Avropa Rusiyanın dirçələn imperializmi qarşısında
- 12 İyun 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetTribuna
Redaksiyası Belçikanın paytaxtı Brüsseldə yerləşən “EUObserver” internet nəşrində Litvanın xarici işlər naziri Qabrielyus Landsbergisin “Rusiyanın dirçələn imperializmi ilə qarşı-qarşıya olan Avropa İttifaqı geosiyasi davranmalıdır” adlı məqaləsi dərc olunub. Məqalədə Azərbaycandan da bəhs edilir. Novator.az saytı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
Afinadan Vilnüsə uçan təyyarənin partlayış təhlükəsi bəhanəsiylə qırıcıların müşayiəti altında Minskə enməyə məcbur edilməsi Avropanın paytaxtlarını şoka saldı və qəzəbləndirdi.
Belə məqamda Jan Monenin vaxtilə söylədiyi “Avropa zorla böhranlara sürüklənəcək” fikirləri yada düşür.
Avropa ölkələri yaranmış böhranı aradan qaldırmaq üçün Belarus xalqını əsir saxlayan rejimin rəhbəri prezident Aleksandr Lukaşenkoya qarşı dərhal və yekdil şəkildə sanksiyalar qəbul etdi. Avropanın bu addımı möhtəşəm idi.
Ancaq biz bu münasibətlə bir-birimizi təbrik edib arxayınlaşsaq, yenə təhlükələrə düçar ola bilərik. Gəlin geriyə boylanaq və baş verənləri, eləcə də gələcəkdə baş verə biləcəkləri ətraflı şəkildə yenidən saf-çürük edək. Baxaq görək axı nə baş verir?
İndiyədək uçuşlara nəzarət etmək üçün mülki qurumların silahlandırılması nəzərdən keçirilmirdi. İndi bu da var. Bəs bundan sonra nə olacaq?
Dəlilik həddini aşan bir rejimi görəndə bilmirsən nə deyəsən. Lukaşenkonun Belarusu öz ərköyün çılğınlığı və ipə-sapa yatmayan maniakal qəddarlığı ilə getdikcə daha çox Şimali Koreyanı xatırladır.
Doğrudanmı bu işin dalında yalnız Lukaşenko durur? Hələlik insidentlə bağlı kifayət qədər informasiya yoxdur, araşdırmalar davam edir. Ancaq bir şey aydındır: Rusiyanın bundan xəbəri vardı. Ona görə də Qərbin yaşadığı şok “Tvitter” şəbəkəsinə yol tapmamış Rusiyanın hadisəyə reaksiyası artıq hazır idi.
Daha bir məqam: sovet dövründə olduğu kimi Lukaşenko rusiyalı himayədarına hesabat vermək üçün o saat özünü Moskvaya çatdırdı. 2020-ci ildə Belarusda keçirilən seçkidən sonra Rusiya siyasi və hərbi məsləhətçiləri, habelə təbliğat vasitələri ilə bu ölkənin işinə hamıdan çox qarışmağa başlayıb.
Soruşmaq istərdim: Rusiyadakı hazırkı rejimin öz varlığını sürdürməkdən savayı bir hədəfi varmı?
Rusiya rejimi neçə il qabaqdan sərhədləri xaricinə münaqişə ixrac edib, Dnestryanıdan tutmuş Ukraynanın şərqinə, Abxaziyadan tutmuş Dağlıq Qarabağa qədər münaqişə ocaqları yaradıb. Və bu siyasi alət getdikcə daha ağır problemlər doğurmaqdadır.
Putin Sovet İttifaqının dağılmasını “XX əsrin ən böyük geosiyasi səhvi” sayır. İndi gördüyümüz mənzərə onun bu səhvi düzəltmək cəhdidir.
Əslində dəxli yoxdur – Kreml bütün bunları mirasını artırmaq üçün öz xərclərini azaltmaq məqsədilə edir, yoxsa onun Rusiyanın sərhədləri boyunca yaratdığı gərginliyi aradan qaldırmağa indi gücü yetmir. Mahiyyətcə bunun elə bir fərqi yoxdur.
Rusiya Belarusu ələ keçirməyə çox yaxındır.
Gəlin özümüzə sual verək: Lukaşenko Putinlə vahid dövlət yaratmaq barədə müqavilə imzalasa, nə olacaq? Məgər Krımdakı kimi bu da ilhaq demək olmayacaqmı? Belə bir hadisə baş versə, Krım kimi Belarus da Qərb biznesi üçün qadağan olunmuş əraziyə çevriləcək.
Gürcüstan, Krım, Azərbaycan, Abxaziya, Cənubi Osetiya…
Ancaq bu, təkcə Belarusa aid deyil. Ermənistan təhlükəsizliyə zəmanət baxımından getdikcə Rusiyadan daha asılı vəzyyətə düşür, Moskva bu ölkəyə hərbi müdaxiləsini artırır.
Azərbaycan Ermənistanla müharibədə qalıb gəldi. Ancaq o biri yandan da Rusiya Azərbaycanda 5 min hərbçisini yerləşdirdi.
2008-ci il müharibəsində öz torpağının bir hissəsini itirmiş Gürcüstanın gözü görə-görə həmin torpaqlara sərhəd çəkilir və o ərazilər – Abxaziya ilə Cənubi Osetiya durmadan hərbiləşdirilir.
Rusiyanın Ukraynanın Krım yarmadasını ilhaq etməsi, Ukraynanın sərhədlərinə soxulması müharibə vəziyyətinin qaldığından xəbər verir.
