Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.
Novator.az bildirir ki, 1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannaməyə səs verib, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib. Oktyabrın 18-də parlamentdə dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul olunub, dekabrın 29-da həmin sənəd ümumxalq səsverməsi ilə təsdiqlənib.
“Müstəqillik Günü haqqında” yeni qanunla Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü sayılır.
30 ildə Azərbaycanı 4 prezident idarə edib: Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev, İlham Əliyev (indiki prezident).
8 nəfər parlament sədri postunu tutub: Elmira Qafarova, Yaqub Məmmədov (prezident səlahiyyətlərini də icra edib), İsa Qəmbər (bir müddət prezident səlahiyyətlərini də icra edib), Heydər Əliyev (bir müddət prezident səlahiyyətlərini də icra edib), Rəsul Quliyev, Murtuz Ələsgərov, Oqtay Əsədov, Sahibə Qafarova (indiki sədr).
Baş nazir postunda 11 şəxs əyləşib: Həsən Həsənov, Feyruz Mustafayev (baş nazir əvəzi), Rəhim Hüseynov, Əli Məsimli (baş nazir əvəzi), Pənah Hüseyn, Surət Hüseynov, Fuad Quliyev, İlham Əliyev, Artur Rasizadə, Novruz Məmmədov, Əli Əsədov (indiki baş nazir).
Azərbaycan ərazilərinin bir hissəsi təcavüzə məruz qalıb. 1988-ci ildən Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayan ermənilər 1991-ci il sentyabrın 2-də ərazini “müstəqil dövlət” elan edib, bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi şəhəri, Şuşa rayonunun 1 qəsəbəsi, 36 kəndi, Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi, 45 kəndi, Xocalı şəhəri, rayonun 1 qəsəbəsi, 44 kəndi, Ağdərə şəhəri və keçmiş Ağdərə rayonunun 35 kəndi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Sədərək rayonunun Kərki kəndi 1990-cı ildə zəbt olunub. Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ildən, Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri 1992-ci ildən işğaldadır.
Tarixə nəzər salanda Azərbaycanın müstəqilliyə gedən yolunda ilk rəsmi sənəd 23 sentyabr 1989-cu ilə təsadüf edir. Həmin gün Azərbaycan Ali Soveti respublikanın suverenliyi haqqında konstitusiya qanununa səs verib.
İkinci sənəd kimi 1991-ci il martın 7-si parlamentdə “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərarı göstərmək olar. Həmin gün 43 deputat 17 mart referendumuna qatılmağın əleyhinə çıxıb.
Onların 22-si sağdır: Arif Hacılı, Cümşüd Nuriyev, Etibar Məmmədov, Fərəc Quliyev, Firudin Cəlilov, Füzuli Axundov, Hacıbaba Əzimov, İxtiyar Şirin, İsa Qəmbər, Maşallah Abdullayev, Mətləb Mütəllimov, Mirmahmud Mirəlioğlu, Nəriman Həsənzadə, Ramiz Fətəliyev, Rəhim Qazıyev, Tahir Əliyev, Tahir Kərimli, Tamerlan Qarayev, Sabir Rüstəmxanlı, Sülhəddin Əkbər, Vahid Əhmədov, Vaqif Novruzov.
İstiqlalçı deputatlardan Allahverdi Həsənov, Aydın Məmmədov, Bayram Bayramov, Dilarə Əliyeva, Eldar Bağırov, Ədalət Rəhimov, Əyyam Musayev, Faiq Baxşəliyev, Heydər Əliyev, Hicran Kərimli, İbrahim İbrahimli, İsgəndər Həmidov, İsmayıl Şıxlı, Məmməd Xələfov, Məryəm Həsənova, Mürşüd Məmmədli, Tofiq Bağırov, Tofiq Qasımov, Şadman Hüseynov, Şahmərdan Cəfərov, Yusif Səmədoğlu dünyasını dəyişib.