Natiq Cəfərli
Parlamentin 30 sentyabr iclasının gündəliyinə daxil edilən məsələlərin üçü – “Gömrük tarifi haqqında” qanunda dəyişiklik; Vergi Məcəlləsində dəyişiklik; Gömrük Məcəlləsində dəyişiklik layihələri diqqətimi cəlb elədi. Bu vacib məsələlərlə bağlı biznes çevrələri ilə müzakirələr olubmu? Dəyişikliklərin mahiyyəti nədir? Hansı dəyişikliklər təqdim edilib? İctimaiyyətə bununla bağlı detallı məlumat verilibmi? Bəlkə hökumət elə bilir ki, vergi-gömrük məcəllələri özləri üçündür? Anlamırmı ki, istənilən biznes çevrəsi üçün önünü görmək, qaydaların dəyişməyəcəyini, dəyişəcəksə hansı istiqamətdə əlavə və düzəlişlərin olmasını öncədən bilmək çox vacibdir?
İstənilən biznes öz işini öncədən planlayır, ən azı bir illik plan qurur, ancaq hökumət istədiyi an, istədiyi şəkildə “oyun qaydalarını” dəyişir. Hətta müsbət dəyişikliklər belə varsa, olacaqsa, öncədən elan edilməlidir ki, onu biznes-planlamaya daxil etmək mümkün olsun.
Türkiyəli bir iş adamının illər öncə dediyini heç vaxt unutmaram. Adam həm də futbol azarkeşi idi və futboldan örnəklə bizim vergi-gömrük işini çox doğru təsvir etmişdi: “Sizdə yazılmış-yazılmamış bütün qaydalar tez-tez dəyişdirilir, bu isə fəlakətdir. Təsəvvür edin ki, futbol oyunu başlayır, 10 dəqiqədir oyun gedir, birdən hakim deyir bundan sonra autu əllə yox, ayaqla atmalısınız. Daha 15 dəqiqə keçir, hakim deyir küncdən zərbə ləğv edilir. İkinci yarı təzə başlayan kimi hakim fit çalır, deyir oyun bitdi, daha oynamaq olmaz.
Sizin hökumət özünü məhz elə hakim kimi aparır, ona görə də iqtisadiyyatınız inkişaf edə bilmir”.
Pis, amma sabit qaydalar, tez-tez (hətta yaxşılığa doğdu olsa da) dəyişən qaydalardan daha yaxşıdır…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası