Jurnalist Şahin Əliyevin ad günüdür.
1963-cü il sentyabrın 17-si Kəlbəcərin Sarıdaş kəndində doğulan Şahin Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. “Səhər”, “Bakı” qəzetlərinin müxbiri, “Xalq qəzeti”nin baş müxbiri, “Üç nöqtə” qəzetinin baş redaktor müavini, AZƏRTAC-ın müxbiri olub.
Həmkarı, dostu İmran Bədirxanlı Şahin Əliyevin ad günü haqda bunları yazır: “…Gecə yarıdan keçib. Təzə təqvim gününün ilk saatında əziz dostumu və sirdaşımı 58 yaşı münasibətilə təbrik etməkdən daha gözəl nə ola bilər? Bu gözəl duyğuya fərəh və qürur hissi qatan həm də odur ki, ömür yaşının düz tən yarısını Kəlbəcərsiz, Sarıdaşsız keçirmiş dostum doğulub-böyüdüyü, fəqət sonra yalnız yuxularında gördüyü doğma yurdunu bağrına basıb dünyanın ən xoşbəxt sakini kimi gülümsəyə bilər”.
İyirmi yeddi il əvvəlin söhbətidir. Jurnalistika fakültəsinin Kommunist, 8-dəki binasından çıxıb son dayanacağı metronun “Bakı Soveti” stansiyasının arxası olan 39 saylı marşrut avtobusuna minib universitetin Yasamaldakı yataqxanasına gedirdik. O, həmişə ön qapıdan minər, oturmağa yer olanda da əyləşməz, düz sürücünün arxasında dimdik dayanıb diqqətlə yola baxardı.
Birinci kursdaydıq, təzə-təzə tanış olurduq. Bir dəfə dözməyib bu hərəkətinin səbəbini soruşdum. Qayıdıb tam ciddi şəkildə dedi: “Burda dayanmaq mənə ləzzət eləyir. Təsəvvürümdə canlandırıram ki, avtobusu özüm sürürəm…”.
Yox, o, sadəlövh oğlan deyildi. Sürücülük həvəsinə də düşməmişdi. Güman edirəm ki, o dövrdə əyalətdən Bakıya ali təhsil almağa gələn, əlçatmaz zirvələri fəth etmək iddiasında olan kənd uşaqlarının böyük əksəriyyəti məhz bu cür sürətlə irəli getməyi, sükanı əlində möhkəm tutmağı arzulayırdı. Şahini lap yaxından tanıyanda, bir-birimizə isinişəndə buna tamamilə əmin oldum. Amma onun həyat prinsipi kimi qəbul etdiyi əsas məsələ cəmin getdiyi avtobus yox, təkin möhkəm yapışdığı sükan idi.
…Yaman tapışmışdıq. Nəinki boyumuz, çəkimiz, hətta paltarımızın, ayağımızın ölçüsü də eyniydi. Bunlar bir yana, o vaxta qədərki ömür kitabımıza yazılanlar da üst-üstə düşürdü: Üç qardaşın ortancılıyıq, bir bacımız var, o da yaşda bizdən böyük. Yadında olar, ikinci kursda eyni rəngdə, eyni formada şalvar-köynək geyinmişdik. Kənardan baxanlar, tanımayanlar bizi əkiz qardaş sanırdılar. Əkiz ha! Kəlbəcərin dağından enənlə Xaçmazın aranından gələnin əkizliyi! Kəlbəcər-Xaçmaz! Murovun ətəyi – Dəryanın qırağı!
Təkcə zahiri deyil, daxili oxşarlığımız da az deyildi. Biz onunla bir növ şəhərdə öz oxşarına rast gələn və buna ürəkdən sevinən kəndli balaları idik.
Oğlanlı-qızlı qrup yoldaşlarımız da Şahini tez sevdilər, xətrini istədilər. Olduqca sakit, səbirli, həssas və diqqətli davranışı ilə müəllimlərimizin də hörmətini qazandı. Axı o, sadaladığım müsbət xarakteri ilə yanaşı həm də oxuyan tələbə idi.
