
Rusiya Federasiyası 2037-ci ilə qalacaqmı?
- 07 İyun 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetTribunaYazarlar
Ukrayna paytaxtı Kiyevdə ingilis dilində nəşr olunan həftəlik “Kyiv Post” qəzetində “Rusiya Federasiyası 2037-ci ilə qalacaqmı?” adlı məqalə dərc edilib. Məqalənin müəllifi ABŞ-ın Nyu-York şəhərində yaşayan iqtisadçı, yazıçı Aleksey Bayerdir. Novator.az saytı məqaləni azərbaycancaya çevirərək təqdim edir.
Belarus diktatoru Aleksandr Lukaşenkonun təyyarə quldurluğu və dövlət terrorçuluğu kimi çirkin əməlləri Rusiyanın da qəddar dövlət statusuna görə dünya birliyindən qovulub bir atılğıya çevrilməsi yönündə növbəti mərhələ oldu. Kolxoz sədri Lukaşenko Kremlin dəstəyini duymasaydı, məsələni o şəkildə həll etməyə cəsarətlənməzdi.
İosif Stalinin ölümündən sonra Sovet İttifaqı yavaş-yavaş nüfuzunu bərpa etməyə girişmişdi, ancaq hər şey büdrəyə-büdrəyə gedirdi və istər daxildə, istərsə də xaricdə inkişafdan çox narazılıqlar gözə dəyirdi. Dövlət Təhlükəsizlik Komitəsi (DTK) əvvəlki kimi ölkədə təxribatlar törədir, beynəlxalq terrorçuluq fəaliyyəti ilə məşğul olur və öz əməllərini qanunçuluq pərdəsi altında ört-basdır etməyə çalışırdı. DTK-ya kuratorluq edən partiya rəhbərləri bir qayda olaraq bu əməllərə görə məsuliyyəti öz üzərlərinə götürməkdən boyun qaçırırdılar.
Mixail Qorbaçovun hakimiyyəti illərində kommunizmin qalıqları tullantıya çevrildi və Rusiya millətlər birliyinə qoşulmaq niyyətini bəyan etdi.
Vladimir Putinin dövründə isə Rusiya bolşevizmin hibrid versiyasına və Batı xan dövründəki Qızıl Orda ideyasına dönüb.
Lukaşenkonun Minskdə açıq şəkildə törətdiyi əməl, heç şübhəsiz, Moskvada da təkrarlanacaq. Habelə onun Belarusda həyata keçirdiyi terror əməliyyatları gələcəkdə sadə rusiyalıların başına gələcək hadisələrin miniatür modelidir.
1969-cu ildə sovet dissidenti Andrey Amalrik “Sovet İttifaqı 1984-cü ilə qalacaqmı?” adlı esse yazmışdı. Bu, sovet cəmiyyətində baş verən gizli gərginliklərin elmi analizi idi. 1984-ci il tarixini seçməklə müəllif həm də Corc Oruellin “1984” romanına eyham vuraraq öz sualına rəmzi məna vermişdi: yəni Sovet İttifaqı Corc Oruellin antiutopiyasına qədər gedib çıxa biləcəkmi?
Amalrik bir yandan haqlı çıxdı. SSRİ həqiqətən də 1984-cü ildən az sonra mövcudluğunu itirdi. O biri yandan da sistem Oruellin nəzərdə tutduğu total nəzarətə nail ola bilmədi.
2037-ci il seçkisi də bu baxımdan ikimənalıdır. Amalrik Sovet İttifaqının dağılmasına 15 il möhlət qoymuşdu. Bəs görəsən Rusiya Federasiyası növbəti onilliklərdə mövcudluğunu qoruya biləcəkmi? Rusiya Stalinin 1937-ci ildəki qanlı dövlət terroru dövrünə dönə bilərmi?
Rusiyada hakimiyyət strukturu qeyri-şəffaf Bizans tapmacasına bənzəyir. Kremlin divarları arasında nələrin baş verdiyi bəlli deyil. İstənilən vaxt Putini də aradan götürə bilərlər. Onu ölkəni səfərbər etməyə çalışan daha qətiyyətli bir diktator da əvəzləyə bilər. 1982-ci ildə Andropov qısa müddətə də olsa SSRİ-də məhz belə bir səfərbərliyə nail olmuşdu.
Müxtəlif fraksiyaların mafiyalara qarşı savaşı – “hamının hamıyla müharibəsi” ölkəni anarxiyaya sürükləyə bilər. Yekunda hətta islahatçı Qorbaçov obrazında olan birisi də hakimiyyətə gələ bilər. Bu halda Rusiya Federasiyası Sovet İttifaqı kimi dinc şəkildə dağıla, hakimiyyətin böyük qismi yerli icra orqanlarının əlinə keçə bilər.
Yeri gəlmişkən, Vladimir Sorokinin yeni romanında elə bu model təsvir olunub: Rusiya parçalanaraq Altay, Ural, Uzaq Şərq kimi respublikalara və vəhşi Moskoviya da daxil olmaqla bir sıra müstəqil ərazilərə çevrilir.
Bununla belə ən mümkün ssenarilərdən biri budur ki, 2037-ci ildə yaşı 85-ə çatacaq Putin hələ də Kremldə oturacaq. O, 2024-cü ilin prezident seçkisində və növbəti seçkidə qalib gəlməklə 2036-cı ildə altı illik iki prezidentlik müddətini başa vuracaq. Putin o vaxta qədər prezident postunda oturmasını indidən dəyişdiyi qanunlarla təmin edib. Amma onun prezident postunda sonrakı dövrdə, yəni ömürlük oturmaq niyyətində olduğuna da şübhə yoxdur.
