Avqustun 30-u Şuşa şəhərində Vaqif Poeziya Günlərinin rəsmi açılışı keçirilib. Mərasimə qatılan prezident İlham Əliyev çıxış edib. O deyib ki, Şuşanın işğalı Azərbaycan xalqının böyük faciəsi idi: “Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı. Şuşanın strateji əhəmiyyəti bizim üçün itirilmiş oldu və düşmən bundan istifadə edərək ondan bir neçə gün sonra – 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondan bir il sonra – 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi və beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı.
Şuşanın itirilməsi digər rayonların itirilməsinə təkan vermişdi. Ancaq biz Azərbaycan xalqı olaraq heç vaxt bu işğalla barışmaq fikrində deyildik. İşğal dövründə mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, işğal edilmiş bütün torpaqları, o cümlədən Şuşanı nəyin bahasına olursa-olsun işğalçılardan azad edəcəyik.
Bildiyiniz kimi, danışıqlar prosesi 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bu vəziyyəti, yəni dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqı bizə tanıyır. BMT-nin nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq.
44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Biz qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik və bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli-praktiki addımlar atılır.
Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup gəlirlər, öz doğma şəhərinə, şəhərini ziyarət edirlər. Eyni zamanda burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik”.
Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, şair Nəriman Həsənzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, yazıçı Elçin Əfəndiyev, şairə Günel Şamilqızı və şair Şəhriyar Del Geraninin çıxışları olub.
AZƏRTAC-ın məlumatına görə, sonra prezident birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda: Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olub.
Prezident İlham Əliyev avqustun 29-dan Şuşadadır. Həmin gün şəhərdə şair, ictimai xadim Molla Pənah Vaqifin büstünün, onun təmir-bərpa və yenidənqurma işlərindən çıxan muzey-məqbərə kompleksi açılıb.
30 avqust mərasimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin önündə keçirilib.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Əsası 1750-ci ildə qoyulan Şuşa şəhəri 1992-ci il mayın 8-dən 2020-ci il noyabrın 8-dək erməni işğalı altında olub.
Vaqif Poeziya Günlərinin əsası 1982-ci ildə qoyulub.