Universiteti bitirəndən sonra “Səhər”də, “Xalq qəzeti”ndə işləyəndə də, indi “Üç nöqtə” qəzetinin redaktoru kimi də onun təbiəti dəyişmədi. Əsrlərin yox e, minilliklərin qovuşuğunda, necə deyərlər, ictimai-siyasi formasiyaların dəyişdiyi dönəmdə də Şahin Əliyev (pasportunda Şahyəddin Saleh oğlu Əliyev yazılsa da, biz ona elə tələbəçilikdən Şahin dedik, imzasını da belə qoydu) öz xarakterinə sadiq qaldı. Həmin dönəmdə, köhnə quruluşun dağılıb, təzəni yaratmağın əzabını yaşayan cəmiyyətdə sabitqədəm qalmaq heç də asan deyildi. Biz, ötən əsrin 60-70-ci illəri arasında doğulan nəsil minilliklərin rəngarəng tıxacına düşdük! Həmin tarixi dəyişikliklər bizim gəncliyimizin ekvatorundan keçdi.
Yox, biz təkcə tarixi yox, həm də inqilabi dəyişikliklər dönəminin canlı şahidləri və iştirakçılarıyıq. Bəzən özümüz bunun fərqinə varmasaq da! Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinə qəbul olub, Rəsulzadə adına Bakı Dövlət Universitetini bitirmək faktının özü bizim keçdiyimiz məsafənin uzunluğunu və miqyasını göstərir.
…Yuxarıda qeyd etdiyim kimi, Şahin Əliyev professional qəzet jurnalistidir, qəzetçidir. Özünün yaxşı qələmi olsa da, son on-on iki ildə başqalarının yazdıqlarını redaktə etməklə məşğuldur. Redaktorluğun belə bəlası da var: sözünü özgə imzanın üstündə deməyə məcbursan. Gündəlik qəzet buraxmağın çətinliyini, yaradıcı məşəqqətini isə yazılı media mənsubları çox gözəl bilirlər. (Yeri gəlmişkən, ikimizin də siftə iş yerimiz olan, respublikanın ilk gündəlik informasiya qəzeti “Səhər”də Şakir Yaqubov, Hidayət Elvüsal, Məzahir Süleymanzadə kimi əjdahalarla çiyin-çiyinə işləmək və öyrənmək də bizə nəsib olub. Onlara bir minnətdarlıq borcumuz var.) Qazanc isə… Ən çətin, ən imkansız vaxtlarında da Şahindən giley, şikayət eşitmədim. Peşə sahəsində elə böyük gəlirə sahib olmasa da, şəxsi həyatında ən böyük qazancı iki savadlı, ağıllı oğul balalarıdır. Azər Tibb Universitetində, Toğrul isə Kiprin Orta Doğu Universitetində təhsil alır. Bu iki gül bala taleyin ona və ömür-gün yoldaşı Təranə xanıma hədiyyəsi, fəxr ediləsi övladlardır. Əsl yubiley hədiyyəsi isə dövlət başçısından gəldi. Jurnalistlər üçün inşa olunmuş binadan 50 illiyi ərəfəsində ikiotaqlı mənzil alması biz dostları da çox sevindirdi.
…“Son vaxtlar Kəlbəcər, kəndimiz tez-tez yuxuma gəlir. Evimizi, həyətimizi, bağımızı, …darvazamızı görürəm. Amma qəribədir ki, dəmir darvaza boyadığımız göy deyil, qəhvəyi rəngdədir. Yuxuda hər şey olduğu kimi, realdır, bircə bu darvazanın rəngindən savayı…”
Təxminən on beş il bundan əvvəl yuxusunu mənə danışmışdı. Bu rəng məsələsi Şahinə heç rahatlıq vermirdi. Şübhələrinə son qoymaq üçün o vaxtın məşhur ekstrasenslərindən birinə müraciət etdi. O da yuxudakı suala aydınlıq gətirdi. Cavab belə oldu: “Kəlbəcərin işğalına hardasa bir ay qalmış ailə üzvlərinizdən biri darvazaya qəhvəyi boya çəkib”. Üstündən iki-üç gün keçməmiş dostum öz araşdırmasının nəticəsini mənə danışdı. Həqiqətən də, işğala az qalmış kiçik qardaşı Ərşad darvazanı qəhvəyi boyayıbmış. Bəli, yuxusu onu aldatmamışdı. Rəngi dəyişmiş o darvazalar bu gün də minlərlə soydaşımızın gününü göy əskiyə büküb yuxularını qarışdırır.
