Əli Kərimli
AXCP sədri
İkinci Qarabağ savaşının başlanmasından bir il keçir. Canını Vətənə qurban vermiş əziz şəhidlərimizi hörmətlə anırıq. Şəhid ailələrinə Allahdan səbir diləyirik. İgid qazilərimizlə fəxr edirik, onlara Allahdan şəfa diləyirik. Savaşda iştirak etmiş hər bir veteranımıza sonsuz sayğımızı ifadə edirik. Hərbi zəfərin memarı o igidlərdir.
44 günlük savaş bizi bir millət olaraq bütövləşdirdi. Azərbaycanda yaşayan bütün xalqların övladları Azərbaycan bayrağı altında, vahid Vətən eşqi ilə mərdliklə vuruşdu, canından keçdi.
Ölkəmizdə əvvəllər, o cümlədən Birinci Qarabağ savaşı zamanı görünməmiş milli birlik bərqərar oldu. Çünki biz müxalifət ilk gündən savaşı Vətən müharibəsi elan edib dövlətimizin və ordumuzun yanında olduğumuzu bildirdik. Savaş bitənə qədər müxalifətçilik fəaliyyətimizi dayandırdıq.
Azərbaycanın əsgər və zabitləri savaşda görünməmiş cəsarət, mərdlik nümayiş etdirdi. Bircə hərbçimiz də fərarilik etmədi. Əksinə, minlərlə soydaşımız savaşa könüllü getdi.
Savaş günlərində Azərbaycan-Türkiyə qardaşlığı daha da möhkəmləndi. Qardaş Türkiyə müasir silahları, dəyərli hərbi müşavirləri, birmənalı mənəvi, siyasi dəstəyi ilə hər zaman yanımızda oldu.
Savaşda ordumuzun hərbi zəfəri çox böyük oldu. Azərbaycan Ordusu düşmənin işğalında olan 7 Qarabağ ətrafı rayonu, Şuşa şəhərini və Hadrut qəsəbəsini azad etdi.
Təəssüf ki, ordumuzun zəfər yürüşü başa çatmadan 10 noyabrda dayandırıldı. İlham Əliyevin dəvəti ilə Azərbaycana qayıtmış Rusiya ordusu Ermənistanın tam məğlub edilməsinə, bizim tam qalib olmağımıza imkan vermədi.
Ötən müddət ərzində Rusiya “sülhməramlıları” daha çox bölgəyə erməni əhali köçürüb onları yerbəyer etməklə məşğul olub. Məhz Rusiya Qarabağ ərazisində separatçı erməni qurumunu bərpa etməyə çalışır.
10 noyabr gecəsi İlham Əliyevin verdiyi vədlər özünü doğrultmadı. Erməni silahlı qüvvələri Qarabağdan çıxarılmadı. Azərbaycanın dövlət suverenliyi Qarabağ ərazisində təmin edilmədi. Azərbaycan qanunları Qarabağda bu gün də işləmir. Erməni separatçıları ilə aramızda yeni təmas xətti də var. Statusla bağlı beynəlxalq müzakirələr də səngimək bilmir. Rusiya Ermənistanı yenidən silahlandırır və düşmən ölkədə yeni savaşa çağırışlar artır. Qarabağa yerləşdirilmiş Rusiya “sülhməramlıları” isə yeni-yeni yüksəkliklər ələ keçirir.
Çox təəssüf ki, savaş günlərində əldə olunmuş milli birlik ovqatı da şəxsən İlham Əliyevin təşəbbüsü ilə pozuldu. “Savaşdan sonra ölkə dəyişəcək” vədi də özünü doğrultmadı. Ölkə savaşdan əvvəlki repressiya və korrupsiya gündəminə qayıtdı.
Bütün bunlara baxmayaraq 44 günlük savaşın bərpa etdiyi milli qürurumuz yerindədir. Xalqımız indi özünə daha çox inanır. İnanırıq ki, xalqımız öz taleyinə sahib çıxmağı da bacaracaq. Bir gün Azərbaycan bayrağını hələ də işğal altında olan torpaqlarımızda da dalğalandıracağıq.