Polkovnik-leytenant Hacı Əsədovun əziz xatirəsinə
Yada salın 1991-ci ili. 1986-cı ildən SSRİ-də başlanan yenidənqurma siyasəti çoxmillətli, çoxmilyonlu rus imperiyasının kommunist ideologiyalı dayağını sarsıdıb, demokratik hərəkat qol-qanad, etnik münaqişələr əl-qol açıb, 1988-ci ilin fevralından Azərbaycanda erməni separatizmi baş qaldırıb, 1989-cu ildə Azərbaycan türklərinin Ermənistanın ərazisinə düşən dədə-baba torpaqlarımızda dəfələrlə aparılmış deportasiya siyasətinə duruş gətirə bilmiş hissəsi də deportasiya olunub, 1991-ci ilin avqustunda SSRİ rəhbərliyindən bir neçə nəfərin cəhd göstərdiyi dövlət çevrilişi boşa çıxıb, həmin ay Azərbaycan dövlət müstəqilliyini elan eləyib, noyabrda erməni separatizminin qan əkdiyi Qarabağ torpağının səmasında Azərbaycanın dövlət rəhbərliyindən bir neçə nəfərin, eləcə də sovet ordusunun bir neçə zabitinin olduğu vertolyot vurulub, dekabrın sonunda beş ildi sərhədlərinin içi də, çölü də çalxalanan SSRİ birdəfəlik çöküb, il beləcə başa çatıb, tarix və təqvim dəyişib, 1992-ci il gəlib…
Belə bir dövrdə dağılmış SSRİ-nin Rusiya Federasiyasının ərazisinə düşən hissəsində hərbi xidmətini davam elətdirən baş leytenant Hacı Əsədov vətəni Azərbaycana, Bakıya məzuniyyətə yollanıb.
Yada salaq Hacı Əsədovu.
Əsədov Hacı Gülməmməd oğlu 1965-ci il dekabr ayının 5-də Bakının Biləcəri qəsəbəsində anadan olub. 1981-ci ildə Biləcəridə 3 nömrəli dəmiryol məktəbinin 8-ci sinfini bitirəndən sonra bütün həyatını hərb işinə bağlayıb, 1981-1983-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbdə (indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey), 1983-1987-ci illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) təhsil alıb. 1987-ci ildən sovet ordusunda zabit kimi xidmətə başlayıb, SSRİ Silahlı Qüvvələrinin Türküstan Hərbi Dairəsindəki, Uzaq Şərq Hərbi Dairəsindəki hərbi hissələrində vzvod (taqım) komandiri, rota (bölük) komandiri vəzifələrində çalışıb.
1991-ci ilin sonu, 1992-ci ilin əvvəlində Azərbaycana məzuniyyətə gələndə Hacı Əsədov Uzaq Şərq Hərbi Dairəsində rota komandiri idi. SSRİ dağıldığına görə həmin hərbi dairə Rusiya Federasiyası Silahlı Qüvvələrinin tabeliyinə keçmişdi. Yəni məzuniyyətdən qayıdanda Hacı Əsədov daha sovet ordusunun yox, Rusiya Federasiyasının zabiti idi.
Ancaq onun Rusiya Silahlı Qüvvələrində xidməti uzun çəkmir. Məzuniyyətdən qayıdandan bir qədər sonra – 1992-ci ilin mart ayında Hacı Əsədov yenidən vətənə dönür. Bu dəfə məzuniyyətə yox, xidmətə gəlir – Azərbaycan Ordusunda xidmətə. Həm də özbaşına gəlir. Eləcə hərbi hissəni icazəsiz tərk eləyib, çıxıb gəlir vətənə. Rusiyanın gözüylə baxsaq, bu, fərarilikdi, Azərbaycanın gözüylə baxsaq, fədakarlıqdı.
