Rusiyanın yeni hücumlarının məqsədi – “The National İnterest”
- 08 İyun 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetTribuna
Novator.az saytı ABŞ-ın “The National İnterest” jurnalında dərc edilmiş “Rusiyanın Amerikaya qarşı yeni haker hücumlarının məqsədi” başlıqlı məqaləni ingilscədən çevirib oxuculara təqdim edir. Məqalənin müəllifi beynəlxalq münasibətlər, milli təhlükəsizlik, xarici siyasət məsələləri və Rusiya-Amerika münasibətləri üzrə mütəxəssis, rus əslilli Amerika alimi və politoloqu, professor, “The National İnterest” jurnalının redaktoru Nikolas K.Qvozdevdir.
Rusiyanın xüsusi xidmət orqanlarına işləyən hakerlərin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) dəstək alan qrupları, təşkilatları hədəfə alması xəbərini necə başa düşmək gərəkdir?
Mən Rusiya tərəfinin kiber hücumları inkar etdiyi müzakirələrin bir çoxunda iştirak etmişəm. Həmin müzakirələr zamanı Rusiya tərəfi daima kiber hücumlardan xəbərsiz olduğunu və hakerlərə dəstək vermədiyini iddia edib. Ona görə də mən əlimdə istintaq, məhkəmə dəlil-sübutu olmasa da, kiber hücumların Rusiyadan qaynaqlandığı ehtimalını əsas götürməklə Kremlin addımlarını dəyərləndirmək istərdim.
Rusiyanın kompüter sistemlərinə müdaxiləni hələ də davam etdirməsi ortaya belə bir sual çıxarır: Moskvanın məqsədi nədir?
Bu müdaxilələr Qərblə Rusiya arasında yaşanan çətinliklərdən sonra Qərb ölkələrinin Moskvaya barışıq təklif etdiyi bir zamanda baş verir.
ABŞ prezidenti Cozef Bayden yaxın günlərdə Cenevrədə rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.
Fransa prezidenti Emmanuel Makron Qərb ölkələrinin liderlərini Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsinə yenidən baxmağa çağırır.
Belə bir dövrdə aqressiya kimi qəbul olunan haker hücumlarını hansı məntiqlə davam etdirmək olar?
Amerikanın məşhur politoloqu, milli təhlükəsizlik məsələləri üzrə ekspert, professor Qreham Ellison yəqin ki, bu məqamda bizə təşkilatdaxili gündəlik fəaliyyətin doğurduğu reallıqlara nəzər salmağı məsləhət görərdi. Yəni kiber vasitələrdən istifadə etmək haqda ümumi təlimat almış Rusiya xüsusi xidmət strukturları yuxarı instansiyalarla məsləhətləşmədən, ümumi təlimata uyğun öz işini görür.
Qreham Ellison “Qərarın mahiyyəti” kitabında yazır: “Hansısa səhv addımın müharibəyə səbəb ola biləcəyi bir vaxtda – 1962-ci ildəki Karib böhranının ən təhlükəli anında ABŞ Hərbi Hava Qüvvələri qrafikə uyğun olaraq Sovet İttifaqının Hava Hücumundan Müdafiə Qüvvələrinin cavab reaksiyasını yoxlamaq üçün Sakit okean üzərində müntəzəm uçuşlar keçirirdi”.
Bəlkə də Rusiyanın indiki davranışı ölkənin xüsusi xidmət orqanları daxilindəki qruplaşmaların həyata keçirdiyi tədbirlərdir və bu tədbirlər ya Qərblə münasibətlərin normallaşmasına qarşı, ya da Baydenlə Putinin görüşü ərəfəsində Rusiyanın qətiyyətini, texniki imkanlarını nümayiş etdirməyə yönəlib. Məqsəd isə Moskvanın Vaşinqtonla güc baxımından bərabər şəkildə hərəkət etməsinə imkan yaratmadır.
Yenə də əlimizdə bununla bağlı keçmiş nümunələr var. Məsələn, Rusiyanın 2016-2017-ci illərdəki kiber fəallığı Moskvanın kiber silahlara nəzarət üzrə Vaşinqtonla danışıqlarda iştirak etməsi üçün Kremlin imkanlarını və ABŞ-ın zəifliyini nümayiş etdirmyə yönəlmişdi. Əlbəttə, ruslar ABŞ-dakı daxili siyasi reaksiyanı düzgün dəyərləndirməmiş, səhv heasablama aparmışdılar. O zaman ABŞ-ın diplomatik münasibətlərə üstünlük vermək niyyətində olan Demokratlar Partiyasının təmsilçiləri Rusiyanın hərəkətinə hamıdan çox qəzəblənmişdilər. Həmin vaxtlar ABŞ-da Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi Hillari Klintonun uduzmasının səbəbi kimi qəbul olunurdu.
