Hacı Əsədov dəfələrlə ağlagəlməz mövqelərdə kəşfiyyatçılar yerləşdirib. O illərdə onun əsas işlərindən biri elə bu olub. Bəzən gecələr mövqeləri yoxlayanda xoruldayan döyüşçüləri hirslə silkələyib yuxudan oyatmasını isə sonralar təbəssümlə yada salırmış.
Yada salaq Hacı Əsədovu.
Zahid Cəfərov: “Hacı kadr zabiti idi. Bunun çox böyük əhəmiyyəti vardı. Hacının 839 saylı hərbi hissədə komandir müavini olduğu günlərin birində xəbər gəlmişdi ki, bizimkilər Füzulinin Dilağarda kəndi yaxınlığındakı Peykanlı postundan hücuma keçəcəklər. Bizə – 839 saylı hərbi hissəyə zəng eləyib demişdilər ki, siz də ora gəlin. Hacı Əsədov uşaqları yığdı getdi, amma posta yaxınlaşanda öz peşəkar intiusiyasıyla anladı ki, məlumat doğru deyil. Onun sayıqlığı olmasa, bizimkilərin hamısı qırılardı”.
Vüqar Qarayev həmin vaxt Hacı Əsədovun yanında olub: “Peykanlı postuna yaxınlaşanda Hacı dedi avtomatları hazır tutun, nəsə burdan gözüm su içmir. Postda bir köhnə vaqon vardı. Ordan bizə atəş açmağa başladılar. Sən demə, ermənilərdəymiş post. Hacı, mən və Etibar cavab atəşi açmağa başladıq. Bizə düzgün məlumat verməmişdilər. Amma Hacının qoçaqlığı sayəsində orda itki vermədik”.
Vüqar Qarayev deyir ki, o vaxt rabitə sistemi, ratsiya-filan hər yerdə yox idi: “Çox güman, zəng eləyib bizə postdan hücuma keçiləcəyini deyənlər oranın ermənilərin əlində olduğunu bilmirmişlər”.
Camal Hacıyev: “Bizim özünümüdafiə batalyonu 839 saylı hərbi hissəyə çevriləndə, yəni özünümüdafiə dəstəsinin yerində nizamlı hərbi hissənin yaradılmasına başlananda vacib işlərdən biri də postların düzgün bölünməsi idi. Bu işdə Hacı Əsədovun çox böyük əməyi oldu. Postlar harda yerləşdirilməlidi, necə qurulmalıdı – bu cür mühüm məsələləri həll eləyən əsas adam Hacı Əsədov idi. Hətta o vaxt Hacı bizdəki köhnə telefonları da yığışdırdı. Dedi bunlar təhlükəsiz deyil, belə telefonlarla hərbi sirləri bölüşmək olmaz”.
Vüqar Qarayev: “Hacı Əsədov 839 saylı hərbi hissədə komandir müavini olanda döyüş üzrə müavin idi, döyüş planlarını o cızırdı”.
Yusif Ağayev 1992-ci ilin iyul ayında Tuğ kəndi istiqamətində şəhid olmuş əsgərlərimizin döyüş meydanında qalan meyitlərinin bir erməni girovuna dəyişdirilməsi hadisəsini yada salır.
Meyitlərin girova dəyişdirilməsi üçün plan cızılır. Planı 776 saylı hərbi hissənin komandiri Eldar Ağayev, o dövrdə 702 saylı hərbi hissənin kəşfiyyat rəisinin müavini vəzifəsində çalışan Hacı Əsədov və 839 saylı hərbi hissənin komandir müavini olan Yusif Ağayev birgə hazırlayırlar.
Ermənilər şərt qoyubmuşlar ki, silahsız gəlməlisiz, yoxsa meyitləri götürməyə imkan verilməyəcək.
