“Facebook” 18 milyon postu niyə silib?
- 21 May 2021
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetYazarlar
Novator.az saytı Kanadanın “Global News” kanalının internet səhifəsində dərc edilmiş “Facebook”da saxta xəbərlər: COVİD-19 barədə dezinformasiyanı əks etdirən 18 milyon post silinib” başlıqlı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Məqalənin müəllifi Reyçel Qilmordur.
“Facebook” şirkəti bu həftə yeni bəyanatla çıxış etdi. Bəyanata əsasən, “Facebook” və “İnstagram” sosial şəbəkələri pandemiya başlayandan bəri 18 milyon postu silməli olub. Səbəb həmin postların COVİD-19-la əlaqədar saxta məlumatları əks etdirməsidir.
Ümumilikdə şirkətin informasiya etibarlılığına məsul olan əməkdaşları 167 milyondan çox postu “saxta məlumat” kimi qiymətləndiriblər. Ancaq şirkət həmin postların hamısını silməyib, çünki “Facebook” nümayəndələrinin sözlərinə görə, o postlarda COVİD-19 barədə dezinformasiya olsa da, təhlükə yaratmayıb.
Bu rəqəmlər “Facebook”un şirkət standartlarının tətbiqi barədə hesabatında yer alıb. Hesabatda yanvar ayından mart ayına qədərki dövrdə “Facebook”un yeni standartlar siyasətinin nə dərəcədə həyata keçirildiyi təhlil olunur.
Hesabatda deyilir ki, pandemiyanın başlandığı vaxtdan 2021-ci ilin aprel ayına qədər “Facebook” şirkəti “Facebook” və “İnstagram” sosial şəbəkələrindən 18 milyondan çox postu silib. Çünki həmin postlar COVİD-19 barədə dezinformasiya daşıyıcısı olmaqla insanları yanlış istiqamətə yönəldə və sağlamlığa ziyan vura bilərdi. Bu isə “Facebook” şirkətinin tətbiq etdiyi siyasətlərin pozulması deməkdir.
“Biz həmçinin peyvəndlərə müsbət yanaşma formalaşdırmaq, peyvəndlər barədə dezinformasiyaya qarşı mübarizə aparmaq üçün tədbirlər görürük” deyə hesabatda bildirilir.
“Facebook” nümayəndələrinin sözlərinə görə, bu tədbirlərə sosial şəbəkə stikerlərinin hazırlanması da daxildir. Sosial şəbəkə istifadəçiləri stikerlər sayəsində öz ailə üzvlərinin və dostlarının peyvənd olunmasından xəbər tutacaqlar.
“Facebook” şirkəti istifadəçiləri peyvəndlər barədə dəqiq informasiya verən məzmunlara yönləndirməyi də nəzərdə tutur.
“Bütün bunlar bizim insanlarda peyvəndləmə barədə müsbət fikir formalaşdırmaq niyyətimizin bir hissəsidir. Düşünürük ki, səsimizi daha böyük kütləyə çatdıra bildiyimizə görə bu məsələdə həqiqətən də bir dönüş yarada bilərik” – bu fikirləri “Facebook”un nümayəndəsi bir mətbuat konfransında səsləndirib.
Mövzuya münasibət bildirən ekspertin sözlərinə görə, COVİD-19 barədə yayılan dezinformasiya sosial şəbəkələrdə digər məsələlərlə bağlı yer alan bütün saxta məlumatlardan daha təhlükəlidir.
“Əgər dezinformasiyanın predmeti koronavirusdursa, deməli, vəziyyət daha təhlükəlidir. Çünki COVİD-19 barədə yayılan saxta məlumatlar adi dezinformasiya deyil, tibbi dezinformasiyadır. Bu isə insanlara daha böyük zərər vura, hətta ölümlə nəticələnə bilər” deyə Nevada Universitetinin tədqiqatçısı Meri Blankenşip bildirib. Tədqiqatçı bu fikirləri “Twitter” sosial şəbəkəsində yayılan saxta məlumatlar barədə çıxış edərkən səsləndirib.
Meri Blankenşipin sözlərinə görə, “Facebook” və “İnstagram” sosial şəbəkələrinin sildiyi 18 milyon post dezinformasiyanın hələ çox kiçik bir hissəsidir: “Əslində internetdə COVİD-19 barədə həddən artıq saxta məlumat mövcuddur”.
Meri Blankenşip bu qədər saxta məlumatla müqayisədə 18 milyonun aşağı göstərici olduğunu deyib. O, həmçinin vurğulayıb: “COVİD-19 barədə dezinformasiya yayan milyardlarla tvit var. Ona görə də dezinformasiyanı əks etdirən postların əsl sayı olduqca yüksək ola bilər”.
“Global News” kanalı “Facebook” nümayəndəsindən istifadəçilərin “Facebook”da hansı sıxlıqda post paylaşdığını və COVİD-19 barədə dezinformasiyanın hansı aralıqda qeydə alındığını soruşanda şirkətin nümayəndəsi “məndə bu barədə konkret rəqəmlər yoxdur” deyib.
Şirkət həmçinin ölkələr üzrə dezinformasiyanın mənbəyi barədə də məlumat verməyib.
“Biz gələcəkdə bu sahədə şəffaflığın artırılması yollarını axtarmağa davam edəcəyik” deyə “Facebook”un nümayəndəsi bildirib.
“Facebook” şirkətinin mayın 19-da verdiyi bəyanatda qeyd olunur ki, sosial şəbəkə platformalarının siyasətlərinə uyğun gəlməyən məzmunla bağlı göstəriciləri daha dəqiq qiymətləndirmək məqsədilə şirkətdə “müstəqil audit” aparmaq üçün üçüncü bir tərəfi – “EY” peşəkar xidmətlər firmasını cəlb edib.
