Yazının əvvəli: 1 2
…Azad İsazadə, Yusif Ağayev, Zahid Cəfərov, Camal Hacıyev, Vüqar Qarayev, Rafiq Əsədov Bakıda – psixoloq kabinetində toplaşıb Hacı Əsədovu yada salırlar. Söhbətin gedişində bir cəhəti də qeyd eləyirlər: Hacı Əsədov mütaliəyə çox bağlı adam olub.
Rafiq Əsədov: “Həmişə oxuyardı, öz üzərində işləyərdi”.
Yusif Ağayev: “O dövrdə hərdən tam savadsız əsgərlərə rast gəlmək olurdu. Yəni üzündən oxuya bilməyən əsgərlər vardı. Bəzisi uşaq vaxtından evi saxlamağa, mala-qoyuna getməyə məcbur olmuşdu, ona görə təhsildən tam uzaq düşmüşdü. Hacı 776-nın komandiri olanda hərbi hissədə belə əsgərlər üçün məktəb açmışdı. Əsgərlər orda yazıb-oxumağı öyrənirdilər. Bundan başqa Hacı hərbi hissəyə idman ustalarını çağırırdı ki, xüsusi təyinatlılara əlbəyaxa döyüş qaydalarını öyrətsinlər. Nazirliyin təşəbbüsü deyildi bunlar, Hacının öz təşəbbüsü, öz təşkilatçılığıyla görülən işlər idi”.
Hacı Əsədovun təhsilə verdiyi qiymətə sovet dövründən də misal var. Onun Uzaq Şərq Hərbi Dairəsində vzvod komandiri olduğu vaxt hərbi hissədə Babaconov soyadlı bir tacik əsgər xidmət eləyirmiş. Rusca bir kəlmə də bilmirmiş. Hərbi hissədə hamı ondan əlini üzübmüş, deyirmişlər qoy 2 ilini – xidmət müddətini birtəhər yola verib getsin. Amma Hacı Əsədov ayrı fikrə düşür. Rusca bilən bir başqa tacik əsgərin köməyi ilə Babaconova hərbi texnikayla davranmağın qaydalarını öyrətməyə başlayır. Nəticədə Babaconov PDM sürən əsgərə – mexanik-sürücüyə çevrilir. Hərbi hissənin rəhbərliyi qarşısında uğurla imtahan da verir. Babaconov imtahanı əla qiymətlə başa vurandan sonra Uzaq Şərq Hərbi Dairəsinin qəzetində bu barədə yazı dərc olunur. Yazıda Hacı Əsədov çox təriflənir.
Qayıdaq çağdaş dövrümüzə.
2004-cü ildə Müdafiə Nazirliyi xüsusi təyinatlı hərbi hissələri ləğv eləyib bir briqadada – 052 saylı Yaşma briqadasında cəmləşdirir. 776 saylı hərbi hissənin də şəxsi heyəti briqadanın tabeliyinə keçir. Bundan sonra Hacı Əsədov “Şəmkir korpusu” kimi tanınan ordu korpusunun əməliyyat idarəsinə rəis müavini göndərilir. 2008-ci iləcən burda xidmət eləyir. Dostları deyir Qazaxdan tutmuş Murovdağa qədər elə yüksəklik yox idi ki, Hacı orda olmasın, gedib əsgərlərə, komandirlərə baş çəkməsin. Azərbaycanın öz istehsalı olan irikalibrli “İstiqlal” snayper tüfənginin ilk təcrübələrindən biri də burda – Şəmkir korpusunda reallaşır: “İstiqlal” düşmən texnikasını vurub aşırır. Bu uğurda korpusun əməliyyat idarəsinin rəis müavini Hacı Əsədovun xüsusi rolu olur.