Gecə Hacı Əsədov deyir ki, meyitləri daşıyacaq hərbçilərimizin təhlükəsizliyi üçün təkcə kənardan snayperlər yerləşdirmək azdı, ərazidə gizlicə mövqe tutmaq da gərəkdi. Səhər bizimkilər meyitləri döyüş meydanından yığmağa başlayılar. Hacı Əsədovun kəşfiyyatçıları ermənilərin yaxınlığında maskalanıb gizləniblər. Qəfildən bir ilan sürünə-sürünə kəşfiyyatçılardan birinin üstünə gəlir. Kəşfiyyatçı məcbur olub ayağa qalxır. Bunu görüb yanındakı başqa kəşfiyyatçılar da ayağa dururlar. Ermənilər karıxıb qalırlar ki, bunlar hardan çıxdılar.
Yusif Ağayev: “O gün hava çox isti idi. Meyitlərin çıxarılması xeyli vaxt aparırdı. Erməni komandir özünə su gətirtdi. Əl-üzünü yuyanda kitelini çıxartdı, bu vaxt altdan bədəninə bağladığı tapançası göründü. Hacı qayıtdı ki, bayaqdan bizim orda gizli mövqe tutmağımıza gileylənirdin, etibar-etibar deyirdin, budu sənin etibarın, silahla gəlmisən. Erməni bilmədi nə cavab versin, mızıldana-mızıldana tapançasına bir don geyindirməyə çalışdı. Günün sonuna kimi girovu verib şəhidlərimizin meyitlərini ərazidən çıxardıq. Ciddi bir insident olmadı. Yəni atəş açılmadı”.
Bütün Azərbaycan – Azərbaycan xalqı, Azərbaycan döyüşçüləri kimi Hacı Əsədovun da taleyinə 1994-cü ilin mayı atəşkəs müqaviləsinin imzalandığı ay kimi düşür.
Yada salaq: Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının iclası keçirilir. İclasda Rusiya ortaya Qarabağda atəşkəs elan olunması üçün sənəd qoyur. Mayın 5-i Ermənistan parlamentinin sədri, Dağlıq Qarabağın erməni icmasının nümayəndəsi, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının sədri və katibi, Qırğızıstan Ali Sovetinin sədri, Rusiya vasitəçilik missiyasının rəhbəri Bişkekdə sənədi imzalayırlar. Azərbaycan parlamentinin sədri və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri sənədə mayın 8-i Bakıda qol çəkirlər. Bişkek protokolu adlanan bu sənədə əsaslanan Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı mayın 12-si Moskvada atəşkəs sazişi imzalayırlar…
Bu elə bir dövrdü ki, Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlardan dördü bütünlüklə, üçü qismən işğalı altındadı. Hacı Əsədov qismən işğal altında olan rayonların birində – Füzulidə hərbi hissə komandiridi. Qismən işğal altında olan o biri rayonlar Cəbrayıl və Ağdamdı. Çox cüzi hissəsini çıxmaqla bütünlüklə işğal altında olan Dağlıq Qarabağ bölgəsi Xankəndi şəhərindən, Şuşa, Xocalı, Xocavənd rayonlarından və keçmiş Ağdərə rayonundan ibarətdi. Bu bölgənin ətrafında tam işğal olunan rayonlar isə Laçın, Kəlbəcər, Qubadlı və Zəngilandı.
Atəşkəs müqaviləsi üzdə problemi sülh yoluyla, danışıqlarla həll eləmək vasitəsi, altda işğalın ömrünü uzatmaq üçün bir bəhanədi.
Dönək Hacı Əsədova.
O, Ermənistan-Azərbaycan müharibəsindən qabaq da azca qala müharibə iştirakçısına çevriləcəkdi. Sovet ordusunda – Uzaq Şərq Hərbi Dairəsində qulluq elədiyi vaxt baş leytenant Hacı Əsədov sovet qoşunlarının Əfqanıstandakı kontingentinə qoşulmağa hazırlaşırmış. Onun Əfqanıstana göndərilməsi üçün bütün sənədləşmə işləri aparılıbmış – viza, xarici pasport, hamısı hazır imiş. Ancaq 1988-1989-cu illərdə Sovet İttifaqının qoşunlarını Əfqanıstandan çıxarması Hacını yad dövlətin yad məmləkətdəki amansız müharibəsindən xilas elədi. Hərçənd özü buna xilas kimi baxmırmış, çünki Əfqanıstana getməyə könüllü yazılıbmış. Hacı Əsədov Əfqanıstana getsəydi nələr olacaqdı, bir Allah bilir. Sovet İttifaqının 10 il Əfqanıstanda apardığı müharibədə milyonlarla mülki adam, on minlərlə hərbçi həyatını itirib. O müharibədə 7500 azərbaycanlı iştirak eləyib, onların 208-i həlak olub, 7-si itkin düşüb…
Sovet hökuməti Əfqanıstan müharibəsinə hər zabiti göndərmirdi, seçmə zabitləri göndərirdi. Hacı Əsədovun Əfqanıstana getmək istəyinə müsbət cavab verilməsi onun o vaxtdan seçmə hərbçilərdən olduğunu göstərir.
Elə seçmə hərbçilərdən olduğuna görə 1994-cü ilin sonlarında, atəşkəs müqaviləsindən az sonra Azərbaycanın Müdafiə Nazirliyi Hacı Əsədovu bir neçə zabitlə birgə Türkiyəyə – xüsusi təyinatlı hərbçilərin hazırlandığı “Komando” kursuna göndərir. Hacı Əsədov 1 il Konya şəhərində akademik kursda təhsil alır, kursu əlaçı kimi bitirir. Konyadan ayrılanda, məzunların buraxılış tədbirində türkiyəli general kapitan Hacı Əsədovu öz yanında oturdur.
1995-ci ildə kursu bitirib Azərbaycana qayıdan Hacı Əsədov 776 saylı xüsusi təyinatlı hərbi hissənin qərargah rəisi təyin olunur. Ona mayor hərbi rütbəsi verilir. Bu hərbi hissənin komandiri sağlığında Milli Qəhrəman adına layiq görülmüş Eldar Ağayev idi.
O dövrdə orduda indiki kimi ayrıca Xüsusi Təyinatlı Qüvvələr, yəni belə bir hərbi vahid yox idi, yalnız ayrı-ayrı xüsusi təyinatlı hərbi hissələr vardı. Hacı Əsədovun qərargah rəisi olduğu xüsusi təyinatlı hissə Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsinin tabeliyində idi. Hərbi hissənin qərargahı Bakının Qaradağ rayonundakı Şubanı qəsəbəsində yerləşirdi.
Polkovnik Eldar Ağayev 1997-ci ildə Azərbaycan Texniki Universitetinə hərbi kafedra rəisi vəzifəsinə keçəndən sonra Hacı Əsədov 776 saylı hərbi hissənin komandiri olur. Az sonra polkovnik-leytenant hərbi rütbəsi alan Hacı Əsədov 2004-cü iləcən 776 saylı xüsusi təyinatlı hərbi hissəyə komandirlik eləyir.
Yada salaq Hacı Əsədovun bu hərbi hissənin komandiri olduğu illəri.
Azad İsazadə: “İnsana qiymət verəndə gərək dövrü, zamanı da gözünün qabağına gətirəsən. Hacı 1997-2004-cü illərdə elit bir hərbi hissənin komandiri olub. Gözünüzün qabağına gətirin o dövrü və bu xüsusiyyəti: o, bir dəfə də olsun hansısa əsgərdən, əsgər valideynindən bir manat rüşvət almayıb, ordunun malına-mülkünə, ərzağına, bir sözlə, komandir kimi sərəncamında olan imkanlara bir dəfə də əl uzatmayıb”.
Yusif Ağayev: “Heç kim deyə bilməz ki, Hacı nə vaxtsa hansısa “haqq-hesab” məsələsində iştirak eləyib. Bunu heç kəs deyə bilməz. Son dərəcə təmiz adam idi. Hərbi hissədəki yoxlamalarda bir qəpik də əyər-əskik tapılmazdı. Yoxlayıcılar nəsə umanda Hacı onları qovardı, onları hətta yeməyə də dəvət eləməzdi, yəni qonaqlıq-zad da verməzdi onlara, deyərdi nöqsanım varsa, tapın üzə çıxarın”.
