ABŞ-ın “Vaşinqton Post” qəzetində “Vladimir Putin axır ki, istədiyi interneti əldə edir” başlıqlı məqalə dərc olunub. Məqaləni “Qırmızı şəbəkə: Rusiyanın rəqəmsal diktatorları ilə yeni onlayn inqilabçılar arasında mübarizə” kitabının müəllifləri olan Andrey Soldatov və İrina Boroqan birgə qələmə alıblar. Novator.az saytı məqaləni ingilscədən çevirib təqdim edir.
Sentyabrın 16-sı – Rusiyada parlamentin aşağı palatasına seçkinin başlanmasına bir gün qalmış parlamentin yuxarı palatasının üzvləri “Google” və “Apple” şirkətlərinin nümayəndələrini çağırıb ittiham etdilər, guya bu şirkətlər səsverməyə qarışır.
Texnologiya şirkətlərinin olmayan cinayəti bundan ibarət idi: onlar istifadəçilərə həbsdə olan müxalifət lideri Aleksey Navalnının tərəfdarlarının səsverməyə yardım üçün yaratdığı tətbiqə giriş imkanı vermişdilər. Sonda hər iki şirkət tətbiqi blokladı, onu özlərinin tətbiqlər sistemindən tamamilə çıxardı.
Moskvanın bu iki Silikon vadisi şirkətini repressiyaya məruz qoyması əsasən Rusiya hökumətinin söz azadlığına qarşı geniş hücumunun bir hissəsi kimi işıqlandırıldı. Ancaq diqqəti məsələnin yalnız bu tərəfi üzərində cəmləsəniz, nə qədər haqlı olsanız belə, daha vacib məqamı gözdən qaçırmış olacaqsınız. Kreml Rusiya internetini – “Runet”i digər kiber məkanlardan ayırmaq haqda strateji qərar qəbul edib.
Aydın olsun deyə izah edək: Kreml Çin kimi internetə “Böyük sədd” çəkmək, “Runet”i xarici aləmdən tam təcrid etmək istəmir. Bunun əvəzində Vladimir Putin istəyir ki, onun təbəələri Rusiya xidmətlərinə və tətbiqlərinə güvənsinlər, yalnız yerli sosial şəbəkələr vasitəsilə ünsiyyət qursunlar, videolara Rusiya platformalarında baxsınlar, informasiyaları Rusiyanın təqdim etdiyi xidmətlərin köməyi ilə axtarsınlar. O ümid edir ki, bütün bunlar xalqı həqiqi reallıqdan uzaq saxlaya, rusiyalıları reallığın yalnız hakimiyyətin beyinlərə yeritməyə çalışdığı formasından asılı qoya bilər.
Rusiya hakimiyyəti artıq yerli axtarış sistemi olan “Yandeks”i ölkədə satılan smartfonların avtomatik seçdiyi axtarış sisteminə çevirib. Təhsil Nazirliyinin rəhbər tutduğu prinsipə əsasən, gələn ildən Rusiyada məktəblər və müəllimlər istər şagirdlərlə, istərsə də valideynlərlə yalnız yerli sosial şəbəkələr vasitəsilə ünsiyyət qura biləcəklər.
Rusiya “YouTube” kanalına alternativ platformanın hazırlanmasını da təşviq edir. Ölkə rəsmiləri Putinin yaxın dostlarının nəzarətində olan “Qazprom”un media qrupunun maliyyələşdirdiyi “RuTube” layihəsinə böyük ümid bəsləyirlər. (Rusiya siyasətçiləri sanki yaddan çıxarıblar ki, artıq bir “RuTube” var, yəni amerikalı transvestit RuPol Çarlzın nəzarətində olan “YouTube” kanalı.)
Heç kim bunu yerli platformaları inkişaf etdirməklə rusiyalılara daha geniş imkanların yaradılması cəhdi kimi qəbul etməməlidir. Eləcə “RuTube” layihəsinə kimin rəhbər seçildiyinə baxmaq kifayətdir ki, əsl niyyət aydın olsun: bu layihəyə Rusiyada internet senzurasını həyata keçirən “Roskomnadzor”un sabiq başçısı Aleksandr Jarov rəhbərlik edir.
