Türkiyədə ingilis dilində nəşr olunan “Hürriyet Daily News” qəzetində “Türkiyə müxalifətinin prezidentliyə namizədi kim olacaq?” başlıqlı məqalə işıq üzü görüb. Məqalənin müəllifi siyasi şərhçi Sərkan Dəmirtaşdır. Novator.az saytı məqaləni ingilscədən çevirərək təqdim edir.
2023-cü ildə Türkiyədə növbəti prezident seçkisinin keçiriləcəyi gözlənir. Bu seçkylə bağlı başladılan təşviqat kampaniyası bəlkə də Türkiyənin siyasi tarixində ən uzunmüddətli kampaniyalardan biri olacaq.
Hazırkı dövlət başçısı, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Teyyub Ərdoğan son həftələrdə partiya rəsmiləri ilə ardıcıl görüşlər keçirib. O, həmin görüşlərdə partiyasının seçki kampaniyasına başladığını elan edib.
Ərdoğan AKP-dən olan millət vəkilləri və partiyanın regional qurumlarının rəhbərləri ilə qapalı görüşlər də təşkil edib və ölkə boyu səfərlərə çıxmağa başlayıb.
Növbəti prezident seçkisinin 2023-cü ilin iyun ayında baş tutacağını təsdiqləyən Ərdoğan AKP-nin bütün strukturlarını vaxt itirmədən seçki hazırlıqlarına başlamağa çağırıb.
O, partiyadaşlarına deyib ki, seçkiyə qətiyyətlə hazırlaşmaq üçün qarşıda iki mühüm mərhələ var: birinci mərhələ 2021-2022-ci illər, ikinci mərhələ isə seçki ili – 2023-cü ilin birinci yarısıdır. “Biz 2023-cü ili sağ-salamat başa vurmalıyıq” deyə Ərdoğan partiyadaşları qarşısında bəyan edib.
Türkiyə siyasətinə bələd olanlar yaxşı bilirlər ki, bu ölkədə seçki təşviqatı üçün iki il çox uzun müddətdir. Ona görə indi bir-birinə rəqib siyasi düşərgələrin strategiyaları haqda proqnozlar vermək və ya onların yol xəritələrinə dair ağlabatan ehtimallar irəli sürmək mümkün deyil. Hazırda bizim əlimizdə olan yalnız siyasi seçimin baza prinsipləridir.
2018-ci ilin iyununda keçirilmiş prezident və parlament seçkilərində olduğu kimi AKP ilə MHP-nin (Milliyyətçi Hərəkat Partiyası) qurduğu Xalq ittifaqının 2023-cü il seçkisində də prezidentliyə namizədinin Ərdoğan olacağı aydındır. Onların əsas ritorikası Türkiyədə Çanaqqala zəfərinin yüzüncü ildönümünə tamamilə yeni, sırf mülki əsaslı bir konstitusiya ilə çıxmaqdır.
Bundan başqa, Xalq ittifaqı qarşıdakı iki ildə Türkiyə iqtisadiyyatının bərpasına ictimai rəy sorğularında üstünlük əldə etməyin vacib yollarından biri kimi baxır.
Xarici siyasətə gəlincə, Türkiyə ilə Qərb arasında barışıq prosesi kövrək də olsa hələ ki, davam edir. Regional münaqişələrin mürəkkəbliyini nəzərə alsaq, bu gərginliyin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir.
Bütün bunları saf-çürük edəndə bu gün Xalq ittifaqı növbəti seçkilərə hazırlıq baxımından daha irəlidə görünür.
Millət ittifaqına daxil olan Cümhuriyyət Xalq Partiyası və Yaxşı Partiya, eləcə də Səadət Partiyası, Demokrat Partiyası, habelə yeni yaradılmış digər iki partiya – Demokratiya və Sıçrayış Partiyası ilə Gələcək Partiyası hazırlıq məsələsində geri qalır.
