Əli Kərimli
AXCP sədri
Azərbaycanda deputatların həyatı sığorta olunur. Başa düşüləndir. Ancaq başa düşülməyən odur ki, Milli Məclis torpağı canı bahasına azad etmiş, Vətən müharibəsində şəhid, qazi olmuş hərbçilərin həyatını deputatın həyatından 10 dəfə ucuz qiymətləndirir. Milli Məclis deputatının statusu barədə qanunla müəyyənləşən hesablama qaydasına görə, deputatın həyatı 103 min 920 manat həcmində sığorta olunur. Hərbi qulluqçuların həyatı isə cəmi 11 min manat məbləğində sığorta edilir.
Əlil olduqda və xəsarət aldıqda deputata da sığorta pulu verilir, hərbçiyə də. Ancaq siz rəqəmlər arasındakı fərqə baxın. Deputatın birinci qrup əlillik üçün sığorta pulu 83 min 136 manat olduğu halda hərbçi üçün bu rəqəm 8 min 800 manatdır.
Deputatın ikinci qrup əlilliyə görə sığortası 62 min 352 manat, hərbçi üçün bu rəqəm 6 min 600 manatdır.
Deputat üçün üçüncü qrup əlilliyin sığortası 41 min 568 manat olduğu halda hərbçi üçün sığorta məbləği 4 min 400 manatdır.
Milli Məclisin qəbul etməyə hazırlaşdığı qanun yeniliyinə görə, deputat əlillik dərəcəsi müəyyən edilmədən az ağır xəsarət aldıqda ona şəhid hərbçinin ailəsinə düşən sığorta puluna yaxın – 10 min 392 manat sığorta pulu veriləcək.
Əlillik dərəcəsi müəyyən edilmədən ağır və yüngül xəsarət alan deputatlar isə uyğun olaraq 20 min 784 manat və 5 min 196 manat sığorta pulu alacaqlar.
Hərbçilər isə xidmətdə ağır yaralandıqları halda 2 min 750 manat, yüngül xəsarət aldıqda 550 manat sığorta pulu əldə edir.
Bütün rəqəmləri ümumiləşdirdikdə belə çıxır ki, deputatlar öz həyatlarını və sağlamlıqlarını hərbçilərin, o cümlədən peşəkar hərbçilərin həyat və sağlamlığından təqribən 10 dəfə yüksək qiymətə sığorta ediblər. Başqa cür də demək olar. İlham Əliyevin siyahı ilə təyin etdiyi, xalqın bölgələrdən qovduğu deputatlar canı və qanı bahasına bu millətə hərbi zəfər qazandırmış hərbçilərin həyatı və sağlamlığını öz həyat və sağlamlıqlarından 10 dəfə əhəmiyyətsiz, ucuz qiymətləndirirlər…