Məhkəmə-Hüquq Şurasının 26 oktyabr iclasından rəsmi məlumat yayılıb. Xəbərə görə, iclasda 2021-ci ildə 117 hakimin fəaliyyətinin qiymətləndirildiyi, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq onlara işdə dönüş yaratmaları üçün 6 ay vaxt qoyulduğu, 3 nəfərin səlahiyyətlərinə xitam verildiyi bildirilib.
Şura birinci instansiya və apellyasiya məhkəmələrinin 5 hakiminin intizam məsuliyyəti məsələsinə baxıb, bir sıra hakimlər barədə intizam icraatlarına başlayıb.
2005-ci ildə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır. Ədliyyə naziri və Ali Məhkəmənin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilirlər.
Qalan üzvlərin müəyyənləşmə mexanizmi belədir: prezidentin təyin etdiyi şəxs; Milli Məclisin təyin etdiyi şəxs; Konstitusiya Məhkəməsinin təyin etdiyi hakim; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Ali Məhkəmənin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi; hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi; Ədliyyə Nazirliyinin təyin etdiyi şəxs; Vəkillər Kollegiyasının Rəyasət Heyətinin təyin etdiyi vəkil; Baş Prokurorluğun təyin etdiyi şəxs.
Məhkəmə-Hüquq Şurası üzvlərinin səlahiyyət müddəti beş ildir.
Sədr Məhkəmə-Hüquq Şurası üzvlərinin sadə səs çoxluğu ilə seçilir. Onun səlahiyyət müddəti beş ildir. Yarandığı gündən Məhkəmə-Hüquq Şurasına ədliyyə naziri Fikrət Məmmədov sədrlik edir.