Xalq şairi, Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı məhbus hüquqşünas, dövlət xadimi Eldar Həsənovdan yazıb. O qeyd edir ki, iyunun 27-si İstanbulda, “İlin adamı” mükafatlarının təqdimetmə mərasimində Rumıniyadan olan türk iş adamı, Rumıniya-Türkiyə Ticarət və Sənaye Odaları başqanı Tamer Atalayla görüşüb: “Mənə yaxınlaşıb “Sabir bəy, biz üzüntü içindəyik, ağlasığmaz bir işdir, niyə belə oldu?” dedi. Düzü, nə haqda danışdığını anlamadım. Suallarının arası kəsilmirdi: “Azərbaycan nədən belə bir iş gördü? Bu adamın Balkanlarda yapdıqlarının dəyərini niyə bilmədiniz?”
“Söhbət kimdən gedir?” soruşanda “Sizin böyük elçinizi, Eldar bəyi deyirəm. Rumıniyada, Balkanlarda ad çıxarmışdı. Azərbaycan üçün onun yapdığı işləri başqa kimsə görə bilməzdi. Çox bacarıqlı və ağıllı adamdır”.
Tamer bəy ağlamsınaraq danışırdı: “Bizim ona sayğımız böyükdür. Azərbaycanın prezidenti sayın İlham Əliyevə müraciət etmək istəyirik! Biz İlham Əliyevi də çox sevirik. Bəlkə ona yanlış bilgi veriblər. Belə bir adamı həbsdə saxlamaq günahdır”.
Hörmətli Tamer Atalayın səmimiyyətini, sevgisini duymamaq mümkün deyildi.
Ümid verməkdən başqa yolum yox idi: “İnşallah, hər şey yaxşı olar. Biz, Azərbaycanın bir sıra aydını və millət vəkili də hörmətli prezidentimizə müraciət ünvanlayıb Eldar Həsənovun xidmətlərinin nəzərə alınmasını və onun haqqında olan həbs qətimkan tədbirinin dəyişdirilməsini rica etmişik, narahat olmayın, məsələyə ədalətlə baxılacağına inanırıq”.
Rumıniyalı dostumuzun Eldar Həsənovun gördüyü işlər barədə danışıqları və onun taleyi üçün bir qardaş kimi narahat olması məni xeyli düşündürdü. İşin əslini, Eldarın günahının nə olduğunu bilmirəm. Ancaq bir şeyi bilirəm ki, ədalət tərəzisinə qoyulsa, onun xidmətləri hər hansı qüsurundan qat-qat ağır olar. Adamlarımızı asanlıqla xərcləməyək!”
Hüquqşünas, dövlət xadimi, diplomat, alim Eldar Həsənov 2020-ci il avqustun 13-dən həbsdədir, Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır.
1955-ci il oktyabrın 10-da Kəlbəcər rayonunun Laçın kəndində doğulan Eldar Həsənov indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur cinayət məsuliyyətinə alınıb.
İyulun 16-da prezident İlham Əliyev xarici işlər naziri olan Elmar Məmmədyarovu vəzifədən azad edib, Ceyhun Bayramov xarici işlər naziri təyin olunub.
Avqustun 13-də açıqlama yayan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə ittihamları irəli sürülüb.
Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.
Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.
Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.
Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
Eldar Həsənov bir çox xəstəlikdən əziyyət çəkir. Həbsdə onun səhhəti ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb. Avropa İnsan Hüquqları Məhkəməsi 2021-ci ilin mayında onun vəkillərinin müraciəti əsasında qərar qəbul edib. Qərara əsasən, Eldar Həsənov təcili olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına (bu tibb ocağı Bakının Səbail rayonundadır) yerləşdirilməli, zəruri müayinələrdən keçirilməli, müalicə olunmalı, onunla bağlı tibbi əməliyyatlar aparılmasına şərait yaradılmalıdır. Ancaq qərar icra edilmir.
Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?