Rusiya hakimiyyəti adamları necə izləyir? – Almaniya mediası
- 02 İyun 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərh
“Rusiya hakimiyyəti şəxsiyyəti müəyyən edən “NtechLab” startap proqramından yararlanmaqla hamıya nəzarət edə bilir”. Novator.az saytının məlumatına görə, Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc edilmiş “Rəqəmsal QULAQ” məqaləsində belə deyilir. Məqalənin müəllifi publisist Nikolay Klimenyukdur.
QULAQ – İslah-Əmək Düşərgəsi Baş İdarəsinin rusca abreviaturasıdır. QULAQ deyəndə sovet dövründən bəri həbs düşərgələri başa düşülür. Nikolay Klimenyuk öz məqaləsində bu ifadəni rəmzi mənada işlədir: “Rəqəmsal QULAQ”, yəni rəqəmsal həbs düşərgəsi.
Müəllif bildirir ki, Rusiya hakimiyyəti son vaxtlar müxalif düşüncəli insanlara qarşı fərqli təqib metodunu işə salıb. Məsələn, hazırda Rusiyada həbsdə olan müxalif lider Aleksandr Navalnı ilə bağlı ölkədə keçirilən son etiraz aksiyalarında iştirakçılarn bəzisi dərhal yox, bir müddət sonra həbs edilib.
Nikolay Klimenyukun fikrincə, hakimiyyət bunu qəsdən – etirazçılara aksiyalardan bir həftə, bir ay, hətta bir il sonra da təhlükədə olduqlarını hiss etdirmək üçün edir: “Aleksey Navalnıya dəstək məqsədilə keçirilən son etiraz aksiyalarında çoxları polisin mitinqçiləri əvvəlki kimi döymədiyinə və kütləvi həbslər həyata keçirmədiyinə təəccübləndi. Ancaq bir müddət sonra aksiyaların bəzi iştirakçıları həbs olundular. Onları evlərində, küçədə, iş yerlərində yaxalayaraq həbs etdilər. Bəlli olur ki, hakimiyyət onları rəqəmsal üztanıma texnologiyasının köməyilə aşkara çıxararaq tutub”.
Məqalədə narazı vətəndaşların tanınması üçün istifadə olunan proqramın hələ 2011-ci ildən işə salındığı vurğulanır: “Həmin il parlament və prezident seçkilərini saxtalaşdıran rejimə etiraz olaraq kütləvi mitinqlər keçirilirdi. Aksiyaları güc orqanlarının təmsilçiləri, hərbi mütəxəssislər də öz kameraları ilə lentə alırdılar. Sonra həmin videolardan 2019-cu ilədək davam edən cinayət işlərində “sübut” kimi istifadə olundu.
O vaxt universitet müəllimi və siyasi fəal Dmitri Buçenkov polislə toqquşmalar baş verən gün Moskvada olmasa da, ittiham edildi. Sonradan üztanıma proqramının onu oxşar şəxslə dəyişik saldığı iddia olundu. Bir ildən çox təcridxanada saxlanan Dmitri Buçenkov 2017-ci ildə Litvaya qaçmalı oldu. 2019-cu ildə ona qiyabi şəkildə 2,5 il həbs cəzası kəsildi. Dmitri Buçenkov kimi mühakimə olunan bir çox şəxsin axtarışı videolardakı görüntülər əsasında, üztanıma proqramının köməyilə həyata keçirilib”.
Nikolay Klimenyukun yazdığına görə, proqramın müşahidə kameralarında avtomatik işə düşməsi funksiyası ilk dəfə 2017-ci il iyunun 12-də istifadəyə verilib və bu yeni sistem o zaman Rusiya Günü Aleksey Navalnının çağırışı ilə baş tutan nümayişi qeydə alıb: “O vaxtdan “FindFace” sistemi vasitəsilə iş aparılması ənənə şəklini alıb. Bu tətbiq 2016-cı ildə Moskvanın “NtechLab” startapının dövriyyəyə buraxdığı maraqlı proqram əlavəsi kimi böyük ajiotaj doğurmuşdu.
“NtechLab” startap proqramından istifadə çox sadədir: istənilən insanın şəklini proqrama yükləyirsiniz və bir anda həmin adamın kim olduğu aydınlaşır. Bu proqramı 26 yaşlı Artyom Kuxarenko və onun işgüzar tərəfdaşı 29 yaşlı Aleksandr Kabakov hazırlayıblar. 2016-cı ildə onlar öz məhsullarından ağızdolusu danışırdılar. İddia edirdilər ki, bu tətbiq tanışlıq sferasında inqilab yaradacaq. Böyük sevinc içərisində olan istifadəçilər isə kütləvi şəkildə “Shazam” adlı layihəyə qoşulurdular.
