Qubad İbadoğlu
ADR Partiyasının sədri
Sentyabrın 8-də Maliyyə Nazirliyi 2022-ci ilin dövlət büdcəsinin ilkin göstəricilərini açıqlamışdı. Açıqlamadan görünürdü ki, hökumət gələn il Dövlət Neft Fondundan büdcəyə 11 milyard 860 manat köçürməyi proqnozlaşdırır. Bu, 2021-ci ildəki 12 milyard 200 milyon manatla müqayisədə 2,8 faiz az olmaqla büdcənin neft gəlirlərindən asılılığının azalma dinamikasını xarakterizə edirdi.
Lakin dünya bazarında neftin bahalaşmasından vəcdə gələn, iştahasının həddi-hüdudu olmayan hakimiyyət 1 ay 17 gündən sonra fikrini dəyişərək Dövlət Neft Fondundan büdcəyə transferti 12 milyard 710 milyon manata qədər artırıb. Beləliklə, gələn il büdcəyə Neft Fondundan daxilolmalar bu ilə nisbətən 4,2 faizə qədər çox proqnozlaşdırılır. 27 oktyabr 2021-ci ildə dərc olunan dövlət büdcəsi layihəsinə görə, gələn il gəlirlərin yarısından çoxunu neft gəlirləri təşkil edəcək.
Prezidentin 6 dekabr 2016-cı il fərmanı ilə təsdiqlənən “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə qeyd olunur ki, dövlət büdcəsinin Neft Fondundan transfertlərdən asılılığı azaldılmalı, 2025-ci ilə kimi təqribən 50 faizdən 15 faizə endirilməlidir.
2016-cı ildən bəri neft gəlirlərinin büdcədə payını 5 faiz belə azaltmayan hakimiyyət, sizcə, 2022-ci ildən sonrakı 3 ildə onu 35 faiz azaldaraq 15 faizə çatdıra bilərmi? Təbii ki, yox. Bəs onda prezident “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ni kimin üçün təsdiq edib? Əgər hökumət buna əməl etməyəcəkdisə, onda strateji yol xəritələrini hazırlamaq üçün on milyonlarla vəsaiti nədən ödəyirdik?