Eyni vəziyyət Moldovadan qoparılmış yarı kriminal Dnestryanı bölgəsində davam edir. Bu həmin Moldovadır ki, son zamanlara qədər Avropa yönümlü islahatlar həyata keçirən ölkə sayılırdı.
Kalininqradla – Rusiyanın hərbi baza qurduğu Avropanın bu mərkəzi bölgəsi ilə Cənubi Osetiya bölgəsinin nə fərqi var? Axı Cənubi Osetiyada da Rusiya qoşunları mövcuddur və o qoşunlar qonşu dövlətlərə eyni dərəcədə təhlükə yaradır. Özü də təkcə qonşu dövlətlərə yox. Rusiyanın Cənubi Osetiyadakı radar sistemi NATO ölkəsi Türkiyəyə də nəzarət edə bilər.
Fərq yalnız ondadır ki, Cənubi Osetiya və digər bu kimi “ərazilər” hələlik Rusiyanın tərkib hissəsi deyil və muxtar şəkildə bəzi qərarlar qəbul edə bilirlər.
Putin Yeni Rusiya (Novorossiya) layihəsini başladıb, o, Belarusu, Ermənistanı, habelə Donbas, Abxaziya, Cənubi Osetiya və Dnestryanı kimi bölgələri bu layihəyə daxil etmək istəyir və bu işdə qarşısına çıxan son maneəni aradan qaldırmağa çalışır.
Tədrici ilhaq
Bu tədrici ilhaq prosesi Avropa İttifaqının düz sərhədlərində gedir. Biz bunu görməsək, yüz illər boyu qeyri-sabitliyə ürcah olacağıq. Mübahisəli əraziləri olan ölkələr Rusiyanı qıcıqlandırmamaq üçün Avropa yönümlü islahatlar aparmağa həvəs göstərməyəcək və de-fakto Yeni Rusiya imperiyasının geosiyasi girovu kimi qalacaq.
Avropa İttifaqı haqlı olaraq öz strateji əlaqələri sarıdan narahatlıq keçirir. Bu baxımdan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına aid ölkələrlə strateji münasibətlərə girməyin əsl vaxtıdır. Çox ləngisək, sonra əlaqə qurmaq cəhdinin özü aktuallığını itirəcək, çünki biz daha regionda olmayacağıq.
Görəsən Avropa İttifaqı öz qonşularının od-alova bürünməsini dərindən narahatlıq keçirən kənar müşahidəçi kimi izləməkdə davam edəcək, yoxsa geosiyasi müttəfiq kimi davranmaq qərarına gələcək?
İkinci yolu tutmağın vaxtıdır.
Artıq bu istiqamətdə ürəkaçan ilkin əlamətlər də var.
Avropa İttifaqı Şurasının prezidenti Gürcüstanda siyasi böhranın həllində fəal iştirak etdi və nəticəsi çox gözəl oldu: Gürcüstan müxalifəti nəhayət ki, parlamentə qayıtdı və ölkəni Avropa yolu ilə aparacaq qanunların qəbulunda, konstitusiyaya düzəlişlər olunmasında iştirak imkanı qazandı.
Avropaya Belarusda da çox böyük ehtiyac var. Avropa İttifaqı sərsəm və cinayətkar diktator Lukaşenkoya təzyiqləri artırmalı, Belarus xalqının haqqı olan azad seçkilərin keçirilməsinə yardım etməlidir.
Avropa Azərbaycanla Ermənistana da çox lazımdır. Avropa bu iki ölkə arasında sülh prosesinə rəhbərlik etməlidir, çünki bu məsələdə məkrli marağı olmayan yeganə tərəf məhz Avropadır. Bizim yeganə marağımız sabitlik, qanunların aliliyi, insanların həyatına və hüquqlarına hörmət olunmasıdır.
Avropa daha çox Qərb yolunu seçmiş Moldova və Ukrayna kimi ölkələrə də lazımdır. Avromaydanda qətlə yetirilən yüzlərlə vətəndaşından tutmuş ölkənin şərqindəki müharibədə canını fəda etməkdə olan qəhrəman əsgərlərinədək Ukrayna xalqı hələ də Avropa yolunu seçməsinin cəzasını çəkir.
Avropa ya geosiyasiləşməli, ya da daha qeyri-müəyyən və daha təhlükəli vəziyyətlərlə üzləşməyi gözünün altına almalıdır. Məsələ burasındadır ki, Avropa geosiyasiləşməsə Çin, Rusiya, hətta əvvəllər Avropa İttifaqına üzvlüyə iddia edən Türkiyə nəinki Avropa qitəsinin şərqində, lap cənubunda da ölkələrin taleyini öz aralarında həll etməyə başlayacaqlar.
Avropa İttifaqının nazirləri bu məsələləri daha ətraflı müzakirə etməli, daha uzaqgörən qərarlar çıxarmalıdırlar. İttifaqın liderləri isə regiona siyasi prioritet kimi yanaşmalıdırlar. Avropa İttifaqının təhlükəsizliyi ilə qonşu ölkələrdəki sülh, sabitlik və demokratik inkişaf arasında birbaşa bağlılıq var.
Yalnız təhlükəsiz və etibarlı Avropa İttifaqı öz ali missiyasını yerinə yetirməyə qadirdir. Bu missiya isə sülhün, insan hüquqlarının, azadlığın və çiçəklənmənin mayakı olmaqdan ibarətdir.
Əks təqdirdə qonşuluq proqramımız bizə baha oturacaq, çünki bu proqram dirçələn imperialist rejimlərə vaxt qazandıran məşğulata çevriləcək.
Qabrielyus Landsbergis,
Litvanın xarici işlər naziri
Mənbə: Euobserver.com