“Shazam” proqramı əsasən Rusiya ərazisində işləyirdi. “Vkontakte” sosial şəbəkəsində qeydiyyatdan keçmiş 300 milyon profil sahibi baza məlumatları əsasında bu tətbiqdən istifadə etmişdi”.
Nikolay Klimenyuk yazır ki, başlanğıcda proqramın yaradıcıları öz layihələrindən fərdi marketinq məqsədilə istifadə etməyi düşünüblər: “Yekunda isə onlar Moskva hökuməti ilə əməkdaşlıq etməyə qərar verdilər. Artyom Kuxarenko mətbuata açıqlamasında təhlükəsizliyin onun üçün fərdi insan həyatının müdafiəsindən daha vacib olduğunu bəyan etdi.
Bu iddialı proqram çərçivəsində paytaxt Moskvada 190 minə yaxın nəzarət kamerası quraşdırıldı. Demək olar hər bloka, küçəyə, ictimai nəqliyyata kamera qoyuldu.
İki il qabaq quraşdırılan 4 min kamera isə avtomatik şəxsiyyəti tanıma – üztanıma sisteminə qoşuldu.
2020-ci ilin yanvar ayından isə, “NtechLab” şirkətinin məlumatına görə, bütün kameralar üztanıma sisteminə qoşulmaqla tam işlək hala gətirilib.
Rusiyada bu texnologiyadan istifadəni yasaqlayan heç bir qanun yoxdur.
Proqramın köməyilə insanın təkcə üzünü yox, geyimini, bədən quruluşunu, duruşunu da təyin etmək olur.
“NtechLab” proqramı insanı hətta böyük kütlə içərisindən seçib təqib etməyə də imkan verir.
Proqramın daha bir gücü ondadır ki, sistem hədəfə aldığı insanı tibbi maskada, eynəkdə, saqqalda, makiyajda, hətta görkəmini qəsdən dəyişmiş formada da tanıya bilir.
Nəhayət, şirkət qurucularının da vurğuladığı kimi, proqramın əsas funksiyası cinayətkarları ovlamaqdır”.
Məqalədə polisin proqramdan necə yararlandığı belə açıqlanır: “İzləmə kamerası şübhəli şəxsi müəyyən etdikdən sonra onunla bağlı məlumatlar yaxın ərazidəki polislərin mobil telefonlarına yüklənir.
Sosial şəbəkələrdə etiraz aksiyaları barədə informasiyalar yerləşdirən və paylaşan istifadəçilər də şübhəli şəxs kimi qeydə alınır.
“Vkontakte” informasiya təhlükəsizliyi baxımından zəif şəbəkə olduğu üçün buradakı məlumatları maneəsiz əldə etmək mümkündür. Ancaq son vaxtlar “Facebook” və “Twitter” kimi sosial platformalarda yayılan materiallara görə də problemlər ortaya çıxır. Əvvəllər bu şəbəkələr daha təhlükəsiz hesab olunurdu”.
“Rəqəmsal QULAQ” məqaləsində o da qeyd olunur ki, avtomatik nəzarət sisteminin hər bir etirazçının kimliyini müəyyənləşdirmək gücündə olub-olmadığını hələ araşdırmaq gərəkdir: “Əslində, bunun elə bir əhəmiyyəti də yoxdur. Rejimin əsas məqsədi hər kəsə özünə inamsızlıq hissi aşılamaqdır. Yeni texnologiya mövcud durumda adamları qorxutmaq və onlarda özünə inamsızlıq yaratmaq üçün ideal vasitədir. Bu proqramın cinayətkarların axtarışına kömək edib-etməyəcəyi isə artıq başqa mövzudur”.
Müəllif sonda vurğulayır: “Aprelin 20-də, Adolf Hitlerin doğum günündə Moskvanın Perovo rayonunda yəhudi cəmiyyətinin binası yandırıldı. Binanın divarlarına faşizm somvolları çəkildi. Hakimiyyət bunu “naməlum şəxslər”in törətdiyini bildirir. Yəni cinayətkarlar hələ tapılmayıb. Bunu necə izah etmək olar: texnologiyalar zəifdir, yoxsa müstəntiqlər bu işi araşdırmağa həvəs göstərmirlər? Görəsən hasarın üzərində naməlum şəxslər “Navalnıya azadlıq!” yazsaydılar necə olardı?”
Nikolay Klimenyuk
Mənbə: Faz.net