Mayın 4-də Meydan.tv ictimai fəal Bayram Məmmədovun ölümü ilə bağlı məlumat yayıb. Xəbərə görə, Türkiyədə olan fəal mayın 2-də yoxa çıxıb. Axtarış üçün polisə müraciət edən dostlarına onun öldüyü bildirilib. Bayram Məmmədovun meyitinin İstanbulda dənizdən tapıldığı vurğulanır.
İstanbulun Kadıköy rayonunun polis qurumundan “Turan”a bildiriblər ki, mayın 2-si saat 15 radələrində bir gəncin dənizə girib batdığı barədə məlumat alıblar, polis əməkdaşları hadisə baş verən əraziyə gedib.
Bayram Məmmədovun meyitinin dənizdən çıxarılıb xəstəxanaya aparıldığı qeyd olunur. Ölümün səbəbinə məhkəmə-tibbi ekspertiza aydınlıq gətirməlidir.
Novator.az xatırladır ki, Bayram Məmmədov başqa ictimai fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-u Bakıda həbs edilib. Həmin il Bakı Ağır Cinayətlər Məhkəməsi onları külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. Sonradan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb.
Rəsmi ittihama görə, Bayram Məmmədovun üstündən 2,9 qram, evindən 1 kiloqram 150 qram heroin, Qiyas İbrahimovun üzərindən 2,607 qram, yaşadığı mənzildən 1 kiloqram 10 qram heroin tapılıb.
Müdafiəçiləri onların həbsini siyasi sifariş sayıb. Onlar bildiriblər ki, 2016-cı il mayın 10-na keçən gecə mərhum prezident Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.
2019-cu il martın 17-də hər iki gənc prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.