Rusiya kəşfiyyatı zəiflyini büruzə verir – “Deutsche Welle”
- 27 May 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetTribuna
Almaniyanın “Deutsche Welle” telekanalının internet səhifəsində “Rusiya kəşfiyyatı öz zəiflyini büruzə verir” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Berlindəki Alman Casusluq Muzeyinin akademik direktoru, Potsdam Universitetində kəşfiyyat tarixindən dərs deyən Kristofer Nerinqdir. 2019-cu ildə Kristofer Nerinqin “Casusluq haqda 77 böyük mif” adlı kitabı çıxıb. Novator.az saytı “Deutsche Welle”dəki məqaləni ingilis dilindən çevirib oxuculara təqdim edir.
Hələlik 2021-ci il Rusiya kəşfiyyatının ifşası ili hesab olunur. Son aylarda Rusiya kəşfiyyatının həyata keçirdiyi dörd mühüm əməliyyatın üstü açılıb.
Berlində yaşayan elektrik, keçmiş Almaniya Demokratik Respublikasının kəşfiyyat orqanının – “Ştazi”nin casusu olmuş Yens F. Rusiya səfirliyi nəzdində çalışan xüsusi xidmət orqanı əməkdaşlarına Bundestaqın (Almaniya parlamentinin) inşaat planını satarkən tutulub.
Bolqarıstanda keçmiş hərbi kəşfiyyat zabiti İvan İliyevin çevrəsində Rusiyanın casus şəbəkəsi aşkarlanıb.
İtaliyada hərbi gəmi kapitanı Valter Bionun Rusiyaya pul müqabilndə hərbi məlumatlar ötürdüyü bəlli olub.
Çexiya Daxili İşlər Nazirliyi 2014-cü ildə Vrbetisedə yerləşən silah-sursat anbarında baş vermiş iki partlayışı Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi əməkdaşlarının törətdiyini müəyyən edib.
Rusiyalı hərbi kəşfiyyatçıların habelə 2015-ci ildə silah satışı ilə məşğul olan bolqarıstanlı Emilian Qebrevi, 2018-ci ildə isə Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalı və onun qızını “Noviçok” maddəsi ilə zəhərlədikləri bəlli olub.
Bolqarıstan Baş Prokurorluğu Emilian Qebrevə məxsus “EMKO” şirkətinin silah anbarlarında törədilən digər dörd təxribat hadisəsində də Rusiya Baş Kəşfiyyat İdarəsinin əli olduğunu aşkar edib.
Təbii ki, bunların hamısı rusiyalı müxalif lider Aleksey Navalnının zəhərlənməsindən, 2015-ci ildə Almaniya Bundestaqına, 2020-ci ildə ABŞ-ın “Solar Winds” informasiya texnologiyaları şirkətinə qarşı kiber hücumlardan sonra bəlli olub. Bəs Rusiya kəşfiyyatının bu əməllərindən nə nəticə çıxır?
Rusiya kəşfiyyatının müharibələrdə rolu
Rusiya kəşfiyyatı Suriya, Liviya, Mərkəzi Asiya və Qafqazda, habelə Ukraynadakı müharibələrdə öz fəaliyyətini davam etdirir. Silah alverçisi Emilian Qebrevin zəhərlənməsi və Vrbetisedə baş verən hadisələr məxfi əməliyyatlardan istifadə edən Moskvanın hərbi fəaliyyətınə dəstək üçün nəzərdə tutulub.
Rusiyanın hərbi rəqiblərini dəstəkləyənlər Moskvanın hədəfinə çevriliblər. Rusiya ən azı 2014-cü ildən bəri Qərb ölkələrində ən ciddi təxribatlar törətməkdən və əməliyyalar aparmaqdan çəkinmir.
Tanış metodlar
Rusiyanın apardığı bu tip kəşfiyyat əməliyyatları qədim ənənəyə malikdir. Berlində Yens F., Sofiyada İvan İliyev və Romada Valter Bio klassik casusluqla məşğul olublar.
Yalan informasiya yaymaq məqsədilə aparılan kampaniyalar yarım əsr əvvəl də Moskvanın siyasi taktikasının bir hissəsi olub. Sovet Rusiyasının o zamankı Dövlət Təhlükəsizlik Komitəsi və Almaniyanın “Ştazi” kəşfiyyat orqanı 1980-ci illərdə QİÇS virusunu ABŞ ordusunun biloloji silah kimi yaratdığını iddia edirdi.
Xainlərin və ikili agentlərin qətlə yetirilməsi Skripal hadisəsindən də əvvələ təsadüf edir. Baş Kəşfiyyat İdarəsi hələ 1925-ci ildə Vladimir Nesteroviçi Maynz şəhərində zəhərləmişdi.
Diqqətlə baxsaq, ən müasir kəşfiyyat əməliyyatı sayılan kiber casusluğun yeni şüşədə köhnə şəraba bənzədiyini görərik.
ABŞ-ın Cons Hopkins Universitetinin kiber təhlükəsizlik üzrə mütəxəssisi Tomas Rid bu cür əməliyyatları rəqəmsal formada həyata keçirilən ənənəvi casusluq, təxribat və təbliğat hesab edir.
Rusiyanın Baş Kəşfiyyat İdarəsi və digər xüsusi xidmət orqanları casus şəbəkəsi yaratmaq üçün xarici ölkə səfirliklərini həmişə ən qaynar nöqtələr hesab ediblər.
Almaniya və Bolqarıstanda indi ifşa olunan agentlərin keçmiş kommunist kəşfiyyat xidmətləri ilə əlaqəsi varmış. Amma hazırda pul onları daha çox cəzb edə bilibmiş.
Dolayı səyahət marşrutları, adını saxlayıb yalnız doğum tarixini dəyişməklə saxta şəxsiyyət sənədi düzəltmək – keçmiş sovet kəşfiyyat xidmətindən qalma metodlardır. O zamankı casuslara xüsusi üstünlüklər, mükafatlar, məzuniyyətlər, habelə ifşa olunduqları təqdirdə özlərinə və yaxınlarına qayğı göstəriləcəyi barədə vədlər verilirdi.
İnsan səhvi – uğurun açarıdır
Rusiya kiber casusluq üzrə ən böyük şəbəkəyə malikdir. Ancaq son dövrlərdə aparılan kəşfiyyat əməliyyatları göstərir ki, insan faktoru həmişəki kimi vacib amildir.
Hətta 2015-ci ildə Almaniya parlamentinə qarşı kiber hücum da insan səhvi sayəsində uğurlu alınmışdı. Belə ki, Bundestaqın işçiləri hakerlərin elektron poçtla göndərdikləri faylı açmışdılar.
Casusluq işində ən vacib amil insanların satın alınmasıdır. Rusiya casuslarının bu işdə buraxdığı səhvlər əməliyyatların ifşa olunmasında çox böyük rol oynayır.
Rusiya Baş Kəşfiyyat İradəsinin 29155 saylı xüsusi bölməsinin casusları eyni şəxsiyyət vəsiqəsi və saxta pasportlarla Çexiya, Bolqarıstan və Britaniyaya dəfələrlə səfər ediblər.
2018-ci ildə Sergey Skripalı “Noviçok” maddəsi ilə zəhərlədikdən sonra həmin casuslar içərisində zəhər olan ətir qabını ehtiyatsızlıqdan parkda tullayıblar. Nəticədə həmin qabı tapan britaniyalı Çarli Rouli onu ətir bilib rəfiqəsi Con Stercessə hədiyyə etmiş, Con qabdakı mayeni bədəninə yaxandan sonra zəhərlənib ölmüşdü.
