Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası
Ölkədəki sosial problemlərin, yoxsulluğun səbəbi iqtisadiyyatda deyil. İqtisadi addımların effekt verməməsi idarəetmə sistemindəki problemlərdən doğur. Azərbaycanın ən böyük problemi sistemin işlək olmamasıdır. Söhbət tək məmurlardan getmir, qaydalar zaydır. Nəinki qüvvələr ayrımı prinsipi, hətta normal səlahiyyət və məsuliyyət bölgüsü yoxdur – bunun fəsadlarını yaşayırıq.
Bizə yeni konstitusiya lazımdır: prezident dövlət başçısı olur; parlament partiya siyahıları üzrə (proporsional qaydada) seçilir; hökumət parlamentdən çıxır, baş naziri parlament seçir, nazirləri baş nazir təqdim edir (güc strukturları rəhbərləri və xarici işlər nazirindən başqa – onları prezident birbaşa təyin edir, amma həmin postların sahibləri də parlament qarşısında hesabatlı olur).
Məhkəmə hakimiyyətinin formalaşması prinsipi dəyişir: hakimlərin üçdə birini prezident, üçdə birini parlament təyin edir, üçdə birini isə hüquq cəmiyyəti özü seçir.
Yerli özünüidarə institutları gücləndirilir: icra başçısı vəzifəsi ləğv edilir, mer seçkiləri təsis edilir.
Ölkənin inzibati-ərazi bölgüsü dəyişdirilir: 14 iqtisadi rayon əsasında inzibati-ərazi vahidləri yaradılır, hər birində prezidentin səlahiyyətli nümayəndəsi olur, amma şəhər, qəsəbə və kəndlərdə bələdiyyə başqanları seçilir.
Yeni konstitusiya ölkədə sağlam təməllərin yaranmasına və hüquqi rifah dövlətinə yumşaq keçidə əsas yaradacaq. İqtisadiyyatı başqa cür düzəltmək, sosial problemləri həll etmək, yoxsulluğa qalib gəlmək mümkün deyil…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər