ABŞ-ın “The Daily Beast” internet nəşrində “Qarşılayın: Putin əleyhinə hərəkatın yeni siması!” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi siyasi icmalçı Anna Nemtsovadır.
Novator.az-ın məlumatına görə, müəllif yazır ki, Yevgeni Royzman Rusiyada kökü kəsilməkdə olan canlı kimidir: “Rusiyada tanınmış müxalifət liderlərini ya sürgün edir, ya ölkədən qaçmağa məcbur edir, ya da həbsə göndərirlər. Böyük karyera sahibi olan Yevgeni Royzman isə hələ də öndə gedən, həyatını riskə ataraq korrupsiyaya bulaşmış Kremllə savaşan az sayda peşəkar siyasi xadimlərdən biridir”.
Anna Nemtsova vurğulayır ki, məmur və siyasətçi kimi fəaliyyətinə nəzər salanda Royzmanın xüsusi keyfiyyətləri diqqət çəkir: “Rusiya Dövlət Dumasının deputatı olmuş, sonra isə Ural dairəsinin paytaxtı Yekaterinburqun meri postunu tutmuş Royzman rüşvət almayan, insanlarla daim ünsiyyətdə olub onların problemlərini dinləməyi bacaran nadir siyasətçilərindən biri kimi ad çıxarıb.
Rusiyadakı dağınıq müxalif qrupların bir çox fəalı ümid edir ki, Royzman 2024-cü ildə keçiriləcək prezident seçkisində müxalifətin vahid namizədi olub Putinlə rəqabətə atılacaq.
Sabiq mer Putin əleyhinə mövqeyini gizlətmir. Bu isə indiki dövrdə ən təhlükəli məsələlərdən biridir. Yevgeni Royzman hazırda Rusiyada həbsdə saxlanan müxalif siyasətçi Aleksey Navalnını açıq şəkildə dəstəkləyir və Kremli siyasi qətllərdə ittiham edir.
Royzman 2014-cü ilin fevralında siyasi fəalların həbslərinə etiraz olaraq keçirilən mitinqlərə qoşulub. Mart ayında isə o, Rusiyada mediaya tətbiq edilən senzuraya və Ukraynanın Krım bölgəsinin ilhaqına qarşı çıxıb. Hazırda Royzmanın populyarlığı daha da artmaqdadır”.
Məqalədə daha sonra deyilir: “Rusiyada Aleksey Navalnının tərəfdarlarına hücumlar təşkil olunur, onlar ölkəni tərk etməyə məcbur edilir, yaxud həbsə atılır. Hakimiyyət müstəqil media qruplarını, siyasi analitiklərı sıradan çıxarmaq üçün onlara “xarici agent” damğası vurur, adlarını rəsmi şəkildə “qara siyahı”ya salır. Görəsən, həbsə göndəriləcək növbəti siyasətçi Yevgeni Royzman ola bilərmi?”
Anna Nemtsova məqaləsində Royzmanın öz fikirlərinə də yer ayırır: “İnanın ki, mən bütün riskləri gözə alıram. Ancaq ölkəni tərk edə bilmərəm, çünki bu mənim qorxub qaçmağım anlamına gələcək. Çoxları bunu dərk etməsə də, mən Navalnının Rusiyaya niyə qayıtdığını yaxşı başa düşürəm.
Navalnı və həyat yoldaşı Yuliya bu qərarı üz-üzə oturub bir-birlərinin gözünün içinə baxaraq qəbul etmişdilər. Bu, Navalnının çoxsaylı tərəfdarları naminə atılmış bir addım idi”.
“The Daily Beast”ə telefonla müsahibə verən moskvalı siyasətçi, Navalnının yaxın tərəfdarı İlya Yaşin deyib ki, Royzman hazırda müxalifətin öndə gedən təmsilçisi, yeganə ümididir: “Ancaq hələlik biz onu yeganə namizəd adlandıra bilmərik. Bu, dərhal Royzmanı hədəfə çevirə bilər”.
“The Daily Beast”ə danışan yazıçı, liberal rusiyalıların örnək səsi Dmitri Bıkov bildirib ki, Royzman hər həftə Uralın dörd bir yanından gəlib ağır problemlərini onunla bölüşən xeyli adamı qəbul edir: “Adamlar onunla söhbətləşəndə adətən yoxsulluqdan, narkomaniyadan, səhiyyə sistemindən, cinayət təqiblərindən və işsizlikdən şikayət edirlər.
Royzman təkcə ölkəni görmür, o həm də hiss edir… Hiss edir ki, ölkə köməksiz deyil, Rusiya özünə kömək edə bilər. Royzman da elə bunu istəyir.
Onun Rusiya hakimiyyətinə təqdim etdiyi resept çox sadədir: problemləri görməli, həqiqətləri etiraf etməli və islahatlara gedilməlidir.
Royzman dövlət məmurlarını sadə adamlarla görüşməyə, onların problemlərini dinləyib həll etməyə səsləyir. Siz çıxış yolu axtarmağa başlayanda anlayırsınız ki, siyasi sistemi kökündən dəyişməyincə heç nə etmək mümkün olmayacaq. Sistemi dəyişmək üçün isə bizə üç şey lazımdır: ədalətli seçki, azad mətbuat və müstəqil məhkəmə”.
“The Daily Beast”ə müsahibəsində Royzman Rusiyada keçiriləcək növbəti seçkilərdə iştirak edəcəyi ehtimalı ilə bağlı suala başını bulayaraq cavab verib: “Mənim 60 yaşım var, istərdim ki, Rusiyanın növbəti prezidentinin yaşı 45-dən aşağı olsun”.
İlya Yaşin isə Royzmanın tərəfdarları üçün yaşın önəm daşımadığı qənaətindədir: “Royzmanın yaşı tərəfdarlarının ondan, onun Rusiyanı yeni yolla aparmaq ideyasından ilham almasına mane olmur”.
Avropada bəzi dissidentlərin sonradan siyasi liderə çevrildiyini xatırladan İlya Yaşin “The Daily Beast” nəşrinə açıqlamasında vurğulayıb: “Nə Lex Valensa, nə Vatslav Havel, nə də Svetlana Tixanovskaya siyasətçi olmağa hazır idilər, amma həyat onları irəliyə addım atmağa məcbur etdi.
Ümid edirik ki, Royzman və digər potensial namizədlər indidən prezident seçkisi barədə düşünməyə başlayacaqlar. Yoxsa müxalifəti dardan çıxarmaq mümkün olmaz”.
Mənbə: Thedailybeast.com