43 yaş nədi ki… Amma Hacı Əsədovun Cəmşid Naxçıvanski adına Hərbi Məktəbdə oxumağa başladığı vaxtdan hesablasaq, bu həm də 27 illik hərb həyatı deməkdi. Yaşının 43-cü, hərbçi ömrünün 27-ci ilində – 2008-ci ildə polkovnik-leytenant Hacı Əsədov təqaüdə göndərilir.
Həmin il o, Şəmkirdən Bakıya qayıdıb Biləcəridə yenicə tikdirdiyi evdə ailəsi ilə birgə yaşamağa başlayır.
Qardaşı Rafiq deyir: “Bir müddət işsiz qaldı. Cavan adam, özü də daim hərəkətdə olan adam – işsizlik ona pis təsir eləyirdi. Bir az idmançı görkəmini itirməsinə – azca kökəlməsinə də dilxor olurdu. Sonra Bakıda “Kroon Oil” şirkətində işə düzəldi. Həm işdən qorxan adam deyildi, həm də daim ailəsini necə saxlamışdısa yenə o cür saxlayırdı – halal zəhmətiylə. Hacı üç qız, bir oğul atasıdı. Həyat yoldaşı pedaqoqdu, Uşaq Psixonevroloji Mərkəzində işləyir. Ömrü boyu əl-ələ verib övladlarını halal zəhmətlə böyüdüblər. Dörd övladlarının dördünə də ali təhsil veriblər. Uşaqları daim atalarıyla qürur duyublar. İndi də belədi. Həmişə Hacıdan, onun sevgisindən, qayğısından fəxrlə söz açırlar”.
2020-ci ildə Hacı Əsədov özünə avtomobil alır. Avtomobilin alınmasında övladları da ona kömək eləyirlər. Bir gün həyat yoldaşını da götürüb bu avtomobillə Türkiyədə təhsil alan övladlarına baş çəkmək onun şirin arzularından birinə çevrilir.
Hacı Əsədov Türkiyəyə gedir, amma başqa səbəbdən. Onda xərçəng xəstəliyi aşkarlanır. Türkiyəyə əməliyyata yollanan Hacı elə öz övladlarının yanında müalicə almağa başlayır. Ailəsi daim yanında olur, onun qayğısını çəkir, ona dayaq durur.
Hacı Əsədov Türkiyəyə gedəndə 2020-ci ilin avqust ayı idi. Biz yada salaq sentyabrı və ondan sonrakı ayları.
Sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında yenidən müharibə başlanır. Bu müharibə tarixə Vətən müharibəsi adıyla düşür. Hərbi əməliyyatların ilk günü – sentyabrın 27-si Füzuli rayonunun 4, Cəbrayıl rayonunun 2 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər azad olunur.
Oktyabrın 3-ü keçmiş Ağdərə rayonunun 2, Cəbrayılın 5, Füzulinin 1 kəndi azad olunur.
Oktyabrın 4-ü Cəbrayıl şəhəri və rayonun 9 kəndi azad olunur.
Oktyabrın 5-i Cəbrayılın 3 kəndi, oktyabrın 9-u Xocavənd rayonunun Hadrut qəsəbəsi və 1 kəndi, Cəbrayılın 4, Füzulinin 2, keçmiş Ağdərə rayonunun 1 kəndi, oktyabrın 14-ü Füzulinin 3, Xocavəndin 5 kəndi, oktyabrın 15-i Xocavəndin 4, Füzulinin 1, Cəbrayılın 1 kəndi, oktyabrın 16-sı Xocavəndin 3 kəndi, oktyabrın 17-si Füzulinin 7 kəndi və Füzuli şəhəri azad olunur.
Oktyabrın 18-i qədim Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırılır.
Oktyabrın 19-u Cəbrayılın 13 kəndi, oktyabrın 20-si Zəngilan rayonunun 6 kəndi və Zəngilan şəhəri, Füzulinin 6, Cəbrayılın 7, Xocavəndin 5 kəndi, oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi, Cəbrayılın 5, Füzulinin 3 kəndi azad olunur.
