Əli Kərimli
AXCP sədri
İki ay əvvəl yayılmış xəbəri unutmazsınız: Gürcüstan hökuməti koronavirusla bağlı karantin rejimində yazılan 589 min cəriməni silib, 245 min fiziki, 344 min hüquqi şəxs cərimədən azad edilib… O zaman biz də xeyli yazdıq, tələb etdik ki, cəriməsi silinməli olan bizim xalqdır. Həm ona görə ki, dövlətimiz varlıdır, təkcə neft satışından oturduğumuz yerdə 155 milyard dollar qazanmışıq, dövlət ehtiyatlarımız 51 milyard dollardan çoxdur, büdcəmizdə də külli miqdarda artıqlıq var. Həm də xalqımız çox kasıbdır, işsizdir, pandemiya dövründə 190 manatlıq yardımı almaq üçün cəmi 6 gündə 1 milyon 200 min nəfərin müraciət etməsi gerçək güzəran haqda çox şey deyir. Yəni bizdə də həmin cərimələrin ləğvi vacibdir, zəruridir.
Ancaq hökumət bu çağırışları eşitmədi. Hətta bu cərimələrdən əziyyət çəkən 100 minlərlə sadə insan da qoşulmadı bu çağırışlara. Hökumət də düşündü ki, xalqımızın dözüm limiti hələ çoxdur. Bu dəfə də dövlət rüsumlarını qaldırmaqla gələn il ərzində xalqdan 363 milyon manat qoparacaqlar. Əvvəlcədən nəzərdə tutulurdu ki, dövlət rüsumu kimi gələn il xalqdan 170 milyon manat toplansın. Sonra fikirləşdilər xalqın pulu çoxdur, pasport, sürücülük vəsiqəsi almaqdan nikah şəhadətnaməsi almağa qədər 226 adda xidmətin rüsum haqqını 193 milyon manatlıq da qaldırdılar. Bunun hələ cərimələri var, aksizləri də var…
Bilmirəm gülməlidir, yoxsa ağlamalı, ancaq faktdır ki, cərimə və rüsumlar dövlət büdcəsində ən böyük qeyri-neft gəlirinə çevrilib.
Xalqa bu saymazyana, insafsız münasibət biz hamımız – siyasətə qarışan da, qarışmayan da, müxalifətə rəğbəti olan da, olmayan da öz haqqımızı tələb etməyi öyrənənə qədər davam edəcək.
“Tədbirli” hakimiyyət qiymət artımları ilə paralel olaraq siyasi fəalların həbslərini də artırır. İkinci Qarabağ savaşının ildönümündə İlham Əliyev ölkəni tam olaraq savaşdan öncəki vəziyyətə qaytarıb. Savaşdan əvvəl ölkənin gündəmi korrupsiya və repressiya idi. İndi də gündəm qayıdıb oldu korrupsiya və repressiya, bonus olaraq da qiymətlərin, dövlət rüsumlarının, vergilərin artırılması.