Natiq Cəfərli
Təhsil naziri Emin Əmrullayev kişi müəllimlərin çox olması istəyini ifadə edib. Çox vacib məsələyə toxunub, amma bu, istəklə olmur, sistemli addımlara, maddi stimullara ehtiyac var.
Yaponiya tarixən çox konservativ ölkə və cəmiyyət kimi tanınıb. İkinci Dünya müharibəsindən sonra Yaponiyanın yenidən qurulmasına start verərkən təhsildən başladılar. Amma ciddi problem vardı: konservativ yapon cəmiyyətində kişilərin uşaqlarla vaxt keçirməsinə, hətta uşaqları oxşamasına pis baxırdılar, məktəb müəllimlərinin çox böyük əksəriyyəti xanımlar idi. Məktəbdə müəllim işləmək heç ciddi təhsil də tələb etmirdi, xanımlar orta məktəbi bitirəndən sonra müəllim işləyə bilirdilər.
Yaponiya hökuməti anlayırdı ki, təhsilsiz iqtisadiyyat, inkişaf ola bilməz. Yüksək təhsilli müəllimlər, mütəxəssislər isə ancaq universitetlərdə dərs deyən kişilər idi, cəmiyyətin ənənəvi davranış və düşüncə tərzi də ciddi maneəyə çevrilmişdi.
1950-ci illərdə Yaponiya hökuməti ilk baxışda tənqidlərə məruz qalan qərar aldı – yüksək təhsilli məktəb müəllimlərinin maaşını dəfələrlə qaldırdı, məktəb müəllimi universitet müəllimdən azı iki-üç dəfə çox maaş almağa başladı, müəllim peşəsinin nüfuzu artdı. Nəticədə heç kimin yadına “mentalitet” düşmədi, kişi müəllimlər universitetlərdən çıxıb məktəblərdə dərs deməyə başladılar. Beləliklə, Yaponiya iqtisadi yüksəlişə keçdi, qısa zamanda dünya iqtisadiyyatının beş aparıcı ölkəsindən birinə çevrildi. Bu gün Yaponiyada ibtidai təhsil müəllimlərinin 39%-i, orta təhsil müəllimlərinin 61%-i, yuxarı sinif müəllimlərinin 78%-i kişilərdir. Yaponiyada müəllimlər ilə 62100 dollar maaş alırlar, amma əsas maaş deyil, müəllimlərin çox böyük sosial və tibbi sığortası olur, onu da dövlət qarşılayır. Digər ciddi imtiyazlar da var – mənzil təminatı, yüksək pensiya zəmanəti və sair.
Təhsilin səviyyəsi müəllimin cinsindən asılı deyil – sadəcə, Azərbaycanda müəllimlərin maaşı çox az, onlara yüklənən kənar işlər isə (seçki, siyasi təbliğat…) həddən artıq çoxdur. Son 20 ilin qəbul statistikasına baxdıqda görürük ki, ən aşağı balla tələbələr məhz pedaqoji ixtisaslara qəbul olunurlar. Nəticədə qısır döngə yaranır – ən zəif tələbələr müəllim olur, daha zəif şagirdlər yetişdirirlər.
Bu mənasız “zənciri” qırmaq üçün müəllim peşəsinin həm nüfuzu, həm də maaşı kəskin artmalıdır.
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər