Ənnağı Hacıbəyli
Harada qalmışdıq? Hə, köhnə şəxsiyyət vəsiqəmi alıb yenisini bu gün saat 14-dən 18-dək verməli idilər (Çətin xidmətdə).
Saat 14-ə yaxın 3 saylı “Asan xidmət”də növbə götürüb gözümü zillədim monitora. Bir qədər sonra monitorda nömrəm göründü – “73-cü pəncərəyə yaxınlaşın”.
Yaxınlaşdım. Hər yer zil qaranlıq idi. Pəncərə işləmirdi. Qonşu pəncərədən soruşdum, xanım əks tərəfi, uzaq 50-ci pəncərəni göstərdi.
Yaxınlaşıb sənədlərimi verdim. Xanım “Nömrəni yeniləyin” deyib üzünü çevirdi. Nömrəmin monitorda görünməsindən heç yarım dəqiqə də keçmədiyini dedikdə xanım əsəbiləşdi: “Sizə dedim ki, nömrəni yeniləyin”.
Nömrəni yeniləyib bir az gözlədim. Pəncərənin monitoru işləmədiyindən xanım növbədəkiləri yüksək səslə çağırırdı. Bu dəfə növbəm tez çatdı.
Sənədlərimi verdim. Xanım vəsiqələrin içərisində ha axtardı, vəsiqəm tapılmadı. “Gözləyin” deyib başqalarına xidmət etməyə başladı.
Bir metr aralıda dayanıb seyr etməyə başladım. Xeyli keçəndən sonra gözlədiyimi xatırlatmalı oldum (guya məni görmürdü). Başqa bir işçiyə vəsiqəmi axtarmağı tapşırdı. Bu xanım artıq rəfdəki bütün vəsiqələrin içərisində axtarış aparırdı. Onların sayı yüzlərlə idi.
Yenə də bir nəticə olmadı. Xanım sənədləri qəbul etmiş pəncərəyə yaxınlaşıb nə isə aydınlaşdırmağa çalışdı. Geri qayıdıb yenidən rəfdəki dəstə-dəstə vəsiqələrin içərisində axtarışı davam etdirdi.
Bir saata yaxın davam edən axtarış nəticəsiz qurtardı. Xanım harasa zəng edib astadan nə isə danışdı. Daha sonra o biri xanımlara yaxınlaşıb müzakirə etdilər. Nəhayət, üçüncü xanım yaxınlaşıb vəsiqənin tapılmadığını bildirdi. Səbəbini soruşduqda “Daxili İşlər Nazirliyinin sistemində sizin vəsiqənizlə bağlı texniki problem var, bir müddət gözləməli olacaqsınız” dedi. Bir müddətin nə qədər – bir saat, bir gün, bir həftə çəkəcəyini soruşduqda “Telefon nömrənizi verin, səbəbini aydınlaşdırıb bir neçə gündən sonra sizə zəng vurarıq” dedi. Telefon nömrəmi verib evə qayıtdım.
Gözləyirəm.