ABŞ-ın CNN kanalının internet səhifəsində “Vaksinasiya haqqında əsl həqiqət” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi CNN-in siyasi şərhçisi, Prinston Universitetinin tarix və ictimaiyyətlə əlaqələr üzrə professoru Culian Zelizerdir. Novator.az saytı məqaləsini ingilscədən çevirərək təqdim edir.
Vətəndaşlar qarşısında peyvəndlənmə və peyvənd pasportu haqda qəti tələb qoymağın vaxtıdır.
Koronavirus vaksinləri çox yaxşı işləyir, ancaq peyvəndlənməyən insanlar arasında virusa yoluxma halları getdikcə artmaqdadır. Koronavirusun delta variantı dünyanın çox yerində, eləcə də ABŞ-da pandemiyanın sönükləşdiyini, ancaq hələ bitmədiyini göstərir.
ABŞ-ın istər əvvəlki, istərsə də indiki rəhbərliyi vaksinləri fərdi seçimə buraxıb və bu, səhv yoldur. Hökumətinə güc nümayiş etdirməkdən çəkinməyən prezident Bayden də peyvəndlənmə məsələsinə gələndə insanları düzgün və vətənpərvər seçim etməyə çağırmaqla kifayətlənir.
Qubernatorlar öz ştatlarında sakinlərə yalvarırlar ki, tez peyvənd olunsunlar. Onların çoxu ilk növbədə peyvəndlərin əlçatan olmasına çalışır, adamların peyvəndlənməsinə isə elə də israr etmirlər.
Vaksinasiya paketlərinə mükafatlar, çoxmilyonlu lotereya və beysbol biletləri, pivə, geyim-kecim hədiyyələri daxil edilib. Hökumət vaksinləri sadə, əlçatan və cəlbedici hala gətirməklə məşğuldur. Ancaq bütün bunlar kifayət eləmir.
Əlbəttə, peyvənd olunma üsullarının sadələşdirilməsi, əlçatanlıq, cəlbedicilik vacib şərtlərdir. Heç kim vaksinasiya prosesində maneələrlə qarşılaşmamalıdır. Ancaq vətəndaşlar buna məcburi olmayan, yalnız öz istəklərinə bağlı bir proses kimi də baxmamalıdırlar.
Bayden və digər siyasi liderlər yalnız fərdi hüquqları deyil, kollektiv rifahı da düşünməlidirlər. Bu, mühafizəkar tənqidçilərin iddia etdikləri kimi sosializmə doğru bir addım deyil. Ümumi rifaha amerikansayağı, alma tortu kimi yanaşmaq olmaz.
Birləşmiş Ştatlar illər uzunu ümumi rifah məqsədilə vətəndaşları proqramlarda iştiraka məcbur edib.
1935-ci ildə yaradılan Sosial Təminat Xidməti yaşlı insanlara pensiya ödəmək üçün bütün sanəye işçilərindən vergi tutulmasını qanuniləşdirib.
İkinci Dünya müharibəsi zamanı kütləvi mənfəət vergisi sistemi və qismən səfərbərlik proqramı qlobal faşizm təhlükəsi ilə mübarizəyə töhfə verib.
1956-cı ildə ABŞ ştatlararası magistral yolları maliyyələşdirmək üçün vergilərdən yararlanıb. Bu da ölkədə icmaların inkişafına yol açıb.
Kollektiv öhdəlik həmişə Amerikanı fövqəldövlət kimi qoruyan amillərdən biri olub və biz vaksinasiyaya bu həyati əhəmiyyətli prizmadan yanaşmalıyıq.
Normal həyata qayıtmaq, iqtisadiyyatı bərpa etmək, hər kəsin təhlükəsiz bir cəmiyyətdə sağlam, xoşbəxt yaşamasına şərait yaratmaq istəyiriksə, insanların böyük əksəriyyətinin peyvənd olunmasına çalışmalıyıq.
Vətəndaş öhdəliyi – insan hüquqları ilə qoşa addımlayan bir tərəfdaşdır. Siyasi mədəniyyətimizin bu iki elementi arasındakı əlaqəni pandemiya da təsdiqləyir.
Koronavirusun qarşısını almaqda israr göstərməsək, xəstəxanalar yenə dolub-daşacaq və ABŞ-da insanlar sadəcə olaraq öz hüquqlarını həyata keçirə bilməyəcəklər.
Hazırda ölkə əhalisinin böyük qismi pandemiyadan sonrakı həyatın dadını çıxarmaqdadır. Biz geriyə addım atmamalıyıq. Delta variantı isə geriləməyin nə qədər asan olduğunu nümayiş etdirir.
Peyvəndlənmə tələbi bizim və ictimai səhiyyə sisteminin gündəmindən düşməməlidir.
Culian Zelizer
Mənbə: CNN.com