Camal Hacıyev: “Hacının Füzulidəki döyüşçü dostlarından birinin oğlu əsgərliyə çağırılanda 776 saylı hərbi hissəyə düşmüşdü. Əsgərin atası rayondan Hacıyla görüşə gəlir, özüylə pay da gətirir. Görüşürlər, Hacı sovqata baxıb deyir: Sən indiyə kimi mənə pay gətirməmisən, deməli, bunu oğlun mənim əsgərimdi deyə gətirmisən.
Şubanıda məcburi köçkünlər də məskunlaşmışdı. Hacı döyüşçü dostunu – əsgər atasını məcbur eləyir ki, gətirdiyi payı köçkünlərə versin. Özü də deyir mənim gözümün qabağında verməlisən. Beləcə əsgər atası gətirdiyi sovqatı Hacının gözünün qabağında köçkünlərə paylayır”.
Zahid Cəfərov: “Mənim bir qohumumun da oğlu Şubanıda Hacının komandir olduğu hərbi hissəyə düşmüşdü. Bunu Hacıya deməyə getmişdim, cibimə bir az şokolad-konfet də alıb qoymuşdum. Onun kabinetində cibimdən şirniyyatı çıxaranda Hacı bir biabırçılıq elədi gəl görəsən. Dedim axı burda nə var, bu rüşvət deyil ki, bir ovuc konfetdi, gətirmişəm çayla içək. Hacı dedi yox, çox nahaq bunu alıb gətirmisən”.
Vüqar Qarayev: “Dostluğa son dərəcə sədaqətli idi, amma bunu xidməti işə qatmazdı. Deyərdi dostluq öz yerində, xidmət öz yerində. Lap gözünün işığı olsun, burda birlikdə çörək kəsdiyi hərbçinin beş metr aralananda hansısa qaydanı bir balaca pozduğunu görəndə, məsələn, görəndə ki, yaxasını açıq qoyub, dərhal əmr eləyərdi ki, yaxanı bağla, nolsun çörək kəsmişik, biz ordudayıq. İşinə – özünə də, başqalarına da çox tələbkar idi”.
Rafiq Əsədov: “Bir dəfə Hacının yanına getmişdim. İki qardaş oturub çay içirdik onun kabinetində. Qapı döyüldü, içəri bir hərbçi girdi, bilmirəm əsgər idi, ya gizir. Hacıya nəsə kağız verib getdi. Bir az keçdi, bir başqa hərbçi gəldi, yenə eyni qaydada bir kağız verib getdi. Sonra üçüncü hərbçi gəldi, o da bir kağız verib getdi.
Yarım saat keçdi içəri bir gizir girdi – onu tanıyıdım, bilirdim ki, ərzağa baxır. Dedi, komandir, ərzağı gətirdim. Qaiməni Hacıya verib otaqdan çıxdı.
O gedən kimi Hacı bayaq gətirilən üç kağızı qaimə ilə bərabər masanın üstünə qoyub diqqətlə dördünü də saf-çürük eləməyə başladı. Soruşdum nədi? Dedi heç nə. Amma gördüm nədisə çox diqqətlə araşdırır, kağızları bir-biriylə, qaiməylə tutuşdurur. Baxdı qurtardı, hamısını büküb qırağa qoyanda dedim sən canın nədi bunlar?
Güldü, dedi hərbçilərdən birini təpənin üstündə oturtmuşam, biri anbarın içindədi, o biri də filan yerdə. Sən demə, ayrı-ayrı yerlərdə kəşfiyyatçılar qoyub ki, hərbi hissəyə gətirilən kisələrin, qutuların sayını yazsınlar. Hacı onların yazdıqlarını gizirin verdiyi qaiməylə tutuşdururmuş ki, birdən ərzaq anbarından oğurluq-zad olar”.