Kreml artıq neçə müddətdir öz məqsədini reallaşdırmaq üçün iş aparır. “Roskomnadzor” hələ 2020-ci ildə regional internet provayderlərinə “Google” şəbəkəsinin Rusiyadakı infrastrukturu barədə hesabat verməyi tapşırıb. Fevral ayında Putin rusiyalı redaktorlarla görüşdə bəzi iri platformaları qadağan etmək məsələsinə baxmağa hazır olduğuna işarə vurub. Ancaq o qeyd edib ki, bunu həmin platformaların yerli alternativləri, analoqları yaradılandan sonra edə bilər. Putinin işarə verdiyi məqam demək olar ki, yetişib.
Rusiya prezidentinin bu strategiyasının tarixdə qara presedenti var. 1950-ci illərdə, İosif Stalinin ölümündən az sonra rusiyalı gənc fizik Vladimir Fridkin Sovet İttifaqında ilk fotosurət çıxaran maşın ixtira etmişdi. Fridkinin ixtirası əvvəlcə hamını razı salmışdı və rəsmilər onun cihazını kütləvi istehsala buraxmağı nəzərdən keçirirdilər.
Ancaq tezliklə Dövlət Təhlükəsizlik Komitəsi Fridkinin surət çıxaran aparatını məhv etmək əmrini verdi və aparatı çilik-çilik etdilər. Təhlükəsizlik əməkdaşlarının hansı məntiqə söykəndiyi bəlli idi: onlar insanların bu qurğudan Kommunist Partiyasının nəzarətindən kənar informasiya mübadiləsi üçün istifadə edəcəyindən narahat olmuşdular. Fridkinin ixtirası sərbəst məlumat əldə etmək təhlükəsi yaratdığına görə məhvə məhkum edildi.
Bu qərar sonralar – xaricdən “Xerox” (“Kseroks”) maşınlarını satın almaq məcburiyyətində qalanda Kommunist Partiyasına baha oturdu. Ancaq Sovet İttifaqına bundan da baha başa gələn o oldu ki, ölkə daha genişmiqyaslı texnoloji yarışda Qərbə uduzdu.
1990-cı illərdə Rusiya bir sıra Qərb texnologiyalarını qəbul etdi. Bu öz növbəsində Rusiyanın “Yandeks”, “Kasperski laboratoriyası” kimi texnologiya şirkətlərinin inkişafına heyrətamiz dərəcədə təkan verdi. İndi məhz bu şirkətlərin uğuru Putini və onun ətrafını yenidən təcrid olunma taktikasına güvənmək fikrinə salıb.
Sovet İttifaqının texnoloji avtokratiya təcrübəsi puça çıxdı. Bəs indi necə – Kreml bu təcrübəni yenidən işə salmağın yolunu tapa bilərmi? Deyəsən, Putin düşünür ki, hə.
Rusiya hakimiyyəti yerli müşahidə texnologiyalarının, o cümlədən etirazçıları tapıb üzə çıxarmaq üçün istifadə etdiyi üz tanıyan sistemlərin tətbiqi sahəsində böyük uğurlara imza atıb.
Bu gün Putinə “Xerox”un internet analoqunu çilikləyib tullamaq gərək deyil; onun əlində müəyyən qədər Rusiya alternativləri var və bunlardan ən azı bir vaxtadək istifadə edə bilər. Ancaq Kreml Rusiyanı qlobal kiber məkandan qoparmağa nail olsa, sonda inkişafdan geri qalmaqla bunun altını çəkməli olacaq. Rusiya tarixinin daima dərs götürməli olduğu həqiqət belədir: ölkə özünü təcrid etməklə yox, xarici aləmlə qarşılıqlı əlaqə qurmaqla inkişaf edir.
Andrey Soldatov,
İrina Boroqan
Mənbə: Washingtonpost.com