Öz gözümüzlə baxaq özümüzə. Hacı Əsədov da özünə Rusiyanın yox, Azərbaycanın gözüylə baxmışdı, Azərbaycanın gözünü orduya, ordunun gözünü peşəkar zabitlərə dikən görmüşdü. Bu elə bir dövr idi ki, Azərbaycanda peşəkar ordu zabitlərinin sayı lazım olduğundan qat-qat az idi.
Yada salaq 1992-ci ilin birinci yarısındakı Azərbaycan Ordusunu.
Əslində o dövrün Azərbaycan Ordusu könüllülərdən – yerli özünümüdafiə batalyonlarından, bir də həmin batalyonları idarə eləməyə və bu işi görə-görə özü də formalaşmağa çalışan Müdafiə Nazirliyindən ibarət idi. Azərbaycanda Müdafiə Nazirliyi yalnız dövlət müstəqilliyinin bərpasından sonra yaradılmışdı. Sovet dövründə Azərbaycanda Müdafiə Nazirliyi yox idi, Azərbaycandakı hərbi hissələrin hamısı SSRİ Müdafiə Nazirliyinə, onun strukturlarına tabe idi. Bu hərbi hissələr, necə deyərlər, rus-sovet hərbi hissələri idi, orda azərbaycanlı zabitlərin sayı çox az olardı. SSRİ-nin başqa yerlərində də azərbaycanlı ordu zabitlərinin sayı az idi, sovet dövləti sələfi çar Rusiyası kimi azərbaycanlıların əlinə silah verməkdən həmişə ehtiyat eləmişdi, buna görə sovet ordusuna çağırılan azərbaycanlıların çoxu əslində hərbi xidmətə yox, fəhləliyə aparılırdı, onlar döyüş batalyonlarından çox inşaat batalyonlarında yerləşdirilirdi. Sovet dövründə Azərbaycanda yerli hərbçi kadrların toplaşdığı əsas mərkəz çağırışçıları orduya yığmaqla, səfərbərlik işləriylə məşğul olan hərbi komissarlıqlar idi. Ona görə də Milli Ordu yaradılanda peşəkar kadr bazasının əsas söykənəcəklərindən biri də hərbi komissarlıqlarda işləyən zabitlər olmuşdu.
Bir də milis (polis) qüvvələri vardı. Daxili İşlər Nazirliyi Azərbaycanda sovet dövründə də olduğundan Vətənin müdafiəsinə qoşulan, döyüşlərə yollanan milis (polis) dəstələri daha nizamlı, həm də silahla daha yaxşı davranmağı bacaran qüvvələrdən sayılırdı.
Qayıdaq Hacı Əsədova.
Rusiyadakı hərbi hissəni tərk eləyib Vətənə dönən Hacı Əsədov Milli Ordunun Bakının NZS qəsəbəsindəki hərbi hissəsinə yollanır, heç üç gün keçməmiş birbaşa cəbhə bölgəsinə – Füzuli rayonuna yola düşür. Artıq Hacı Əsədov Azərbaycan Ordusunun zabitidi, Füzulidəki 702 saylı hərbi hissəyə də briqadanın nümayəndəsi kimi gəlib. Bakıdan gəlmiş qonağı, həm də Rusiyadakı hərbi hissəni tərk eləyib özünü Vətənin müdafiəsinə yetirmiş peşəkar zabiti Füzuli şəhərindəki Musiqi İnternatının binasında yerləşən hərbi hissədə, əlbəttə, hörmətlə qarşılayırlar. Yaddan çıxarmayaq: hərbi hissə dediyimiz əslində özünümüdafiə batalyonu, könüllü döyüşçülər, partizanlar qrupudu. Axşam çörək yeyəndə döyüşçülərdən biri araq şüşəsini çıxarıb masanın üstünə qoyur: “Araq içirsən?” “Yox”. “Nəşə çəkirsən?” “Yox”. “Alə, araq içmirsən, nəşə çəkmirsən, nə bakılı oldun sən!” Sonralar Hacı Əsədov dostlarına danışırmış ki, çörək yeyə-yeyə fikirləşirdim mən hara gəlib düşmüşəm…
702 saylı hərbi hissədə briqada kəşfiyyatının rəis müavini kimi fəaliyyətə başlayan, sonra bir neçə ayın içində bu hərbi hissənin tabeliyindəki 839 saylı hərbi hissənin komandir müavini, komandiri olan Hacı Əsədovun – artıq kapitan Hacı Əsədovun əsas işlərindən biri nizam-intizam yaratmaq, özünümüdafiə batalyonunu nizamlı hərbi hissəyə çevirmək olur. Əsgəri hərbi salam verməyə vərdiş elətdirməkdən tutmuş səngər qazmağa, postda yatmamağa məcbur eləməyə qədər – bu iş irili-xırdalı az qala hər məsələni, hər məqamı əhatə eləyir.
