ABŞ-ın CNBC kanalının internet səhifəsində “Gənclər, peyvənd olunmayanlar, 50 yaşdan yuxarı şəxslər, yaxud da peyvəndin yalnız birinci dozasını vurduranlar koronavirusun delta variantına yoluxma riski altındadırlar” başlıqlı məqalə dərc edilib. Məqalənin müəllifi kanalın əməkdaşı Holli Ellyatdır. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
Delta variantı indiyədək ən çox araşdırılan koronavirus mutasiyasıdır. Koronavirusun bu ştamı əvvəlki variantlarından daha yoluxucudur.
Əldə edilən sübutlar göstərir ki, delta ştamı xəstəliyin ağırlaşması riskini artırır və peyvəndlərə daha böyük müqavimət göstərir.
Delta variantı ilk dəfə ötən ilin sonlarında Hindistanda aşkar edilib və ölkədə infeksiyanın ikinci dalğasının başlanmasına təkan verib. Nəticədə minlərlə Hindistan sakini həyatını itirib.
Hazırda delta variantı bütün dünyada sürətlə yayılmaqdadır.
Ötən həftə Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, delta variantı ən sürətli və ən davamlı koronavirus ştamıdır.
Dünya Səhiyyə Təşkilatının xəbərdarlığına görə, delta ştamı həssas əhali qruplarının, xüsusilə də peyvəndləmənin aşağı səviyyədə olduğu ölkələrdə yaşayan şəxslərin ölüm sayının pik həddə çatması ilə nəticələnəcək.
Hansı insanlar yoluxma riski ilə üz-üzədir?
İngiltərədəki son statistika delta variantının nə qədər uzağa yayıla bildiyini və hansı insan qrupları üçün böyük risk daşıdığını göstərir.
İngiltərənin İctimai Səhiyyə Xidmətinin verdiyi ən son məlumatlara əsasən, delta variantı Böyük Britaniyada geniş yayılıb və son aylarda ardıcıl yoluxma hallarının 95%-i onun payına düşür.
Məlumatlarda göstərilir ki, gənclər, peyvənd olunmayanlar və peyvəndin yalnız birinci dozasını vurduranlar delta variantına yoluxmaq riski altındadırlar.
Bundan başqa, yaşlı insanların infeksiyadan dünyasını dəyişməsi riski hələ də yüksəkdir.
İngiltərədən verilən son məlumatlara görə, fevral ayının əvvəlindən iyun ayının ortalarına qədər 92 min 29 yoluxma halı təhlil olunaraq delta variantına aid edilib.
Bu yoluxmaların əksəri (53 min 822 yoluxma halı) peyvəndlənməmiş şəxslərin payına düşür.
Fevralın əvvəlindən iyunun ortalarınadək İngiltərədə delta ştamına yoluxmuş 92 min 29 nəfərin təxminən 82 min 500 nəfərinin yaşı 50-dən aşağıdır.
Peyvəndlənməyən şəxslər arasında deltaya yoluxanların da böyük əksəri – 52 min 846 nəfəri yaşı 50-dən aşağı olanlardır.
Peyvəndlənməmiş şəxslər arasında deltaya yoluxanların yalnız 976 nəfərinin yaşı 50-ni keçib.
Buna baxmayaraq, İngiltərədə delta variantından dünyasını dəyişən 117 nəfərin çoxu 50 yaşdan yuxarı şəxslərdir.
Yaşı 50-dən aşağı olan şəxslər arasında 8 nəfər dünyasını dəyişib. Onlardan 6-sı ümumiyyətlə peyvəndlənməmiş şəxslər, 2-si isə peyvəndin yalnız birinci dozasını vurduranlardır.
Peyvəndləmə kampaniyası nə yerdədir?
İngiltərədəki statistikaya əsasən, peyvəndin birinci dozasını, qismən həm də ikinci dozasını vurdurmuş şəxslər arasında yoluxma halları qeydə alınır.
İki dozanı qəbul etmiş şəxslər arasında yoluxmanın aşağı səviyyədə olması peyvəndin hər iki dozasını vurdurmağın önəmini göstərir.
