Qubad İbadoğlu
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri
İqtisadiyyatın modernləşdirilməsində sərmayənin əhəmiyyəti nə qədərdirsə, insanın inkişafında da sosial-iqtisadi tərəqqinin nəticələrinin mənimsənilməsinin rolu bir o qədərdir. Təhsilinə, elminə, sağlamlığına deyil, yalnız fizioloji tələbatına pul xərcləyənlər qazanca deyil, ziyana işləyir, irəliyə yox, geriyə gedirlər. Çünki müasir insanı fiber-optik internetsiz, yeni nəsil bilgisayarsız, ağıllı telefonsuz, elektro-mobil avtomobilsiz təsəvvür etmək mümkün deyil.
Qara qızılı insan kapitalına qoyduğunu deyən hakimiyyət neftdən gələn pulları asfalta, quma, çınqıla, daşa, sementə, mərmərə, aqlaya necə səxavətlə xərclədi, hər nazirlik və dövlət şirkəti neftdən gələn yüz milyonlarla dolları ofislər tikməyə və onları komplektləşdirməyə sərf etdi. 160 milyard dollarlıq neft pulları qurtarır, amma biz onu hələ də insanın inkişafına sərf etmirik.
Bu azmış kimi son illər ərzində ölkədə hər kəs üçün əlçatan olan sürətli internet şəbəkəsi qurulmur, elektro-mobil avtomobillərin idxalına gömrük dəyərinin 18 faizi qədər əlavə dəyər vergisi, bilgisayarlara və ağıllı telefonların idxalına əlavə dəyər vergisi ilə yanaşı gömrük rüsumları tətbiq olunur. Hətta smart telefonları xaricdən gətirənlər onun qeydiyyatı üçün də əlavə pul ödəməyə məcbur edilir. Bir sözlə, elə sistem qurulub ki, hər kəsin müasir bilgisayarı, telefonu, sürətli interneti olmasın, camaat maşınını da təzələyə bilməsin.
Məqsəd Azərbaycan vətəndaşlarının əksəriyyətinin elmi-texniki tərəqqinin, innovasiyaların müasir nəticələrinə çıxışını çətinləşdirmək, bir sözlə, ölkədə aqil və kamil insanın yetişməsinə əngəl törətməkdir.
Bütün bunlar həm də siyasi məqsədlər üçün edilir. Çünki müasir dünyadan xəbəri olanlar, intellektli gənclər bu şərtlərlə yaşaya bilməyib ölkədən gedir, ölkəmizin deyil, başqa ölkələrin inkişafına xidmət edir. Hakimiyyət onların ölkədə qalmasında və çoxalmasında maraqlı deyil. Ona görə də biz ölkə olaraq irəli yox, geri gedəcəyik. Yenə də 15 barrel neft və ya 750 kiloqram pambıq, ya da 1 ton pomidor satıb, 1 “İphone” alacağıq. Bunları satmaq da, almaq da hər kəsin işi olmayacaq, bunun üçün də gərək yuxarılarla oturub-durasan. Bizimki də o deyil.
Bizim işimiz ömrü boyu interneti tez-tez söndürüb yandıraraq, köhnə kompüterləri ayda azı bir dəfə formatlayaraq, telefonların yaddaşını hər gün təmizləyərək, köhnə avtomobillərlə atmosferi çirkləndirərək yaşamaqdır. Yaş da sürətlə artır, bir də ayılırıq ki, artıq sağlamlığımız da əldən gedib. Faciə isə yalnız qocalmağımızda deyil, hələ də çörəyə şükür eləyib bu qədər müddət ötsə də nəyin və necə baş verdiyinin fərqinə varmadan yaşamağımızdadır.