Polkovnik-leytenant Hacı Əsədov komandiri olduğu hərbi hissədə əsgərlərin məzuniyyətə çıxma növbəsini siyahılaşdırıb hər bölükdə divara vurdururmuş. Hər əsgər bilirmiş ki, nə vaxt məzuniyyətə gedəcək. Hacı Əsədov bunu ona görə eləyirmiş ki, onun tabeliyində olan komandirlər əsgərə məzuniyyət vədi verib qarşılığında rüşvət uma bilməsinlər. Məzuniyyətdən qayıdan əsgərin də çantasını Hacı Əsədov özü yoxlatdırarmış ki, görsün əsgər komandirlərə nəsə gətiribmi. Tutalım, çantada bişmiş çolpa görsə bir söz deməzmiş. Yəni bir bişmiş çolpadısa, deməli, əsgər özünə, dostlarına gətirib. Amma iki çiy çolpa görəndə soruşarmış: Neyləyirsən bu çiy çolpaları? Deməli, komandirlərdən kimsə sənə tapşırıb ki, çolpa gətir. Denən görüm kim tapşırıb?..
“Yanırdı əsgər üçün. – Qardaşı Rafiq deyir. – Əsgərin ayağında cırıq çəkmə görəndə evdən özünün ehtiyat çəkməsini gətirdib verirdi. Deyirdi mənim əsgərim ayaqqabısı cırıq gəzə bilməz. Yəni əsgərdən nəsə ummaq nədir, hətta ayağının çəkməsini çıxarıb verərdi əsgərə. Atalıq qayğısı göstərərdi. Deyirdi siz imkanlıların day-dayısız, mən yetim-yesirin day-dayısı”.
Qardaşı deyir Hacı Əsədov əsgəri vurmağı da qadağan eləmişdi: “Deyirdi eşidəm-biləm kimsə əsgərə əl qaldırıb, hansı vəzifədə, rütbədə zabit olsun, onun işini prokurorluğa verəcəm.
Dayısı deputat olan bir zabit başqa bir zabitin çənəsini qırmışdı. Hacı raport yazıb onu prokurorluğa vermişdi. Hacını çağırıb sıxırdılar ki, filankəsin bacısı oğludu, raportu geri götür. Götürmədi. O işin nəticəsi necə oldu, bilmirəm, amma Hacı raportu geri götürmədi”.
Hacı Əsədov əsgərlərə siqaret yasağı da qoyubmuş. Elan eləyibmiş: Hansı əsgəri siqaret çəkən görsəm, 7 sutka həbs verəcəm. Deyirmiş siz xüsusi təyinatlısız, gündə kilometrlərlə yol gedirsiz, sizə siqaret çəkmək olmaz.
Bir dəfə 776 saylı hərbi hissənin bölük komandirlərindən biri gəlib Hacı Əsədova deyir ki, əsgərə məzuniyyət veririk, getmir. Hacı Əsədov təəccüblənir, fikirləşir ki, burda nəsə əmma ola bilər. Əsgəri çağırır ki, niyə getmirsən məzuniyyətə, bəlkə səndən pul istəyirlər, açıq de. Əsgər deyir ki, nəyə gedim, komandir, evdə vəziyyətimiz o qədər də yaxşı deyil. Bəlli olur ki, məsələ rüşvətdə deyil, yoxsulluqda, imkansızlıqdadı. Əsgər kasıb ailəsini məzuniyyətə görə əziyyətə salmaq istəmir. O da bəlli olur ki, əsgər Füzulidəndi, atası Hacı Əsədovun tanıdığı döyüşçülərdəndi. Hacı Əsədov əsgərə onun atasını tanıdığını demir, eləcə cibinə pul basıb onu məzuniyyətə göndərir.
Hacı Əsədovun da cibinə pul basan olub. Hadisə 1998, ya da 1999-cu ildə baş verib. Azərbaycana səfərə gələn Türkiyə Silahlı Qüvvələrinin yüksək vəzifəli generalı 776 saylı hərbi hissəyə baş çəkir. Hərbi hissəni gəzir, təlim yerlərinə, əsgər yataqxanalarına, yeməkxanaya, hamama baxır. Hamamın vəziyyəti xoşuna gəlmir. Cibindən 1500 dollar çıxarıb Hacı Əsədova verir ki, hamamı düzəldin. Bilənlər deyir: Hacı Əsədov o pulu qəpiyinəcən hamama xərclədi.
Qardaşı Rafiq başqa məqamları da bilir: Hacı bəzən hərbi hissədəki təmirə öz maaşından pul xərcləyirmiş.
(Ardı var)
Azər Qaraçənli
Yazının ardı: Vətən təyinatlı (3)