Ancaq araşdırılması vacib olan üçüncü məqam da var. Həmin məqam mayın 23-də Afina-Vilnüs reysi ilə uçan sərnişin təyyarəsini terror təhlükəsi bəhanəsiylə Minskdə yerə endirib, jurnalist, siyasi fəal Roman Protaseviçi həbs edən Belarus hakimiyyətinin niyə bu qədər riskli, təxribat xarakterli addım atdığını çözməyə yardım edir.
Belarus lideri Aleksandr Lukaşenkonun bu hərəkəti dünya ictimaiyyətində qınaqla qarşılandığı halda, Rusiyanın Minski dəstəkləməsinin səbəbini də araşdırmağa ehtiyac yaranır.
Bu yaxınlarda rusiyalı telefon xuliqanları, əvvəllər də amerikalı məmurlara qarşı hoqqabazlıq etmiş Vovan və Leksus “Zoom” proqramı vasitəsilə video zəng etməklə guya Demokratiyaya Dəstək Milli Fondunun vəzifəli şəxslərini, o cümlədən fondun prezidentini inandırıblar ki, onlar Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın köməkçiləridirlər. Və guya bu zəng zamanı aparılan söhbətlər Demokratiyaya Dəstək Milli Fondunun təkcə Belarusda deyil, Rusiyada da etiraz aksiyalarını dəstəklədiyini göstərib. Ancaq bu oyun nə Belarusda, nə də Rusiyada gülüş doğurdu. Rusiyada bəziləri bunu ABŞ siyasətinin son hədəfinin rejimi dəyişdirmək olduğuna konkret sübut kimi anladı.
Bu il Rusiya siyasəti üçün kritik dövrdür. Çünki bu il Kreml “2024-cü il məsələsinin”, yəni 2024-də səlahiyyət müddəti başa çatan Putinin siyasi gələcəyi ilə bağlı məsələnin həllinə şərait yaratmağa, onun yenidən prezident postunu əlində saxlaması planına yol açmağa çalışır.
Putinlə Lukaşenkonun arasından zaman-zaman soyuq küləklər əssə də, Kreml Lukaşenkonun qiyam yolu ilə devrilməsini istəmir. Amma Rusiya Belarus liderinin siyasi səhnədən Kremlin nəzarəti altında getməsinə etiraz etməzdi.
Bu ilin payızında Rusiya Dövlət Dumasına seçki keçiriləcək. Bu seçki siyasi sistemdə dəyişikliklərə gətirib çıxaracaq və xalq səsverməsinə Napoleon sayağı yanaşan Kreml istəyir ki, parlament seçkisini xalqın sistemə inamının göstəricisi kimi qələmə verə bilsin. Reallığı nəzərə alaraq “Açıq Rusiya” təşkilatı artıq öz fəaliyyətini dayandırmağa qərar verib. Çünki Dövlət Duması arzuolunmaz təşkilatlar siyahısına daxil edilən istənilən qurumun işində iştiraka görə cinayət təqibini sərtləşdirən qanun layihəsi qəbul etməkdədir.
Demokratiyanın inkişafına çalışan qeyri-hökumət təşkilatları haqda informasiyalar toplamağa hesablanmış haker hücumlarının son seriyası hazırda həbsdə olan müxalif lider Aleksey Navalnının yaratdığı fəallar şəbəkəsini məhv etmək üçün aparılan tədbirlərlə paralel şəkildə həyata keçirilir. Biz ötən il də gördük ki, Rusiya hökuməti ölkədə potensial siyasi rəqibləri məhv etmək üçün Qərblə siyasi və hətta işgüzar münasibətləri belə risk altına atmağa hazırdır.
Putin hökuməti hələ də ölkənin iqtisadiyyatına və siyasi sisteminə mənfi təsir göstərmiş faktorlarla – 2020-ci ilin neft qiymətləri müharibəsinin və koronavirus pandemiyasının doğurduğu nəticələrlə mübarizə aparır. Rusiya cəmiyyətində gizli narazılıq hökm sürür.
Haker hücumları Moskvanın Bayden administrasiyasının xoş niyyətinə inanmadığından xəbər verir. Kreml düşünür ki, ABŞ Rusiyadakı iğtişaşlardan silah kimi istifadə edir. İndi ABŞ-ın Cenevrə sammitinə hazırlaşdığı ərəfədə bu mövqeyi anlamaq gərəkdir.
Nikolas K.Qvozdev
Mənbə: Nationalinterest.org