Bu müxalif partiyalar prezident idarəçiliyi sistemindən narazı olsalar da, “gücləndirilmiş parlament idarəçiliyi sistemi” adlandırdıqları idarəçiliyə keçmək üçün yekdil variant ortaya qoymaq işini daima ləngitməkdədirlər.
Müxalifət partiyalarının ən vacib hədəfi 2019-cu ilin bələdiyyə seçkilərindəki uğurlarını təkrarlamaqdır.
Amma burada bəzi məqamlar var: bələdiyyə seçkiləri yerli seçkilərdir və onun özünəməxsus dinamikası olur; ümummilli seçkilər siyasi partiyalar qarşısında bələdiyyə seçkilərindən daha güclü təşkilatçılıq tələb edir. Ümummilli seçkilərdə ən vacib məqam gələcək üçün mühüm vədlər verməkdir.
Sözdə bütün müxalifət partiyaları hakimiyyətə gəldikləri təqdirdə demokratiyanı, qanunun aliliyini və əsas azadlqıları diqqətdə saxlayacağını vəd edir. Ancaq onlar hələlik bu vədləri necə həyata keçirəcəklərini ətraflı şəkildə açıqlamayıblar.
Bundan başqa, bir neçə müxalif partiyanın eyni hökumətdə necə təmsil olunacağı və hakimiyyətə yiyələnsələr iqtisadiyyatın, xarici siyasətin, təhsilin, mədəniyyətin idarə olunmasında öz aralarında nə dərəcədə razılığa gələ biləcəkləri məlum deyil.
Millət ittifaqının üzləşdiyi daha bir problem prezidentliyə namizədliklə bağlıdır. Hazırda müxalifət düşərgəsində prezident postuna dörd namizəd var: Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu, Yaxşı Partiyanın lideri Maral Akşener, 2019-cu ilin bələdiyyə seçkilərinə Millət ittifaqının namizədləri kimi qatılan və seçkiləri udan CHP üzvləri Əkrəm İmamoğlu (hazırda İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədridir) və Mənsur Yavaş (hazırda Ankara Böyük Şəhər Bələdiyyəsinin sədridir).
Son günlər müxalifət düşərgəsində prezidentliyə namizədlik mövzusu daha da kəskinləşib. CHP liderinin ən yaxın adamlarından olan, partiyada sədr müavini postunu tutan Bülənd Kuşoğlu CHP-nin prezidentliyə namizədinin Kamal Kılıçdaroğlu olduğunu elan edib. Kamal Kılıçdaroğlu isə dərhal bu məlumatı təkzib etməli olub. Çünki Kılıçdaroğlu prezidentliyə namizədi müxalifət koalisiyasının müəyyən etməli olduğu düşüncəsindədir və o, yenə bu məşhur mövqeyini ortaya qoyub.
Koalisiyanın vahid namizəd müəyyənləşdirməsi isə asan məsələ deyil. Müxalifət prezident seçkisinin ilk turuna vahid namizədlə qatılıb-qatılmayacağı haqda hələ ki, bir qərar qəbul etməyib.
Bu ideyaya qarşı çıxanlar seçkinin ilk turunda bütün partiyaların öz namizədi ilə iştirak etməsini, sonra ikinci tura çıxan, yəni Ərdoğana qarşı ən çox səs toplayan namizədin ətrafında birləşməyi təklif edirlər. Ancaq məsələ burasındadır ki, bu halda Ərdoğan rəqiblərini elə birinci turdaca məğlub edə də bilər.
Bəzi müxalifət nümayəndələri qərar qəbul etməkdə tələsməməyi məsləhət görürlər. Onlar hesab edirlər ki, siyasi strategiyanın erkən elan olunması sərfəli deyil və bu, Millət ittifaqındakı birliyi risk altına ata bilər.
Görünür, Türkiyənin müxalifət partiyaları növbəti seçkiyə tam hazırlaşmaq üçün daha çox vaxt və böyük enerji sərf etməli olacaq.
Sərkan Dəmirtaş
Mənbə: Hurriyetdailynews.com