Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası
İşğaldan qurtulmuş torpaqlarda məskunlaşma ciddi müzakirə edilir. Hətta paytaxtın azad edilmiş şəhərlərdən birinə köçürülməsi təklif olunur. Bu məsələdə emosiyaları kənara qoymaq lazımdır. Paytaxtın yeri seçilərkən təhlükəsizlik məsələsinə xüsusi diqqət verilir. Azərbaycan paytaxtının Qarabağdakı şəhərlərdən birinə, yəni İran və Ermənistana (bu ölkədə Rusiya qoşunları da var) yaxın əraziyə köçürmək təhlükəsizlik problemləri yaradar. Bakı paytaxt kimi qala bilər, amma şəhərin yükü mütləq azaldılmalıdır. Elə strateji qərarlar verilməlidir ki, həm işğaldan azad edilən torpaqlarda 2030-cu ilə qədər 1,5-2 milyon vətəndaşımız məskunlaşsın, həm də Bakının çəkilməz yükü azalsın.
Bəzi nazirliklər, dövlət idarələri, universitetlər işğaldan azad olunmuş şəhərlərə köçürülməlidir. Bu, həmin bölgələrdə iqtisadi aktivliyin yaranmasına və inkişafa səbəb olar. Məsələn, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin bəzi bölmələrinin, Mərkəz Bankın Bakıda olmasının heç bir önəmi yoxdur. Universitetlərin də Bakıda cəmlənməsi doğru deyil. Birini Ağdama, o birini Qubadlıya, Füzuliyə, başqasını Hadruta, Şuşaya köçürmək daha doğru olar. Həm həmin bölgələrdə şəhər mədəniyyətinə təkan verilər, həm Bakının yükü azalar. Universitetlərin işğaldan azad olunmuş şəhərlərdə yerləşməsi məskunlaşmanı sürətləndirər, onların ətrafında iqtisadi fürsətlər yaradar. Kirayə mənzillər, kafelər, restoranlar, tələbə şəhərcikləri, müəyyən istehsal sahələri iqtisadi canlanmaya gətirib çıxarar.
İşğaldan azad edilən ərazilərdə iqtisadi fürsətlər yaranmasa, yenə də yerli icra başçılarının özbaşınalığı, məmur biznesi, korrupsiya, inhisarçılıq olarsa, Qarabağa köçən əhali bir müddətdən sonra yenidən Bakıya üz tutacaq.
İlk növbədə idarəetmə təkmilləşdirilməli, yeni formaya keçid təmin edilməlidir. Prezidentin bu ilin iyul ayında yaratdığı 14 iqtisadi rayon arasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da var. İndi növbəti addım atılmalıdır – ölkədə rayonlar üzrə inzibati bölgü ləğv edilməli, yeni inzibati-ərazi bölgüsünə keçilməli, regional idarəetmə strukturları qurulmalıdır. Bundan sonra bir sıra mərkəzi qurumların işğaldan azad olunmuş ərazilərə köçürülməsi təmin edilə bilər.
İdarəetmənin effektivliyi artmasa, ədalətli məhkəmə sistemi təsis olunmasa, seçkili yerli özünüidarə institutları effektiv fəaliyyət göstərməsə, iqtisadi aktivlik mümkün deyil…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri