ABŞ prezidenti Cozef Bayden Azərbaycana birbaşa yardımı yasaqlayan qanunun – Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqini daha bir il müddətinə təxirə salıb.
Novator.az bildirir ki, Azadlığa Dəstək Aktına 907-ci düzəlişi 1992-ci ilin oktyabr ayında Konqres qəbul edib, bununla da ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımı yasaqlanıb. 2001-ci il sentyabrın 11-i ABŞ-da baş verən terror aktlarından sonra Konqres Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. O vaxtdan ABŞ prezidentləri hər il 907-ci düzəlişin təxirə salınması qərarı imzalayırlar.
ABŞ-ın Ratqers Universitetinin iqtisadçı professoru, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu yazır ki, əslində Azərbaycana qarşı qüvvədə olan bu qadağaya xitam verilməlidir: “907-ci düzəlişin “a” bəndində göstərilir ki, ABŞ prezidenti Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımlar atdığını müəyyən etsə və bu haqda Konqresə məruzə etsə, Azərbaycan hökumətinə bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım qadağası aradan qaldırıla bilər. Düzəlişə görə, prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığı qərarına gəlsə və bu haqda Konqresə təqdimat versə, “a” bəndində göstərilən qadağa tətbiq edilməməlidir.
Bu il fevralın 2-də Cozef Baydenə müraciətimdə qeyd etmişdim ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı 9 noyabr 2020-ci il bəyanatı ilə Cənubi Qafqaz regionunda bütün kommunikasiya və nəqliyyat xətlərinin açılması razılaşdırılıb, 11 yanvar 2021-ci ildə həmin razılaşmanın icrası üçün Azərbaycan, Ermənistan və Rusiya hökumət başçılarının müavinlərindən ibarət işçi qrup yaradılıb, tərəflər kommunikasiyaların açılması, nəqliyyat əlaqələrinin bərpasına dair fəaliyyət planlarının işlənməsinə start verib. Bildirmişdim ki, bununla Cənubi Qafqazda bütün nəqliyyat və kommunikasiya xətləri region ölkələrinin məhdudiyyətsiz istifadəsinə veriləcək, belə olan halda Azadlığa Dəstək Aktına 907-ci düzəliş əhəmiyyətini itirir.
Azərbaycan Demokratiya və Rifah Hərəkatı adından göndərilən müraciətdə Cozef Baydendən bölgədə yeni yaranmış situasiyanı əsas götürməklə, eləcə də Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığın inkişafı naminə 907-ci düzəlişin ləğvi üçün ən qısa müddətdə Konqresə təqdimat vermək xahiş olunmuşdu.
Hesab edirəm ki, bu çağırışa Azərbaycanın aparıcı ictimai-siyasi qüvvələri də qoşulmalı və yeni yaranmış situasiyada ABŞ prezidentinə təkrar müraciət göndərilməlidir”.