“Facebook” şirkəti həmçinin 2021-ci ilin birinci rübündə nifrət məzmunlu 10 milyon postun silindiyini açıqlayıb. Şirkətdən verilən məlumata görə, ötən ilin sonunda silinən nifrət məzmunlu postların sayı 6,4 milyon təşkil etmişdi.
Son aylarda sosial şəbəkələr dezinformasiyanın yayılmasında rol oynadıqlarına görə böyük tənqid atəşinə məruz qalıb. Bu cür narahatlıqların bir çoxu 6 yanvar iğtişaşları – ABŞ Konqresinin binasına (Kapitoliyə) hücum zamanı pik həddə çatıb. Sosial şəbəkələrin künc-bucağında kök salan uydurma fərziyyələr həmin gün Vaşinqtonun Kapitoli təpəsində zorakılığın nümayişi nəticəsində üzə çıxdı.
“Bu qlobal kommunikasiya platformaları hamıya tam sərbəst şəkildə bütün dünyaya istənilən fikri çatdırmağa imkan verir, eləcə də əsassız və ekstremist ideyaları gücləndirməyə və yaymağa şərait yaradır”. Bu fikirləri Dartmut Universitetinin professoru Rassel Mürhed səsləndirib.
Rassel Mürhed uydurma fərziyyələrin demokratiyaya təsirini araşdıran “Hamı deyir ki” adlı kitabın həmmüəllifidir. O, sosial şəbəkələr barədə bu sözləri yanvar ayında “Global News” kanalına müsahibə verərkən söyləyib: “Təkrarçılıq etibarlılığın yerinə keçib. Artıq heç kəs deyilən sözün nə qədər etibarlı olduğunu sorğulamır. Onlar əllərində bir şeyi bayraq ediblər: “hamı belə fikirləşir”, “hamı belə deyir”. İnsanlarda belə bir düşüncə formalaşıb ki, əgər bir məlumatı çox adam deyirsə, demək, ona inanmaq olar. Beləliklə, demokratiyada təkrarçılıq funksiyası həqiqət funksiyasını əvəzləyib”.
Kapitoli təpəsində baş verən iğtişaşlardan sonra sosial şəbəkələr internetdə yer alan nifrət məzmunlu çıxışları və dezinformasiyanı aradan qaldırmaq üçün bəzi gözlənilməz addımlar atdılar. Bu addımlardan biri ABŞ-ın o vaxtkı prezidenti Donald Trampın sosial şəbəkə hesablarının bloklanması idi.
Mayın 19-da “Facebook”un nümayəndələri çıxış edərkən söz azadlığının müdafiəsi ilə dezinformasiyanın qarşısının alınması arasında düzgün balans yaratmağa çalışdıqlarını bildirdilər.
“Biz söz azadlığını müdafiə məqsədilə federal qanunda aparılan islahatlara uyğun şəkildə internetdən istifadə qaydalarının yenilənməsini, eyni zamanda bizim platformalarımız kimi platformalarda insanların sağlamlığını təhlükə altında qoyan məzmunların silinməsini təşviq edən yanaşmanı dəstəkləyirik” deyə “Facebook” nümayəndələri qeyd etdilər.
“Facebook” şirkəti yeni “Şəffaflıq mərkəzi” yaratmaq üzrədir. Bu mərkəzdə nifrət məzmunlu postların necə silindiyi izah olunacaq.
Mərkəz “Facebook”un əməkdaşlarının şirkətin siyasətlərinə uyğun olmayan problemli məzmunun yayılmasının qarşısını almaq və insanlara hansı məlumatları klikləyə, oxuya, yaxud paylaşa biləcəklərini təklif edən əlavə kontekst təqdim etmək üçün nə kimi tədbirlər gördüyünü izah edəcək.
Meri Blankenşipin sözlərinə görə, bütün bu addımlar doğru istiqamətdə atılsa da, bir çox sahədə, xüsusilə də bu sosial şəbəkə platformalarının əsasını təşkil edən biznes modeli ilə bağlı hələ görülməli çox iş var: “Sosial şəbəkə platformaları gəlirlərinin çoxunu reklamlardan qazanır. Buna görə də onların məqsədi istifadəçilərin daim aktiv qalaraq reklamları izləməsini təmin etməkdir.
Belə biznes modelində sosial şəbəkələr üçün vacib olan şey sizin diqqətinizi çəkmək və uzun müddət onlayn qalmağınıza nail olmaqdır. Hamımız bilirik ki, insanlarda emosional reaksiyaya səbəb olan məzmunlar adətən daha çox diqqət çəkir”.
Meri Blankenşipin fikrincə, insanlarda qəzəb və ya qorxu oyadan dezinformasiya daha tez yayılır.
Blankenşipi narahat edən odur ki, artıq bir çox istifadəçi dezinformasiyanın qurbanına çevrildiyinə görə geriyə addım atmaq çox gec ola bilər: “Sosial şəbəkələrin öz platformalarında müəyyən standartlar tətbiq etmələri əslində yaxşı addımdır. Ancaq mənim fikrimcə, bu addım çoxdan atılmalı idi. Çünki indi siz dezinformasiyanın öhdəsindən gəlməyə çalışsanız da, əslində sosial şəbəkə saytlarında bir vakuum yaradırsınız”.
Blankenşip xəbərdarlıq edib ki, dezinformasiyaya məruz qalmış şəxslər heç bir standartı olmayan daha ekstremist saytlara üstünlük verə bilərlər: “Beləliklə, orada onların öz vakuumları olacaq. Bu vakuum isə sadəcə onlara öz yalanlarının təsdiqini tapmaq imkanı verəcək”.
Reyçel Qilmor
Mənbə: Globalnews.ca