Müxalif siyasətçi Aleksey Navalnının zəhərlənmə prosesindəki bütün izləri təmizləmək üçün yaradılmış qrupa daxil olan, Rusiya Federal Təhlükəsizlik Xidmətinin agenti Konstantin Kudryavtsev öz qurbanın toruna düşüb. O, Navalnının gizlicə qeydə aldığı səs yazısında hadisənin detallarını etiraf edib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin digər əməkdaşları də əməliyyat zamanı şəxsi telefonlarını açıq saxlayaraq ehtiyat tədbirlərini əldən veriblər.
Yeni düşmənlər qarşısında dövlət sirləri
Sosial media, gündəlik onlayn ünsiyyət informasiya məxfiliyini təhlükə altına atır. Bu, kəşfiyyat orqanlarının ixtiyarında olan dövlət sirlərinə də aiddir. Böyük Britaniyanın “Bellingcat” saytı və onun apardığı tədqiqat da bunu təsdiqləyir.
Sosial media kanalları, internetdə yerləşdirilən foto və video materiallar, habelə səfərlərlə bağlı informasiyalar “Bellingcat”ın jurnalistlərinə Rusiyanın kəşfiyyat əməkdaşlarının şəxsiyyətini, səyahət planlarını və telefon danışıqlarını müəyyən etməyə imkan verib.
Rusiyanın qeyri-qanuni şəkildə fəaliyyət göstərən xüsusi təyinatlı bölmələrindən biri sosial şəbəkələrdə beləcə ifşa olunub. Bu qurbanlardan biri – Federal Təhlükəsizlik Xidmətinin Navalnıya hücumda əli olan əməkdaşı Konstantin Kudryavtsev onlayn jurnalistikanın Rusiya xüsusi xidmət orqanları üçün tam kəşf edilməmiş bir ərazi olduğunu boynuna alıb.
“Bellingcat”ın yaradıcısı Eliot Higgins öz şirkətini “insanlar üçün kəşfiyyat xidməti” adlandırır. Onun və əməkdaşlarının dərc etdiyi ifşaedici məlumatlar onlayn jurnalistikanın apardığı araşdırmalarla kəşfiyyat əməliyyatları arasında oxşarlığı nümayiş etdirir: hər ikisi internetdə açıq və qismən açıq informasiya axtarır, əlaqə qurmaq üçün kommunikasiya resurslarından yararlanır, məlumat əldə etmək üçün informasiya mənbələrinə pul ödəyir.
Rəqəmsal dövrdə açıq və gizli məlumatlar arasında sərhəd qalmayıb. İnternet məkanında sadə vətəndaşlar kimi kəşfiyyat əməkdaşları da yetərincə müdafiə olunmurlar. Jurnalistlərin və kəşfiyyat orqanları agentlərinin tətbiq etdiyi metodlar getdikcə bir-birinə daha çox oxşayır.
Güc nümayişi, yoxsa zəiflik əlaməti?
Rusiyanın kəşfiyyat orqanları Avropanın istənilən nöqtəsində işləməyə qadir olduqlarını və bunu istədiklərini göstərirlər. Britaniyanın M16 xarici kəşfiyyat xidmətinin keçmiş direktoru Con Soers hesab edir ki, Rusiyanın gizli əməliyyatlarının yalnız 10 faizinin üstü açılıb.
Amma biz Rusiyanın hərəkətlərini onun məhz zəifliyi kimi qəbul edirik.
Məsələ təkcə çoxsaylı uğursuzluqlarda və ya xidmət göstərənlərin səhlənkarlığında deyil.
Eyni əməkdaşlardan təkrar-təkrar istifadə olunması resurs çatışmazlığından xəbər verir. ABŞ və NATO-nun planları haqda böyük vəsait sərf etməklə üçüncü ölkə vasitəsilə və personalı riskə atmaqla məlumat toplamaq cəhdləri də durumun bu cür olduğunu göstərir.
Bundan əlavə, siyasi nüfuzun sarsılması və sanksiyalar da uğursuzluğa dəlalət edir.
Kristofer Nerinq
Mənbə: Dw.com