Ümumilikdə delta variantına aid edilən 92 min 29 yoluxma halından təxminən 20 mini koronavirus vaksininin birinci dozasını vurduran (birinci dozadan həm əvvəl, həm də 21 gün sonra), 7 min 235-i isə vaksinin hər iki dozasını vurduran şəxslərin payına düşür.
Bu statistika göstərir ki, hazırda mövcud olan heç bir koronavirus vaksini sizi virusdan yüz faiz sığortalaya bilməz.
Ancaq orası da var ki, qeydiyyata alınmış vaksinlərin əksəri yüz faizlik göstəriciyə yaxınlaşmaq üzrədir və ekspertlər hələ peyvənd olunmamış bütün şəxslərə peyvənd vurdurmağı tövsiyə edirlər.
Özümüzü virusdan qorumaq üçün hər iki dozanı qəbul etməyimiz çox vacibdir.
İngiltərənin İctimai Səhiyyə Xidmətindən verilən ayrıca məlumatlarda göstərilir ki, “Pfizer” şirkəti ilə “BioNTech” şirkətinin və ya “AstraZeneca” şirkəti ilə Oksford Universitetinin hazırladığı vaksinlər delta variantına yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşmasının qarşısını almaqda yüksək effektivliyə malikdir.
Böyük Britaniya peyvəndləmə kampaniyasını əhalinin yaş kateqoriyasına və sağlamlıq vəziyyətinə uyğun şəkildə aparır. Burada peyvəndləmə proqramı çərçivəsində ötən ilin dekabrında əvvəlcə səhiyyə işçiləri və yaşlılar peyvənd olunublar. Aprel ayının ortalarından 50 yaşa qədər orta yaşlı şəxslərin peyvəndlənməsi start götürüb.
Hazırda 18 yaşdan yuxarı şəxslərə peyvəndin birinci dozasını, 30-40 yaşlarda olan şəxslərə isə peyvəndin ikinci dozasını vurmaq təklif olunur.
Böyük Britaniyada yaşayan yetkin yaşlı şəxslərin demək olar 85%-i peyvəndin birinci dozasını, 61,9%-i isə hər iki dozanı vurdurub.
Bu rəqəmlər Böyük Britaniyanın dünyada ən sürətlə peyvəndləmə proqramı aparan ölkələr sırasında olduğunu göstərir.
Delta variantı üstünlük təşkil edir
İngiltərənin İctimai Səhiyyə Xidməti ötən həftə delta variantı ilə bağlı risk qiymətləndirmələrini yeniləyərək bildirib ki, hazırda delta variantı yoluxma halları arasında üstünlük təşkil edir və ilk dəfə Böyük Britaniyada aşkarlanan və bütün dünyanı ağuşuna alan alfa variantından daha sürətlə yayılır.
Hər həftə olduğu kimi ötən həftənin sonlarında da İngiltərənin İctimai Səhiyyə Xidməti yeni statistikanı təqdim edib. Statistikada göstərilir ki, Böyük Britaniyada delta ştamının səbəb olduğu yoluxma halları əvvəlki həftə ilə müqayisədə 35 min 204 nəfər, yəni 46% artaraq ümumilikdə 111 min 157-yə çatıb.
İctimai Səhiyyə Xidmətindən bildirilib ki, koronavirusun alfa variantı ilə müqayisədə delta variantı xəstəliyin ağırlaşması riskini artırır.
İngiltərə və Şotlandiyada aparılan təhlillər nəticəsində məlum olub ki, alfa variantı ilə müqayisədə delta variantı peyvəndin effektivliyini azaldır və peyvəndin yalnız birinci dozasını vurdurmuş şəxslər daha böyük risk altındadırlar.
İctimai Səhiyyə Xidmətinin apardığı təhlillərin nəticələri ilə bağlı sevindirici məqam ondan ibarətdir ki, peyvəndin hər iki dozada vurulmasının deltaya qarşı daha böyük effektivliyə malik olduğu və xəstəliyin ağırlaşması riskini azaltmaqda böyük səmərə verdiyi sübuta yetirilib.
Holli Ellyat
Mənbə: CNBC.com