“Mən neçə dəfə Füzuliyə hərbi hissəyə gələndə Hacını soruşmuşam, deyiblər yatıb. Bütün gecəni postları gəzirdi ki, uşaqlar yatmasın. Yalnız gündüzlər bir qədər yuxusunu alardı”. O vaxtlar Müdafiə Nazirliyinin Analitik İnformasiya Mərkəzində çalışmış Azad İsazadə belə deyir.
“Mən Hacı Əsədovun gecələr yatdığını görmədim. Bunu heç kim görmədi. Bütün gecəni postları gəzərdi, mövqeləri yoxlayardı. Bir yandan komandir kimi öz məsuliyyətini dərk eləyirdi, o biri yandan da peşəkar hərbçi kimi xüsusilə müharibə dövründə ayıq-sayıqlığın nə demək olduğunu hamıdan yaxşı bilirdi”. 839 saylı hərbi hissədə Hacı Əsədovla çiyin-çiyinə xidmət eləmiş keçmiş döyüşçülərdən biri, o zamanlar hərbi hissənin yanacaq xidmətinin rəisi olmuş Zahid Cəfərov belə deyir.
“Mən 702 saylı hərbi hissənin kəşfiyyat rəisi idim. Peşəkar hərbçi deyildim, hərbi biliyim sovet ordusunda əsgər kimi xidmət elədiyim vaxt öyrəndiklərimdən ibarət idi. 1992-ci ilin iyun ayının 22-də kəşfiyyat əməliyyatı keçirməliydik. Əməliyyatı necə keçirmək lazımdı, qaydası nədi – bu işdə mənə Hacı kömək elədi. Əməliyyat çox uğurlu oldu, düşmənin ehtiyat qüvvələrini, imkanlarını aydınlaşdırıb üzə çıxara bildik”. Yusif Ağayev belə deyir.
Hacı Əsədov kimi Yusif Ağayev də Azərbaycana dövlət müstəqilliyinin bərpası və ermənilərin torpaqlarımıza təcavüzü dalğasında qayıdıb. 1991-ci ildə Qazaxıstanın Quryev Vilayət Prokurorluğunda istintaq idarəsinin prokuroru işləyən Yusif Ağayev Vətənə dönəndən sonra – 1991-1992-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dağlıq Qarabağ üzrə mühüm işlər müstəntiqi, 1992-1996-cı illərdəsə Qarabağ Qarnizonunun ilk hərbi prokuroru olub. Bu vəzifələrdə çalışa-çalışa silaha sarılıb döyüşə atılan Yusif Ağayev Hacı Əsədovla Füzulidə dostlaşıb. Haqqında danışdığı kəşfiyyat əməliyyatından bir həftə keçməmiş – 1992-ci ilin iyun ayının 28-də Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşdə yaralanıb, onu hərbi hospitala həmin döyüşün iştirakçılarından olan Hacı Əsədov çatdırıb. 1993-cü ildə Ağdam rayonunun Papravənd kəndində gedən döyüşdə yaralanıb huşunu itirən Yusif Ağayev ikinci cərrahiyyə əməliyyatından sonra gözünü açanda da Hacını başının üstündə görüb. “Yaralandığımı kimdən eşitmişdi, necə gəlib özünü yetirmişdi, bilmədim” deyir Yusif Ağayev.
Yusif Ağayev Hacı Əsədovu əsl vətənpərvər, əsl qəhrəman, əsl hərbçi, əsl dost, bir də dövlətdən-hökumətdən əsl qiymətini ala bilməmiş zabit sayır.
Yusif Ağayev, Zahid Cəfərov, 839 saylı hərbi hissənin döyüşçülərindən olmuş Camal Hacıyev və Vüqar Qarayev, Hacı Əsədovun qardaşı Rafiq Əsədov Bakıda – Azad İsazadənin psixoloq kabinetində toplaşıb Hacını yada salırlar.
Söhbət 1992-1994-cü illərdən düşür. Dövlət müstəqilliyimizin bərpasının ilk illəri, həm də çox qanlı-qadalı illər. Torpaqlarımızın bir hissəsinin işğal olunduğu, bir hissəsinin gah işğal, gah azad olunduğu, axırda neçə-neçə rayonumuzun, şəhərimizin bir igidin ömrü qədər işğal altında saxlanmasına atəşkəs adlı bəhanənin tapıldığı illər.
Yada salaq o illəri.
Əslində bu qan-qadanın çox uzun keçmişi var, ən yaxın keçmişi 1988-ci ilin fevral ayından – Azərbaycanın bir şəhər (Stepanakert şəhəri), beş rayonundan (Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonları) ibarət Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbiylə baş qaldıran separatçı hərəkatdan qaynaqlanır. 1989-cu ilin dekabrında Ermənistan Ali Sovetinin və özünü “Dağlıq Qarabağ milli şurası” adlandıran qurumun birgə iclasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar çıxarılır.
1991-ci ilin avqust ayının 30-da Azərbaycan parlamenti dövlət müstəqilliyinin bərpasına qərar verəndən bir neçə gün sonra – sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan eləyirlər. İşğalçı rejim Dağlıq Qarabağ Muxtar Vilayətinin və Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarıyla ləğv eləyib Goranboy rayonunun tərkibinə verdiyi keçmiş Şaumyan kənd rayonunun ərazisində elan olunur. Bunun ardınca müharibə alovlanır, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlərin işğalı başlanır. Həmin il noyabrın 26-da Azərbaycan Ali Soveti 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini milli ərazi qurumu kimi ləğv eləyir. Parlament həm də tarixi adları qaytarır – Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırır. Əsgəran və Hadrut rayonları ləğv olunur, mərkəzi Xocalı şəhəri olan Xocalı rayonu yaradılır, Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi Xocavənd rayonunun tərkibinə verilir.
1992-ci ilin fevral ayının 26-na keçən gecə Xocalı şəhəri, mayın 8-9-da Şuşa şəhəri, mayın 17-də Laçın şəhəri işğal olunur, Qubadlı rayonuna yaxın kəndləri çıxmaqla Laçın rayonu ermənilərin əlinə keçir.
İyunun 14-də keçmiş Şaumyan kənd rayonu erməni işğalından tam azad olunur. İyulun 4-də Ağdərə şəhəri, az sonra rayonun böyük hissəsi işğalçılardan təmizlənir. Azərbaycan parlamentinin qərarıyla Ağdərə rayonu ləğv olunur, rayonun ərazisi Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülür. 1992-ci ilin yay-payız aylarında Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi azad olunur.
1993-cü ilin fevral ayından ermənilər keçmiş Ağdərə rayonunun bir hissəsini yenidən işğal eləyirlər. Martın sonundan aprelin 2-dək Kəlbəcər rayonu işğal olunur, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən ermənilərin əlinə keçir.
İyunun sonunda ermənilər Ağdərə şəhərini zəbt eləyirlər. İyulun 23-də Ağdam şəhəri, avqustun 23-də Füzuli və Cəbrayıl rayonları, avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri, avqustun 31-də Qubadlı rayonu, oktyabrın 29-da Zəngilan rayonu işğal olunur.