Oktyabrın 22-si Zəngilanın 13 kəndi və Ağbənd qəsəbəsi, Cəbrayılın 4, Füzulinin 3 kəndi, oktyabrın 23-ü Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2, Qubadlı rayonunun 4 kəndi, oktyabrın 25-26-sı Zəngilanın 4, Cəbrayılın 6, Qubadlının 7 kəndi və Qubadlı şəhəri azad olunur.
Oktyabrın 28-i Zəngilanın 4, Füzulinin 1, Cəbrayılın 5, Qubadlının 3 kəndi, oktyabrın 30-u Cəbrayılın 4, Zəngilanın 2, Qubadlının 3 kəndi, noyabrın 2-si Cəbrayılın 3, Zəngilanın 2, Qubadlının 3 kəndi, noyabrın 4-ü Cəbrayılın 2, Zəngilanın 2, Qubadlının 3 kəndi, noyabrın 7-si Füzulinin 6, Cəbrayılın 2, Qubadlının 3, Zəngilanın 1, Xocavəndin 2, Xocalı rayonunun 2 kəndi azad olunur.
Noyabrın 8-i Şuşa şəhəri azad olunur.
Noyabrın 9-u Füzulinin 17, Xocalının 6, Şuşa rayonunun 1, Xocavəndin 13, Cəbrayılın 11, Qubadlının 15 kəndi, Zəngilanın 5 kəndi və Bartaz qəsəbəsi, Laçın rayonunun 3 kəndi azadlığa qovuşur.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayırlar. Hərbi əməliyyatlar dayandırılır. Bəyanata uyğun olaraq Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmaq öhdəliyi götürür. Noyabrın 20-də Ağdam şəhəri və rayonun işğal altında qalan kəndlərinin hamısı, noyabrın 25-də bütün Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonunun böyük hissəsi Azərbaycana qaytarılır.
Laçın şəhəri və rayonun 6 kəndi üçtərəfli bəyanat əsasında Azərbaycana gətirilən Rusiya qoşununun nəzarətinə verilir. Rus qoşunu bura təkbaşına, işğalda qalan başqa ərazilərə (Xankəndi şəhəri, Şuşa rayonunun 1 qəsəbəsi və 36 kəndi, Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi və 45 kəndi, Xocalı şəhəri, rayonun 1 qəsəbəsi və 44 kəndi, Ağdərə şəhəri və keçmiş Ağdərə rayonunun 35 kəndi) isə separatçı erməni qoşunuyla birgə nəzarət eləməyə başlayır.
2020-ci ilin Vətən müharibəsində Azərbaycan 3 min nəfərə yaxın şəhid verir. İki aydan bir az çox müddətdə – əvvəlcə hərbi əməliyyatlar, sonra üçtərəfli bəyanat nəticəsində Azərbaycan 30 ilə yaxın işğal altında saxlanan torpaqlarının böyük hissəsini azad eləyir.
Təqaüddə olan polkovnik-leytenant Hacı Əsədov bütün bu hadisələri xəstə yatağında izləyir. Deyir kaş mən də orda olaydım. Deyir cərrahiyyə əməliyyatı olmasaydı, könüllü gedəcəkdim müharibəyə. Müharibəyə könüllü yazılanların arasında vaxtilə onunla birgə xidmət eləmiş neçə-neçə hərbçi, köhnə döyüşçülər də var.
