ABŞ-ın CNN kanalının internet səhifəsində “Maskaları taxın, silkələnə bilərik” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi tibb elmləri doktoru Komilla Sasson ABŞ-ın Kolorado ştatının Denver şəhərində təcili yardım həkimi və ictimai səhiyyə xidməti üzrə tədqiqatçıdır. O, COVİD-19 xəstələrinə qulluq etmək üçün son bir ildə ABŞ-ı qarış-qarış gəzib. Sasson həmçinin qapalı məkanlarda havalandırmanın keyfiyyətini yaxşılaşdırmağa həsr olunmuş “CO2 Check” saytının yaradıcısıdır. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
Biz təyyarənin göyərtəsinə daxil olanda uçuşu həyata keçirən heyətə, təhlükəsizliyimizi və rahatlığımızı təmin etmək üçün salondakı bələdçilərə və hava durumuna nəzarət edən mütəxəssislərə etibar edirik.
Təyyarəyə minəndən sonra sərnişinlərin üzərinə düşən vəzifə yerlərində əyləşib təhlükəsizlik kəmərlərini taxmaqdan ibarətdir.
Hava gəmisi kreyser hündürlüyünə çatanda təhlükəsizlik kəmərlərinin işığı sönür və sərnişinlər təyyarənin göyərtəsində sərbəst hərəkət edə bilirlər.
Ancaq bəzən uşuş zamanı təyyarə ləngər vurmağa başlayır. Pilot reproduktorla “Yerlərinizə qayıdın və təhlükəsizlik kəmərlərinizi taxın” deyəndə çoxumuz yerlərimizə qayıdaraq təhlükəsizlik kəmərlərimizi taxırıq və özümüzü qeyri-sabit uçuşa hazırlayırıq.
Bəs görəsən təhlükəsizlik kəmərlərini taxdığımız zaman özümüzə belə bir sual veririkmi ki, niyə pilotlar, bələdçilər və ya uçuş heyətinin havaya nəzarət edən üzvləri belə halların baş verəcəyini əvvəlcədən nəzərə almayıblar? Bizdə uçuş heyətinin davranışına və niyyətinə şübhə yaranırmı? Xeyr. Çünki biz uçuş zamanı situasiyanın hər an dəyişə biləcəyini anlamalıyıq və şəraitə uyğunlaşmalıyıq.
Səbəbsiz heç nə baş vermir. COVİD-19 infeksiyası dünyanın ən təhlükəli “təyyarə səfərlərindən” biridir və hazırda bütün dünya bununla mübarizə aparır.
Səhiyyə və dövlət qurumları əllərində olan bigilərə əsaslanaraq ictimai təhlükəsizliyi təmin etmək üçün qapanmalar, səyahətlərə məhdudiyyətlər tətbiq etmək, maska taxmaq məcburiyyəti və digər qabaqlayıcı tədbirlər görmək məqsədilə qərarlar qəbul edirlər.
Sonradan peyvəndlər hazırlansa da, xəstəxanalar koronavirusa yoluxmuş pasiyentlərlə doludur.
Biz hamımız sözün həqiqi və məcazi mənasında rahat nəfəs ala bilmək, ailəmizlə, dostlarımızla əvvəlkitək çəkinmədən, maskasız görüşmək, məktəblərdə əyani oxumaq və sərbəst şəkildə iş yerlərimizdə çalışmaq üçün “pandemiya təyyarəsi səfərində” həmin o kreyser yüksəkliyinə çatmışıq.
Ancaq heç bir peyvənd sehrli çubuq deyil. Hələ də COVİD-19 infeksiyasına yoluxmalar davam edir.
Eyni zamanda vaksinasiya koronavirusa yoluxma riskimizi çox aşağı salır. Yoluxma baş versə belə xəstəliyi yüngül keçirmək və xəstəxanaya düşməmək şansımız çoxalır.
Amma biz COVİD-19 infeksiyasının hansı sürətlə dəyişəcəyini, dünyada nə qədər peyvəndlənməmiş insanın qaldığını, iki ilə yaxındır üzə çıxan və dünyanı cənginə alan bu yeni virusun hələ bundan sonra nələrə səbəb olacağını bilmirik.
Biz buradayıq. Tibb işçiləri və mütəxəssisləri bizi çətin bir səyahətə hazırlayırlar. Bizim isə bu səyahətdə öz yerlərini tutub məşhur “təhlükəsizlik kəmərlərini taxın” (yəni maskalarınızı taxın) çağırışına əməl edəcək insanlara ehtiyacımız var.
Narahatlıqlarımız da var. Onlardan bir neçəsini xatırladaq:
– Koronavirus bütün dünyada insandan-insana yoluxmaqla sürətlə dəyişməkdə davam edir.
– Biz hələ də bu virus, onun diaqnozu, müalicəsi və ondan qorunmağın ən yaxşı üsullarını öyrənirik.
– Peyvəndlənməsinə rəsmi icazə verilməyən 12 yaşdan aşağı uşaqlar var.
– Dünyanın bəzi yerlərində peyvəndə əli çatmayan insanlar var.
– Elə burada – ABŞ-da vaksinlərə tərəddüd edən və peyvəndlənməyən insanlar var.
– COVİD-19 infeksiyasının hava-damcı yolu ilə yayıldığını bilirik. Ona görə də qapalı məkanlarda, eləcə də izdihamlı açıq yerlərdə xüsusilə ehtiyatlı olmalıyıq.
– Havalandırma virusun yayılmasının qarşısını alan əsas vasitədir və qapalı məkanlarda havanı təmizləmək üçün bizim hələ görməli işlərimiz qalır.
Bir sıra məsələlələ bağlı müxtəlif proqnozlarımız var. Onların bəzilərinə nəzarət edə bilirik, bəzilərinə isə cüzi təsir etmək imkanındayıq. Məktəblərin açılacağı vaxt yaxınlaşdıqca dünya üzrə bütün yaş qrupuna daxil olan insanları qorumaq üçün daha çox məsuliyyət hissi yaranır.
Mənim sizdən bir xahişim var: “pandemiya təyyarəsi”nin heyəti adından sizə yalvarıram, yerlərinizi tutun, təhlükəsizlik kəmərlərinizi (maskalarınızı) taxın və təlatümlü bir səfərə hazır olun. Peyvəndlənmiş olsanız belə, qapalı məkanlarda və izdihamlı açıq havada maska taxın. Xahiş edirəm sizin qeydinizə qaldığımıza, bizə olan etibarınıza şübhəylə yanaşmayın. Respublikaçıyıq, demokratıq, yoxsa başqa biriyik – soruşmayın.
Biz hamımız birlikdə nəhəng bir təyyarədə uçuruq. Bizim qeydinə qaldığımız sərnişinlər var, yəni siz varsınız.
Sizə söz verirəm ki, daha təhlükəsiz və rahat şəraitə çatan kimi təhlükəsizlik kəməri işarəsini söndürəcəyik və sizə maskasız dincəlməyə icazə verəcəyik.
Ancaq unutmayın ki, bu maskalar yenidən geri qayıda bilər və koronavirusun yayılmasının qarşısını almaq üçün sizdən əlavə yardım istəyə bilərik.
Gələcəyi və şərtlərin necə dəyişəcəyini təxmin edə bilmərik. Sadəcə, sizdən xahiş edirəm ki, bu pandemiya təyyarəsini təhlükəsiz və rahat şəkildə endirməyə çalışdığımız bir vaxtda bizə yol verəsiniz, mərhəmət və səbir nümayiş etdirəsiniz.
Komilla Sasson
Mənbə: CNN.com