Bu gündən Rusiyanın paytaxtı Moskvada “koronavirus tətili” – qeyri-iş günləri başlayıb. Səbəb koronavirus infeksiyası ilə bağlı epidemioloji vəziyyətin ağırlaşmasıdır.
Ölkədə koronavirusa yoluxma hallarını azaltmaq və rekord həddə çatan ölüm hallarının qarşısını almaq üçün qeyri-iş günləri elan olunması haqda qərarı prezident Vladimir Putin oktyabrın 20-də qəbul edib. Dövlət başçısının sərəncamına əsasən, oktyabrın 30-dan noyabrın 7-dək bütün ölkədə qeyri-iş günü elan olunub.
Bəzi regionlarda “koronavirus tətili” oktyabrın 25-dən başlayıb. Paytaxt Moskvada isə bu proses oktyabrın 28-dən start götürüb.
Beləliklə, hazırda 12 milyon nəfər əhalisi olan Moskvada xüsusi icazəsi olanlardan başqa hamı “koronavirus tətili”ndədir.
Novator.az saytı “The Moscow Times” qəzetinə istinadla qeyri-iş günlərində qüvvəyə minən məhdudiyyətlərin detallarına nəzər salıb.
Əmək Məcəlləsində olmayan qeyri-iş günü
“Koronavirus tətili” haqda qərarda ikinci dərəcəli işçilər üçün ödənişli məzuniyyət nəzərdə tutulub.
Qərara əsasən, apteklər və zəruri malların satıldığı obyektlər istisna olmaqla, bütün qeyri-ərzaq mağazaları bağlanır.
Rəsmi bayramlardan və həftə sonlarından fərqli olaraq hazırkı qeyri-iş günləri Rusiya Federasiyasının Əmək Məcəlləsində əksini tapmayıb.
Hökumət Əmək Məcəlləsində olmayan bu cür tətildən ilk dəfə ötən ilin yazında COVİD-19 pandemiyasının güclənən dalğasını səngitmək üçün istifadə edib.
Kimlərə işləməməyə icazə verilir?
Rusiya paytaxtında fəaliyyətinə ciddi zərurət olmayan müəssisələrin bütün işçiləri oktyabrın 28-dən noyabrın 7-dək məzuniyyətə buraxılıb.
Özəl müəssisələrə bu müddətdə işçiləri ödənişli məzuniyyətə buraxmaq, yoxsa onların məsafədən çalışmasını təmin etmək məsələsində sərbəstlik verilib. Yəni özəl müəssisələr bu iki üsuldan birini seçə, bu istiqamətdə fərdi qaydada qərar çıxara bilər. Özəl müəssisələrin əksərinin əməkdaşların evdən işləməsi variantına üstünlük verəcəyi proqnozlaşdırılıb.
Məhdudiyyətlər onlayn alış-veriş və çatdırmalara şamil olunmur. Dövlət xidmətləri onlayn rejimə keçib, ənənəvi üsulda dövlət xidmətləri isə dayandırılıb.
Bəs tələbələr?
Bağça uşaqları və ibtidai sinif şagirdləri tətilə buraxılıb, dərsdən sonrakı məşğələlər, habelə idman məşqləri dayandırılıb.
Valideynləri və ya qəyyumları ilə evdə qala bilməyən məktəbəqədər uşaqlar günlərini şəhər uşaq bağçalarında keçirə bilərlər.
Noyabrın 7-dək məktəb, kollec və universitetlərdə təhsil yalnız distant qaydada olacaq.
Bəs restoranlar?
Restoranlar və kafelər ancaq çatdırma və yerində xidmət şərtləri əsasında çalışa bilər.
Ofis və iş yerlərində yeməkxanalar, habelə otel restoranları məhdud girişlə fəaliyyət göstərə bilər.
Prezident Vladimir Putin oktyabrın 20-də imzaladağı sərəncamda region rəhbərlərinə restoranların, gecə klublarının və digər əyləncə məkanlarının fəaliyyətinə axşam saat 23-dən səhər saat 6-dək yasaq qoymağı tapşırıb.
Bəs maska taxmaq?
İctimai məkanlarda, o cümlədən ictimai nəqliyyatda, taksilərdə maska taxmaq tələbi qüvvədə qalır.
Supermarketlərdə, restoranlarda və digər bu kimi ictimai məkanlarda məhdudiyyətlərə riayət olunmasına nəzarət həm də müşahidə kameraları vasitəsilə həyata keçirilir.
Qaydaları pozanları metroda 5000 rubl (71 dollar), mağazalarda 4000 rubl (57 dollar) məbləğində cərimə gözləyir.
Teatrlara və muzeylərə necə getmək olar?
Teatr və muzeylər maska geyinmiş və QR kodu olan ziyarətçilər üçün 50 faizlik tamaşaçı limiti ilə fəaliyyət göstərir.
QR kodu ya son altı aydakı peyvəndləməni, ya PZR testinin ən son neqativ nəticəsini, ya da antitel haqda testin məqbul nəticəsini təsdiqləməlidir. Yalnız bu cür tamaşaçıların teatr və muzeylərə girişinə icazə verilir.
Səhiyyə rəsmilərinin icazə verdiyi tədbirlər istisna olmaqla, bütün kütləvi tədbirlər qadağandır.
QR kodu ilə bağlı tələb teatr və muzeylər kimi digər oxşar ictimai məkanlarda da qüvvədədir.
Gəzintiyə çıxmaq olarmı?
Bəli. Qeyri-iş günləri haqda qərar açıq havada gəzintini yasaqlamır.
“Koronavirus tətili”ndən sonra hansı məhdudiyyətlər qalacaq?
“Koronavirus tətili”ndən sonra teatr və muzeylərə, habelə 500 nəfər və daha çox insanın toplaşdığı konsertlərə, əyləncə mərkəzlərinə, mədəniyyət və idman tədbirlərinə daxil olmaq üçün yenə QR kodu və maska taxılması tələbi qüvvədə qalacaq. Belə tədbirlərə giriş limiti 70 faiz həddində olacaq.
Mənbə: Themoscowtimes.com