44 gündə misilsiz fədakarlıqlar göstərən neçə-neçə xüsusi təyinatlını Hacı Əsədov şəxsən tanıyır. Başda xüsusi təyinatlılar olmaqla döyüşçülərimizin Şuşanı dağlara dırmana-dırmana azad elədiyini eşidəndə Hacı Əsədov deyir bizimkilər əməliyyat üçün ən düzgün metodu seçiblər, “sızma əməliyyatı”, “sızma metodu” Şuşanı azad eləməyin ən yaxşı yoludu. O özü illərlə Şamaxı dağlarında tabeliyində olan xüsusi təyinatlılarla və başqa xüsusi təyinatlı hərbi hissələrlə birgə dağ döyüşlərinə hazırlıq təlimləri keçib. Əslində o təlimlər həm də Şuşa döyüşlərinə bir hazırlıq olub. Dostları deyir Şamaxının təlim keçirilən kəndində Hacını indi də xatırlayırlar. Deyirlər o yerlərdə Hacı kənd camaatıyla o qədər mehriban davranırmış, camaata elə qaynayıb-qarışıbmış ki, onun başına and içirmişlər. Şəhərdə doğulub böyümüş Hacı Əsədovun öz əsli-kökü də dağlara gedib çıxır. O, əslən Xızıdandı, necə deyərlər, dağlı balasıdı.
Dostları deyir Hacı Füzulidə döyüşəndə də yerli camaata hədsiz doğmalaşıbmış, özünü yerlilərdən ayırmırmış. Hacı Əsədov Füzulidən olan döyüşçü dostu, Füzulinin işğal olunması nəticəsində köçkün düşüb Bakıda məskunlaşmış Zahid Cəfərova tez-tez belə deyirmiş: Sən tərəkəmə şəhərli oldun, mən şəhərli tərəkəmə.
Yada salaq Hacı Əsədovu.
Qardaşı Rafiq deyir atam-anam onu vətənçün yaratmışdı, iliyinəcən hərbçi idi, sənətini balaları qədər sevirdi.
2021-ci ilin may ayının 22-də Hacı Əsədov ailəsiylə birgə Türkiyədən Azərbaycana qayıdır. Bakının beynəlxalq hava limanında döyüş yoldaşları, vaxtilə onun tabeliyində xidmət eləmiş zabitlər, hava limanının işçiləri onu böyük hörmətlə, hərbi salam verərək qarşılayırlar.
Polkovnik-leytenant Hacı Əsədov öz evində, öz vətənində cəmi beş gün keçirə bilir. Mayın 27-də o öz evində fani dünyaya gözlərini yumur.
Mayın 28-i – Cümhuriyyətimizin 103-cü ildönümü Cümhuriyyət zabiti böyük bir izdihamın, doğmalarının, dostlarının, zabitlərinin, əsgərlərinin, qazilərin çiynində Biləcəri qəbiristanlığında torpağa tapşırılır. Dəfnə toplaşan zabitlərdən birinin dediyi “Bizim komandirimizə 28 May günü – Cümhuriyyət günü torpağa qovuşmaq yaraşardı” sözləri ürəklərə su çiləyir.
Xəstəlik Hacı Əsədova işğaldan azad olunmuş torpaqları, eləcə də Füzulinin azad olunmuş torpaqlarını görməyə imkan vermədi. Amma bu gün Hacı Əsədov həm də Füzuli torpağı altında uyuyur. Dostları Füzulidən torpaq gətirib onun məzarı üstünə səpiblər.
Unutmayaq Hacı Əsədovu.
Onu bir hərbçi, bir dost, bir qardaş kimi yada saldıq, qayğıkeş ailə başçısı – nümunəvi həyat yoldaşı, örnək ata kimi də yada salaq. Ailə üzvləri deyir o özündən başqa hamını düşünərdi, ailəsinin, uşaqlarının, qohum-əqrəbanın, dostlarının, əsgərlərinin, bir sözlə, hamının qeydinə qalardı. Xeyirdə-şərdə hamıdan qabağa düşərdi ki, adama belə gündə arxa-dayaq lazımdı.
