Fransanın “Les Echos” nəşrinin Moskva müxbiri Benjamin Kenel Rusiyada COVİD-19 pandemiyası fonunda demoqrafik vəziyyəti şərh edib.
Novator.az saytının məlumatına görə, Benjamin Kenel yazır ki, Rusiyada əsl demoqrafik kabus dolaşır: “Dünyanın ərazicə ən nəhəng ölkəsi dinc dövrdə ən ciddi demoqrafik problemlərini yaşayır. Rusiyalı müstəqil ekspert, demoqraf Aleksey Rakşa ölkədə ölüm və doğum göstəriciləri əsasında əhali sayı haqqında yeni məlumat yayıb. Onun hesablamasına görə, 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına qədər Rusiya əhalisinin sayı 997 min nəfər azalıb. Bu, 2019-cu illə müqayisədə 11 dəfə daha artıq azalma deməkdir. Doğum nisbəti dəyişmədiyindən azalmanın əsas səbəbi ölümlərin sayının çoxalmasıdır”.
Məqalədə xatırladılır ki, Rusiya prezidenti Vladimir Putin öz çıxışlarında demoqrafik böhranın tarixi problem olduğunu dəfələrlə vurğulayıb: “Rəqəmlər bunun birbaşa sübutudur: hökumətin proqnozuna görə, iki ildən sonra Rusiya əhalisinin sayı bir milyon nəfər – 535 min 500 nəfər bu il, 533 min 400 nəfər gələn il azalacaq və 2030-cu ilə qədər ölkədə demoqrafik artım müşahidə olunmayacaq”.
Müəllif vurğulayır ki, hökumətin 2019-cu ildə verdiyi bu proqnoz o vaxtdan Kremli narahat etməkdədir: “Həmin bədbin proqnoza görə, 2035-ci ilədək ölkə əhalisi 4 milyondan 12 milyon nəfərədək azala bilər.
145 milyon nəfərə yaxın əhalisi olan Rusiyada 2000-ci illərdə azalma baş verdi və əhalinin sayı 143 milyon nəfərə düşdü. Sonradan əhali sayında artımlar müşahidə olunsa da, Vladimir Putinin hakimiyyətinin ilk dövründəki, yəni 2000-ci ildəki demoqrafik durum bərpa olunmadı. Sovet dövrünün sonunda – 1991-ci ildə 149 milyon nəfər əhalisi olan Rusiya hazırda bu göstəricidən çox uzaqdadır”.
Benjamin Kenel yazır ki, SSRİ dağılandan bəri Rusiyada üç dəfə əhalinin siyahıyaalınması prosesi aparılıb: “Putin çox ağır demoqrafik mərhələyə qədəm qoyduqlarını bəyan edib. “Rusiyanın taleyi və tarixi perspektivi əhalimizin sayından asılıdır” deyən prezident demoqrafik uçurumdan qurtulmağa çağırıb.
Ancaq Kreml iddialıdır: hökumət 2024-cü ilə qədər doğum nisbətinin hər qadına düşən 1,5 uşaqdan 1,7 uşağa yüksələcəyinə ümid edir”.
Məqalədə bildirilir ki, əslində Rusiyada doğum sayı Avropadakı səviyyəyə yaxındır və problem doğumdan çox ölümlərin səbəbində, xüsusilə alkoqolizmdədir: “Rusiya hökumətinın 2003-2016-cı illər ərzində ölümün əsas səbəblərindən biri olan alkoqolizmlə mübarizə aparması əhali arasında spirtli içkilərdən istifadəni 43%-ə endirib. Hökumət buna spirtli içkilərin satışı və reklamı ilə bağlı məhdudiyyət tədbirləri həyata keçirməklə nail olub.
Kreml hamını inandırmağa çalışır ki, alkoqolizmin qarşısını almaqla insanların həyatını xilas etmək, ömrünü uzatmaq mümkündür.
Rusiya bu məsələdə Avropa səviyyəsinə çatmasa da, hər halda irəliləyiş əldə edə bilib: ölkədə 1990-cı illərin əvvəllərində orta ömür uzunluğu qadınlar arasında 71 il, kişilər arasında 57 il idi. İndi orta ömür uzunluğu qadınlarda 78 il, kişilərdə 68 ildir. Bu, Rusiyanın məyusedici demoqrafik mənzərəsində ürəkaçan nadir məqamlardandır”.
Mənbə: Lesechos.fr