Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 may 2021-ci il məlumatına görə, Dövlət Sosial Müdafiə Fondu əvvəllər təyin olunmuş pensiyaların məbləğlərinin qanunvericiliyin tələblərinə uyğunluğunu araşdırır: “Araşdırmalar nəticəsində 12809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilib. Həmin şəxslərin pensiya məbləğləri qanunauyğun şəkildə yenidən hesablanaraq artırılıb.
Artımlar onlara pensiya hüquqlarının yarandığı tarixdən və ya qanunvericiliyin tələbinə uyğun hallarda əvvəlki üç il üçün hesablanaraq verilib. Həmin artımların təmin edilməsi üçün əlavə olaraq illik 8 milyon manat vəsait ayrılıb. Keçmiş dövr üzrə ödənməli olan 14,5 milyon manat fərq hesablanaraq aylıq pensiya məbləğlərinin üzərinə əlavə edilir, hissə-hissə ödənir”.
2021-ci il yanvarın 1-nə ölkədə 1 milyon 228,8 min pensiyaçı qeydiyyatda olub.
Ölkədə minimum pensiya 200 manatdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi hesabatına görə, 2021-ci il aprelin 1-nə pensiyaların orta aylıq məbləği 332 manata çatıb.
2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi artırılır. Hazırda kişilər 65, qadınlar 62 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dən qadınların da pensiya yaşı 65 olacaq.