Qubad İbadoğlu
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri
Tez-tez sual verirlər: indiki hakimiyyətin dövründə xalqın rifahı yaxşılaşa bilərmi? Əslində ritorik olan bu suala birmənalı “yox” deyənlərin arqumenti budur ki, bütün müsbət dəyişikliklər yalnız Əliyevdən sonrakı dövrdə mümkündür. “Hə” deyənlər hakimiyyətdən islahat umur. Lakin optimistlərin sayı günbəgün azalır. Problemlərin həllini illərlə gözləməkdən bezənlər ya hakimiyyət tərəfə, ya gözləmə mövqeyinə keçir. Bir qisim isə mübarizəsini davam etdirir.
Hakimiyyət xalqın rifahını yaxşılaşdırmaq istəsəydi, bir çox institutu xalqın iradəsi ilə qurmalı idi.
Hökumətdən hesabat, şəffaflıq, aşkarlıq tələb edən parlament. İndiyə qədər 6 dəfə parlament seçkisi keçirən hakimiyyət buna nail olubmu?
Korrupsioneri, oğrunu cəzalandıran, ədalət mühakiməsi aparan müstəqil məhkəmə hakimiyyəti. 28 illik hakimiyyət müstəqil məhkəmə və ədliyyə sistemi qura bilibmi?
Hakimiyyətdən asılı olmayan, Azərbaycanın sərvətini qoruyan, xaricə qanunsuz kapital axınına imkan verməyən müstəqil Mərkəzi Bank. 2009-2014-cü illərdə Azərbaycan Beynəlxalq Bankından milyardlarla vəsait çıxarılıb ölkədən aparılanda Mərkəzi Bank və ya Maliyyə Nazirliyi bunun qarşısını aldımı?
Rəqabəti dəstəkləyən, inhisarçılığa qarşı mübarizə aparan müstəqil antiinhisar xidməti. Son onilliklərdə ölkə iqtisadiyyatında hökmran mövqeyi olan, bazarları zəbt edən, hakimiyyətə və oliqarxlara məxsus holdinqlərin inhisarçı fəaliyyətinə qarşı sədd qoyan antiinhisar institutunun fəaliyyətini gördünüzmü?
Açıq hökuməti təşviq edən, ictimai nəzarəti həyata keçirən müstəqil vətəndaş cəmiyyəti və azad mətbuat. 2014-cü ildən sonra darmadağın edilən müstəqil vətəndaş cəmiyyətindən və azad mətbuatdan nə qalıb?
Hansı ölkədə belə institutlar yoxdursa, orada hakimiyyətdən yaxşı dəyişikliklər gözləməyə dəyməz. Ona görə “Bu hakimiyyət qaldıqca yaxşılığa doğru heç bir dəyişiklik olmayacaq” düşünənlər artır.
Seçim çox sadədir: ya hakimiyyət dəyişməli, ya da qısa müddətdə hərtərəfli islahatlara gedilməli, ən azı yuxarıda sadalanan 5 müstəqil institut formalaşmalıdır.