Gənclər və idman naziri Azad Rəhimov aprelin 30-da vəfat edib.
1964-cü il təvəllüdlü Azad Rəhimov 7 fevral 2006-cı ildən gənclər və idman naziri idi.
Nazir səlahiyyətlərinin kiməsə həvalə olunması barədə rəsmi məlumat yoxdur.
Novator.az bildirir ki, Gənclər və İdman Nazirliyi 26 iyul 1994-cü ildə Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin ləğvi ilə yaradılıb, 18 aprel 2001-ci ildən 30 yanvar 2006-ci ilədək Gənclər, İdman və Turizm Nazirliyi adı daşıyıb.
Hazırda gənclər və idman nazirinin üç müavini var:
İntiqam Vaqif oğlu Babayev
1974-cü ildə Bakı şəhərində doğulub.
Bakı Dövlət Universitetin tarix fakültəsini və Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsini bitirib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi, Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, Bakı Şəhər İcra Hakimiyyətinin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri olub.
2000-ci ildən nazir müavinidir.
İsmayıl Sultan oğlu İsmayılov
1957-ci ildə Naxçıvan şəhərində doğulub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və Moskva Dövlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun aspiranturasını bitirib.
Professordur.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində baş mütəxəssis, Gənclər və İdman Nazirliyində baş təlimatçı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında elmi işlər üzrə prorektor vəzifələrində çalışıb.
2006-cı ildən nazir müavinidir.
Fərhad Məcid oğlu Hacıyev
1980-ci ildə Sumqayıt şəhərində doğulub.
Azərbaycan Universitetinin bakalavr və magistr pillələrini (beynəlxalq münasibətlər ixtisası ilə), Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pilləsini (iqtisadiyyat və idarəetmə istiqamətinin maliyyə ixtisası ilə) bitirib, Harvard Universitetində (ABŞ) hökumətdə çalışan yüksək rütbəli məmurlar üçün kurs keçib.
Fəlsəfə doktorudur.
Gənclər Təşkilatları Milli Şurasında şöbə müdiri, Məclis sədri, baş katib vəzifələrində çalışıb, Gənclər, İdman və Turizm Nazirliyinin bölmə müdiri, Gənclər Fondunun icraçı direktoru olub.
2018-ci ildən nazir müavinidir.