Oğlu Əli Əsəd atasını belə xatırlayır: “O mənim həmişə yaşayan əfsanəm, qəhrəmanım olub. Baxmayaraq ki, heç vaxt bizə öz qəhrəmanlıqlarından danışmayıb. Soruşanda da deməzdi. Bizim bu barədə nəsə danışmağımıza da icazə verməzdi. Biz dörd övlad onu həmişə özümüzə örnək bilmişik. Bir addım atanda özümüzdən çox onu düşünmüşük, onun başını uca tutmaq istəmişik, onun fikri bizdən ötrü hər şeydən önəmli olub. Atam bir hərbçi kimi vətəni üçün, ailə başçısı kimi ailəsi üçün əlindən gələni eləyib. O bizə bir olmağı, dürüst olmağı, vətəni sevməyi, ən ali insani keyfiyyətləri aşılayıb. İş-gücə görə aramızda məsafə yaransa da, bu nə ona olan sevgimizə, nə də bizə verdiyi tərbiyəyə mane ola bilib. Atam bizdən savadlanmağımızı və əsl insan kimi formalaşmağımızı gözləyib. Dördümüzü də oxudub. Bu gün artıq ikimiz – iki bacım ali təhsillidi. Mən və bir bacım hələ ali təhsilimizi davam elətdiririk. Həmişə deyərdi oxuyub bitirin, qayıdın Vətənə, xeyriniz Vətənə dəysin. Adamların bir çoxu istər-istəməz çəkinərdi ondan, amma onun sərtliyinin arxasında təmiz qəlb, dünyaya sığmayacaq qədər mərhəmət yatırdı.
Hər kəsin beynində bir ideal modeli olur, həmişə ondan özünə örnək götürür. Mənim idealım atamdı. Həm bir Vətən oğlu, həm ata, həm də bir qardaş, dost kimi. Hərçənd deyərdi sən özün kiminsə idealı ol, özünü elə yetişdir ki, səni örnək götürsünlər. Xəbəri yox idi ki, bu dediklərini özü eləmiş Hacı Əsədov mənim idealıma çevrilib.
Bugünkü ayrılığı, boşluğu sözlə ifadə eləmək çətindi. Amma bu ayrılıq da əslində heç nəyə əngəl deyil, o yenə bizim ən sevimlimizdi. Biz onu yenə səngərdə, işdə bilirik, bir gün hamımızı yenə başına yığacağı günü gözləyirik və o günə kimi ona layiq olmağa, onun arzularını gerçəkləşdirməyə çalışacağıq. Həmişə ona bizdən ötrü elədiklərinə görə minnətdar olacağıq”.
Hacı Əsədovla Rəna Əsədova 32 il ömür-gün yoldaşı olublar. Rəna Əsədova bir qərinəlik ömür-gün yoldaşını belə xatırlayır: “Onu ilk gündə necə tanımışdımsa, son günə kimi elə qaldı. Mənim həm atam oldu, həm qardaşım, həm dostum, həm də yol yoldaşım.
O, çox gözəl ailə başçısı olub. Mənə dörd dəyərli övlad miras qoyub gedib. Mənə bu gün onun yetişdirdiyi həmin dörd övlad dayaq olur. Onları elə özü kimi yetişdirib. Onun kimi əzmli, onun kimi güclü, onun kimi gözütox, tərbiyəli, bir sözlə, o cür ataya layiq övladlar.
Onun gedişi bizdə böyük bir boşluq yaradıb, təsəllimi dörd balamızda tapıram. Bir də nəvələrimizdə. O həm də gözəl baba olub. İlk göz ağrısı Dənizi elə öz qızı kimi böyüdüb. Hamı bir qırağa, Dənizi bir qırağa. Dənizin də, sonrakı nəvəmiz Adəmin də adını özü qoyub. Nəvələrini də balaları kimi sevib böyüdürdü. Bu gün mən onlarla təskinlik tapıram. Çox xoşbəxtəm ki, onun kimi bir insanı tanımışam. Hər ata övladına belə başucalığı, belə qürurlu, fəxrli miras qoyub getmir.
