran rəsmiləri isə bunları həbsxana nəzarətçilərinin məsuliyyətsiz əməlləri kimi səciyyələndirib.
Amma “Amnesty İnternational” və digər insan haqları qrupları dəfələrlə sübut ediblər ki, işgəncə, qəddar rəftar və digər qeyri-insani davranış metodları İranın cəzavermə sisteminin tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət İran dövlətinin zorakılıq sistemini qırmaq üçün dərhal hərəkətə keçməlidir.
Sentyabrda “Amnesty İnternational” təşkilatı əldə etdiyi etibarlı hesabatlara əsasən məmurların işgəncə, ölümcül güc tətbiqi və digər oxşar əməllər törətdiyini sübuta yetirərək İran hakimiyyətinin son on ildə ən azı 72 kişi və qadının həbsdə şübhəli ölümünə görə məsuliyyəti üzərinə götürmədiyini ifşa edib.
Qurbanların böyük əksəriyyətini gənclər təşkil edir. “Amnesty İnternational”ın hesabatı dərc olunduqdan sonra, 15 sentyabrda təşkilat daha dörd dustağın şübhəli ölümü haqda xəbərlər alıb.
“Amnesty İnternational”ın araşdırmaları göstərir ki, İranda prokurorluq orqanlarının nümayəndələri, həbsxana məmurları, təhlükəsizlik və kəşfiyyat agentləri həbsdə yatan kişilərə, qadınlara, uşaqlara geniş və sistemli şəkildə işgəncələr verirlər, əvəzində isə tam cəzasız qalırlar. Hakimlər bu sui-istifadə hallarına imkan yaradırlar – işgəncə iddialarını rədd edirlər, müstəqil araşdırmalara izn vermirlər, işgəncələr altında alınmış “etirafedici ifadələrə” əsaslanaraq hökmlər çıxarırlar.
İranda işgəncə epidemiyası cəzasızlıq şəraitində davam edir: beynəlxalq hüququ və insan haqlarını kobud şəkildə pozan məmurlar ədalət məhkəməsinə cəlb olunmurlar, əksinə, onları yüksək vəzifələrə təyin edirlər. İnsanlığa qarşı cinayətlərdə birbaşa əli olan İbrahim Rəisinin bu yaxınlarda prezident seçilməsi İrandakı dəhşətli vəziyyətin daha bir nümunəsidir.
2018-ci ildə “Amnesty İnternational”ın hesabatında sənədlərlə sübut olunub ki, “ölüm komissiyası”nın üzvü olan Rəisi 1988-ci il iyulun sonunda və sentyabrın əvvəllərində Tehran yaxınlığındakı Evin və Qohərdəşt həbsxanalarında minlərlə siyasi dissidentə zor tətbiq edərək onları gözdən-nəzərdən uzaq, məhkəməyə çıxartmadan edam etdirib, cəsədlərini isə kütləvi məzarlıqlarda qalaq-qalaq basdırdıb.
“Amnesty İnternational” bildirir ki, o vaxtdan bəri İran hakimiyyəti törətdiyi qətlləri etiraf etməkdən, qurbanların taleyini və onların qalıqlarının harada olduğunu açıqlamaqdan boyun qaçırır, insanlığa qarşı cinayətləri davam etdirir.
2019-cu ilin mart ayında Rəisi İran Məhkəmə Sisteminin sədri təyin olunub və o vaxtdan prezident seçildiyi vaxtadək minlərlə dinc nümayişçinin, dissidentlərin, hüquq müdafiəçilərinin, jurnalistlərin və təqib olunan etnik və dini azlıq nümayəndələrinin əsassız həbslərinə nəzarət edib.
Onun başçılığı altında məhkəmə sistemi 2019-cu ilin noyabrında keçirilən ümummilli etirazlar zamanı yüzlərlə kişi, qadın və uşağın ölümünə cavabdeh olan hökumət rəsmilərinin, təhlükəsizlik qüvvələrinin tam cəzasızlığını təmin edib. Dövlət rəsmiləri minlərlə etirazçını, eləcə də yoldan ötüb keçənləri həbs edib, ən azı yüzlərlə insan işgəncələrə və digər zorakılıq hallarına məruz qalıb.
“Amnesty İnternational” hələ də Rəisinin keçmişdə törətdiyi və hazırda davam etdirdiyi cinayətlərinə görə istintaqa cəlb olunmasını tələb edir, lakin ölkədə işgəncə və cəzasızlıq indiyədək hökm sürür.
Bu ay BMT-nin Baş Assambleyasına üzv dövlətlərə İranda insan hüquqlarının təşviqi və müdafiəsi ilə bağlı qətnaməyə səs vermək üçün çağırış olacaq. Dövlətlər İranda işgəncənin sistemli istifadəsinə və cəzasızlıq böhranına qarşı mövqe nümayiş etdirmək, o cümlədən qətnaməni təşviq etmək və dəstəkləmək üçün bu fürsətdən yararlanmalıdırlar.
Bu nə üçün vacibdir? Ona görə ki, İranda daxili kanallar vasitəsilə ədalətə qovuşmaq mümkün deyil və hakimiyyətin törətdiyi ağır cinayətlərin iranlı qurbanları ümid edirlər ki, beynəlxalq ictimaiyyət onların hüquqlarının təmin edilməsi üçün əhəmiyyətli addımlar atacaq.
Bu səbəbdən “Amnesty İnternational” BMT-nin İnsan Hüquqları Şurasına üzv dövlətləri gələcəkdə ədalətli və müstəqil mühakimənin aparılmasına nail olmaq üçün İranda törədilmiş ən ağır cinayətlərə dair sübutların toplanıb saxlanmasına, təhlil olunmasına xidmət edəcək bir qərəzsiz mexanizmin yaradılmasını da dəstəkləməyə çağırır.
Bu cür məsələlərin həlli 1988-ci ildə olduğu qədər indi – 2021-ci ildə də vacibdir. Dünya liderləri təcili hərəkətə keçməsələr İranda kök salmış işgəncə və cəzasızlıq modellərini qəbul etmiş olacaqlar.
Nazənin Boniadi,
Anyes Kalamar
Mənbə: Washingtonpost.com