…Bəlkə də aşağıdakı məlumatı yubiley günündə oxucuyla bölüşməyimi təqdir etməyəcək. Amma düşünürəm ki, bu maraqlı fakt konkret bir jurnalistin peşəkar qüsuru kimi deyil, illər keçdikcə insanlarımızın yurd itkisinə, torpaqların işğalına bir qədər soyuq, laqeyd münasibəti nöqteyi-nəzərindən maraq kəsb edir. Onun doğma Sarıdaşında toyu işğaldan 7 ay 7 gün əvvəl çalınsa da, telekanalların birində işləyən tələbə yoldaşımız həmin toy görüntülərini tamaşaçılara “Kəlbəcərin sonuncu toyu” kimi təqdim edirdi. Özü də bir dəfə yox, dəfələrlə, martın sonları, aprelin əvvəllərində, növbəti işğal ildönümü ərəfəsində (son iyirmi ildə rəsmi, elmi, ədəbi leksikonumuza daxil olmuş ifadəyə fikir verin siz Allah: işğal ildönümü). Axırda dözmədi Şahin, gedib kaseti aldı.
…Hər şeyini – sevincini, kədərini, müşahidələrini mənimlə bölüşən yubilyar qardaşım bir sirrini məndən də gizlədibmiş. Şahin beşillik tələbəlik həyatımızın hər gününü qələmə alırmış. Gündəlik yazırmış. Əminəm ki, olduqca güclü müşahidə qabiliyyətinə malik dostumun o dəftərində çox maraqlı qeydlər yatır. İnşallah, qismət olsa, o dəftəri də vərəqləyərik. Nə bilmək olar, bəlkə o dəftərin əsasında Şahin Əliyevin epistolyar janrda maraqlı bir kitabı işıq üzü gördü. İndidən kitabın redaktorluğunu boynuma götürürəm.
…Xətrini dünyalar qədər istədiyim dostum, sirdaşım Şahin Əliyevin 50 yaşına bu müxtəsər qeydlərimə yuxarıdakı sərlövhəni təsadüfən seçməmişəm. Dostluq tarixçəmizin iyirmi yeddi ili ərzində Şahinin qəlbimdə, xəyalımda formalaşmış obrazı məhz sürücüyə daha yaxındır. Səliqəli, məsuliyyətli, intizamlı, yol subyektlərinə hörmətlə yanaşan professional sürücü! Yarım əsrlik ömründə heç vaxt şəxsi avtomobili olmasa da, indi vaqonlarının sayı əlliyə çatmış həyat qatarını həmişə inamla idarə edib. İşində, ailəsində, dost-tanış, qohum-əqrəba arasında nəinki ciddi, heç yüngül qəzaya da uğramayıb. Həmişə də öz yolunun qayda-qanunlarına axıradək riayət edib. Çünki bu qaydaları ağlı dünyanı kəsəndən özü müəyyənləşdirib. Bilirəm, o, kimsənin qaydaları ilə “oynamağı” sevməz, amma onun qaydalarına boyun əyməyə məcbur olanlar az deyil.
Qardaşımın yarım əsrlik yolu mübarək olsun, növbəti 50 ildə şüşə kimi hamar yola düşsün və bu ömür yolunun sərin mehi ona intizarında olduğu rahatlığı, dincliyi gətirsin. Qoy bu yolun üstündəki ən böyük dayanacaq ən çox arzuladığı ünvan – Sarıdaş olsun…
İmran Bədirxanlı
17 sentyabr 2013-cü il