2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı biz Türkiyədə idik. O, müharibənin hər günündə elə bil özü də döyüşürdü. İlk sözü bu oldu ki, doktor, məni tez sağalt, bizdə müharibə başlayıb. Torpaqlarımız işğaldan azad olunduqca, ordumuz irəlilədikcə hər qələbə xəbərinə hədsiz sevinirdi. Hətta neçə gün qabaqcadan deyirdi ki, filan yer alınıbsa, deməli, filan yerlər də alınıb. Bir azdan doğrudan da o yerlərin azad olunduğu xəbəri gəlirdi.
Xəritəni çox yaxşı bilirdi, sanki o xəritə boyu qarış-qarış özü vuruşurdu. Onun dostları, vaxtilə tabeliyində olmuş zabitlər də müharibəyə yollanmışdılar. Bir yandan narahat olurdu, bir yandan da fəxr eləyirdi. Həmin zabitlərdən biri şəhid oldu, Hacını dərd götürmüşdü ki, beş uşağı var. Gecə-gündüz, anbaan izləyirdi müharibə xəbərlərini. Zəfər Günümüzü xüsusi qeyd elədi. Kürəkəni Azərə dedi ki, get mənə böyük bayraq al. Bayrağı eyvandan asdırdı, şəklini çəkdik, göndərdi dostlarına ki, mən də Zəfər Gününü burda qeyd eləyirəm.
Noyabrın 9-da işğaldan azad olunan kəndlərimizdən biri də Füzuli rayonunun Qovşatlı kəndidi. Çox istəyirdi döyüş yoldaşlarıyla birgə o kəndə getsin. Dostları da onun gəlişini gözləyirdilər ki, birlikdə ora getsinlər. Qovşatlıda özünə ev tikməyi də arzulayırdı.
Bu müddət ərzində bizə maddi, mənəvi dəstək verənlər çox oldu. Elə onun öz övladları atalarını heç vaxt tək qoymadılar, daim yanındaydılar. Dostları Azərbaycandan gəlib Türkiyədə ona baş çəkirdilər. Dostdan çox qardaş kimiydilər. Bu müddət ərzində “Kroon Oil” şirkətinin rəhbəri Kamal müəllim, mənim işlədiyim müəssisənin rəhbəri Kəmalə xanım maddi-mənəvi dəstəklərini bizdən heç vaxt əskik eləməyiblər”.
Polkovnik-leytenant Hacı Əsədov ordudakı fədakarlıqlarına görə 2003-cü ildə ölkə prezidentinin sərəncamıyla “İgidliyə görə” medalına layiq görülüb. Müdafiə nazirinin əmrlərinə əsasən iki medal alıb (“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal və Silahlı Qüvvələrin yubiley medalı). Silahlı Qüvvələrin Baş Qərargah rəisinin və Müdafiə Nazirliyində rəhbər vəzifələr tutan başqa generalların əmrləriylə fəxri fərmanlarla təltif olunub (“Komandir hazırlığında yüksək nailiyyətlərə görə”, “776 saylı hərbi hissənin 11-ci ildönümü münasibətilə döyüş hazırlığında əldə elədiyi nailiyyətlərə görə”, “Silahlı Qüvvələrin sıralarında xidmət elədiyi müddətdə göstərdiyi nümunəvi xidmətinə, davranışına, döyüş və ictimai-siyasi hazırlığında əldə elədiyi nailiyyətlərə görə”).
Bununla belə dostları ona sonrakı illərdə dövlət-hökumət səviyyəsində lazımınca qiymət verilməməsindən bir az gileylidilər. Hərçənd özü heç vaxt qədir-qiymət davası döyməyib. Heç vaxt təmənna ummayıb, çəkdiyi zəhməti Vətənə halal bilib, ondan ötrü çəkilən zəhmətlər də halalı olsun.
Yəqin özü sağ olsaydı, söhbət qədir-qiymət verməkdən düşsə, deyərdi qiymət qoyan da sağ olsun, qoymayan da, təki Vətən sağ olsun!
Olsun! Hacı Əsədov kimi bütün Vətən oğullarının dediyi olsun: Vətən sağ olsun!
Azər Qaraçənli