Əli Kərimli
AXCP sədri
Narkotik, xüsusilə də “şüşə”, “patı” adları ilə tanınan sintetik narkotiklər son vaxtlar gənclər arasında dəhşətli miqyasda yayılır, bu məsələ milli təhlükəsizlik probleminə çevrilib. Nisbətən ucuz və asan əldə olunan, geniş yayılmış bu sintetik narkotiklər indidən milli bəlaya çevrilib. Belə davam edərsə, bu prosesin millətimizə gələcək illərdə vuracağı zərəri təsəvvür etmək dəhşətlidir.
Necə olur ki, cəbhəçini, müxalifətçini ölkənin ən ucqar kəndində belə güdən, internetdə 5 nəfərlik qruplara da adam yerləşdirib minlərlə müxalifətçini nəzarətdə saxlayan güc strukturları 100 minlərlə gəncimizin bu dəhşətli bəlaya cəlb edilməsinə göz yumur? Onlar şərait yaratmasa, bu bəla bunca geniş yayıla bilərdimi?
Aydındır ki, 100 minlərlə gəncimizi addım-addım məhv edən bu bəlanı yayanların da himayədarı hakimiyyətin içindədir.
Bəlkə hakimiyyətin içində belə düşünənlər var ki, gənclərin narkotik qəbul edib dərdlərini, qayğısını müvəqqəti unutması, beyinlərinin yuyulması onlara həm də siyasi baxımdan sərf edir? Bəlkə düşünürlər ki, gənclər elə düşünmək, narahat olmaq, mübarizə aparmaq imkanını itirsə yaxşıdır?
Belələri unutmasınlar ki, motivi nə olursa olsun gənclər arasında narkotikin geniş yayılmasına şərait yaratmaq millətin genefonduna vurulan zərbədir. Xalqa qarşı ən ağır cinayətlərdən biridir. Qoy onlar bilsin ki, bu tipli cinayətləri törədənləri xalqımız heç vaxt bağışlamayacaq.
Valideynlərə, gənclərimizə, bütövlükdə xalqımıza müraciət edirəm: övladlarınızı, doğmalarınızı, özünüzü narkotik bəlasından qoruyun. Narkotik vasitələri istehsal edənləri, gətirənləri, yayanları, onları himayə edənləri hər yerdə, hər fürsətdə ifşa edin. Xalqımızın hər gün bir az məhv edilməsinə susmayın!
Rəsmi hesabata görə, 2020-ci ildə Azərbaycanda qeydə alınmış 26004 cinayətin 5252-si narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. İl ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 4233 nəfər cinayət törətmiş şəxs müəyyən edilib: “Cinayət törətmiş şəxslərin 0,1 faizi 14-17 yaşda, 7,6 faizi 18-24 yaşda, 17,4 faizi 25-29 yaşda, 74,9 faizi 30 və yuxarı yaşlı şəxslərdir”.