İyunun 23-də “Turan” agentliyi hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı yeni informasiya yayıb.
Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-u Bakıda piyada keçidi ilə yolu keçərkən taksi sürücüsü olduğu deyilən Kənan Abdullayevin idarə etdiyi minik avtomobili ilə vurulub, ağır kəllə-beyin travması alaraq koma vəziyyətinə düşüb. Hüquq müdafiəçisi həmin il noyabrın 6-dan Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunub, 2020-ci il noyabrın 8-də Bakıya gətirilib, evdə yatır.
Həyat yoldaşının iyunun 23-də “Turan”a bildirdiyinə görə, Oqtay əlində qələm tutur, yazmağa çalışır, maye qəbul etməyə başlayıb, onun udma refleksi bərpa olunur.
Hüquq müdafiəçisinə tez-tez baş çəkən “Turan” agentliyinin direktoru Mehman Əliyev qeyd edib ki, Oqtay suallara daha aydın reaksiya verir, pıçıltı və ya əl hərəkəti ilə bir şey anlatmağa çalışır.
Gün ərzində Oqtayın səhhətinə nəzarət edən tibb bacılarından biri “Turan”a deyib: “Biz Oqtayla zarafat edirik, o da gülüşlə reaksiya verir”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Oqtay Gülalıyevə əlillik təyin olunacağı vəd etdiyi də bildirilir.
Oqtay Gülalıyev müxalif mövqeyi ilə tanınıb. O, 2012-ci ilin aprel-iyun aylarında hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış ittihamı ilə həbsdə yatıb. Bu cinayət işi 2016-cı ilin oktyabrında xətm olunub.
Son illər Oqtay Gülalıyev dəfələrlə bəyan edib ki, hüquq müdafiəsi sahəsində fəaliyyətinə görə hədələnir, təqibə məruz qalır.
Kənan Abdullayevin cinayət işi Nəsimi Rayon Polis İdarəsində istintaq olunub. İstintaq zamanı sürücü barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 2021-ci il yanvarın 25-də Nəsimi Rayon Məhkəməsi onu 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Yol hərəkəti qaydalarının pozulması – ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinən Kənan Abdullayev məntəqə tipli müəssisədə cəza çəkir.
Oqtay Gülalıyevin vəziyyəti necədir?
Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?
Oqtay Gülalıyev reanimasiya şöbəsindədir
Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı açıqlamalar
Oqtay Gülalıyevin vəziyyəti: professor açıqlama verib
Heydər Əliyev Fondu Oqtayın müalicəsini öz üzərinə götürdü
Oqtay Gülalıyev İstanbula aparıldı
Oqtay süni nəfəs aparatından çıxarılıb
Oqtay Gülalıyevin ağciyərində infeksiya aşkarlanıb
Oqtay Gülalıyevlə bağlı bəyanat qəbul olunub
Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü
Oqtay Gülalıyev palataya köçürülüb
Heydər Əliyev Fondundan Oqtay Gülalıyev açıqlaması
Komada olan hüquq müdafiəçisi gözünü açıb
Oqtayın vurulması: yeni rəsmi açıqlama yayılıb
“Nərgiz” mükafatına Oqtay Gülalıyev layiq görüldü
Mehman Əliyev Oqtay Gülalıyevə baş çəkib
Oqtay Gülalıyev dördüncü dəfə başından əməliyyat olunub
Mehman Əliyev baş prokurora müraciət edib
Oqtay Gülalıyevin səhhəti pisləşib
Oqtay Gülalıyevin vurulması: məhkəmə sürücüyə iş kəsdi
Əli Kərimli Oqtay Gülalıyevə baş çəkib