Putinin 20 ildir hakimiyyəti əlində saxlamasının əsas tutalğası sabitlikdir. Rusiyalılar Qorbaçovun yenidənqurmasından və onun ardınca gələn “1990-cı illərin özbaşınalıqlarından” elə bezmişdilər ki, sükanı möhkəm əllərə vermək arzusundaydılar və guya həmin əlin sahibi məhz Putindir.
Ancaq buna sabitlik demək olmaz. Bu, qəddarlıqdır, əslində sistemin zəifliyidir.
Sovet sistemi kimi indiki rejim də dəyişikliklərə hazır deyil. Ona görə Putin hakimiyyətdə qaldıqca rejimin problemləri də çoxalacaq. 2037-ci ilə qədər rejim yəqin ki, çat verə-verə dağılıb getmək səviyyəsinə çatacaq.
Ola bilsin, Putin taktiki gedişləri gözəl bacarır, ancaq o, strateq deyil. O hələ də Leninqradın küçələrində dələduzluq edən “çətin uşaq” mahiyyətindən aralanmayıb. Belə dələduz uşaqlar adətən binanın tinindəki avtomat telefon köşkünü sındırıb telefon dəstəyini oğurlayırlar, ancaq həmin sınıq dəstəkdən necə istifadə edəcəklərini bilmədiklərindən bir müddət sonra onu tullayırlar.
Prezidentlik dövründə Putinin heç vaxt Rusiya ilə bağlı uzunmüddətli planları olmayıb. Diqqətlə izləsəniz görərsiniz ki, onun qəbul etdiyi bütün qərarlar gözlənilməz və kortəbiidir. Bu qərarların arxasında plan yox, Putinin varlığına hopmuş kin-küdurət dayanır.
Rusiya hərbçilərinin Krımı işğal etmək planı, görünür ki, fövqəladə vəziyyət rejimində hazırlanmışdı. Düzdür, Rusiyanın orada hərbi dəniz bazası yerləşirdi, ancaq yarımadanın ilhaqı haqda qərar eləcə Maydan inqilabına və Ukrayna xalqının Putinin Avrasiya İqtisadi İttifaqı siyasətini rədd etməsinə cavab idi. Hərbi əməliyyat hazırlanıb həyata keçirildi, bundan sonrası isə nəzərə alınmadığına görə Krım indiyədək iqtisadi, siyasi problemlər içindədir.
Putinin plansızlığı onun Ukraynanın şərqinə hərbi yürüşündə də özünü büruzə verdi. “Novorossiya” adlı ərazinin mövcudluğundan bəhs etsə də, əslində Putinin nə silahlı qüvvələri, nə də casus şəbəkəsi Ukraynaya ciddi problemlər yarada biləcək səviyyədə idi.
Putinin belə mənasız “qələbə”lərinə dair xeyli nümunə var. Onun Suriyaya və Donald Trampın seçki kampaniyasına müdaxiləsini misal çəkmək olar. Bunların heç biri Putinə uzunmüddətli qazanc gətirməyib. Onun bu gedişləri Rusiyanın milli maraqlarına xidmət edəcək müdrik strateji qərarlara yox, daha çox mənasız beynəlxalq dələduzluğa bənzəyir.
Putinin Rusiyada qanlı terror başlatmaq kimi bir planının olduğunu da ehtimal etmək çətindir. Olsa-olsa onun dəbdəbəli həyatdan zövq almaq, cavan və formada qalmaq, üzmək, xokkey oynamaq, habelə gənc qadınlarla daha çox sevgi macərası yaşamaq kimi planları var.
Putin əvvəl elə zənn edirdi ki, bu istəklərinə Qərblə, NATO ilə yaxşı münasibətlər saxlaya-saxlaya nail ola biləcək. Hətta o, hakmiyyətənin ilk illərində NATO və Avropa Birliyinə bu qurumlarla daha sıx əlaqələr yaratmaq arzusunda olduğu barədə mesajlar vermişdi. 2001-ci ilin 11 sentyabrında ABŞ-da terror aktları törədiləndə prezident Corc Buşa ilk dəstək nümyiş etdirən də Putin olmuşdu.
Ancaq Rusiyada hakimiyyətdə qalmağın yeganə yolu milli kleptokratiya qurmaqdan keçir. Bunun üçün də müxalifəti və ölkədə yeni yaradılmış vətəndaş cəmiyyətini boğmaq tələb olunurdu. Putin bu yolu seçən kimi Rusiyada Stalinin qurduğu sistem işə düşdü.
Putinin bütün mənəvi meyarları arxada qoya bilən özünəməxsus məntiqi və dinamikası var. O, getdikcə mənəvi dəyərlərdən daha çox uzaqlaşır, daha düşüncəsiz, daha qəddar olur, müxalifəti daha çox boğur və əhalini terrora məruz qoyur.
Biz Rusiyanın nizamsız repressiyalar yolunu tutmaqla olan-qalan nizam-intizamı da necə itirdiyini, əxlaqi dəyərlərdən necə uzaq düşdüyünü aydın görürük.
2037-ci ildə, 1937-ci ilin Stalin repressiyalarının yüzüncü ildönümündə Putin sistemi eynilə Stalin sistemi kimi həm rejim tərəfdarlarının, həm də loyal putinçilərin axırına çıxıb, özü-özünü məhv etmiş olacaq.
Aleksey Bayer
Mənbə: Kyivpost.com