1994-cü ilin yanvarında Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini və Horadiz qəsəbəsini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini azad eləyir…
Azərbaycanın gənc ordusunun gənc zabiti Hacı Əsədov bütün bu təlatümlərin ağuşundadı. Bu müddətdə o, cəbhənin eyni istiqamətində – Füzuli istiqamətindədi. Uğurların sevinci, uğursuzluqların kədəri içindədi. Füzuli şəhərinin, Divanalılar kəndinin, Məngələnata yüksəkliyinin qısa müddətə geri alınmasının, Horadiz qəsəbəsiylə bərabər azad olunmuş 22 kəndin bir çoxunun həmişəlik düşməndən təmizlənməsinin iştirakçılarından, təşkilatçılarından biridi.
Hər əməliyyat bir aləm hadisədi. Epizodları yada salaq.
1993-cü ildə Füzuli şəhərinin qısa müddətə geri alındığı günlərdə şəhərdə qarətlə məşğul olan bir əsgəri yaxalayırlar. Aydın olur ki, öz əsgərimizdi. Yaxası onsuz da gərgin olan hərbçilərimizin əlinə keçən əsgəri yerində güllələmək istəyinin qarşısını Hacı Əsədov alır. Onun bir neçə şilləsi bir yandan əsgərin cəzası, o biri yandan da qurtuluşu olur. Hacı Əsədov əsgəri cəzasını çəkmiş sayıb hərbi polisə, hərbi prokurorluğa da vermir.
1993-cü ilin avqust ayıdı. Füzuli şəhəri istiqamətində döyüşlər gedir. Əhmədbəyli kəndi bizdədi. Bir PDM (piyadaların döyüş maşını) kəndə doğru gəlir, hərbçilərə çatıb qəfil dayanır. PDM-in sürücü-mexaniki başını çıxarıb boylanır. Kənddə durub hərbi əməliyyatları idarə eləyən yuxarı rütbəli zabitlərdən biri PDM-in əyləcinin o cür qəfil basılmasına əsəbiləşib, atılıb mexanik-sürücüyə qapaz ilişdirir ki, belə-belə olmuş, dövlətin texnikasını niyə korlayırsan!
PDM qəfil dayandığı kimi qəfil də çevrilib gəldiyi yola üz tutanda məsələ aydınlaşır. Ermənilərmiş. Ekipaj karıxıb. Elə biliblər Əhmədbəylini də işğal eləyiblər, kənddəki hərbçilər də özlərininkidi. PDM-i arxasındakı iri erməni xaçı ələ verir. Hacı Əsədov dərhal yanında duran qumbaraatan əsgərə PDM-i vurmağı əmr eləyir. Əsgər hədəfi vurur.
Hərbi baxımdan strateji kənd olan Divanalıların əldən-ələ keçdiyi günlərdi. 1992-ci ilin payızıdı. Bizim özünümüdafiə batalyonlarından birinin komandiri maşına oturub kənddəki hərbi postları yoxlamağa gəlir. Maşını kəndin qırağındakı yüksəkliyin ətəyində saxlayır, maşından düşüb piyada üzüyuxarı qalxır. Yüksəkliyi ermənilərin işğal elədiyindən xəbəri yoxdu. Qəfildən düz ermənilərlə qarşı-qarşıya çıxır. Başlayır üzüaşağı – maşına doğru qaçmağa. 10-15 erməni düşüb dalınca. Əsir götürmək istəyirlər.
Ancaq ermənilərin və bizim komandirin xəbərsiz olduğu bir məsələ də var. Hacı Əsədov yüksəkliyin böyür-başında kəşfiyyatçılar yerləşdirib. Özlərini büruzə verməmək üçün səslərini çıxarmırlar. Elə gizləniblər ki, hiss olunmurlar. Batalyon komandirini qovan ermənilər yüksəklikdəki mövqelərindən uzaqlaşıb aşağıya yaxınlaşanda Hacı Əsədovun kəşfiyyatçıları silahları işə salırlar. Salamat qurtaran yalnız batalyon komandiri olur…
(Ardı var)
Azər Qaraçənli
Yazının ardı: