İslamçı terrorizm indi o qədər də təhlükəli deyil – Məşhur yazar
- 03 May 2021
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetTribunaYazarlar
ABŞ-ın “Vaşinqton Post” qəzetində “On il əvvəllə müqayisədə islamçı terrorizm o qədər də təhlükəli deyil” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Fərid Zəkəriyyədir. 57 yaşlı Fərid Zəkəriyyə Hindistanda müsəlman ailəsində doğulub, ABŞ-ın Yel Universitetində bakalavr təhsili alıb, Harvard Universitetində fəlsəfə doktoru dərəcəsinə yiyələnib. Nyu-Yorkda yaşayır. ABŞ-ın xarici siyasət və beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış “Foreign Affairs” jurnalının baş redaktoru, həftəlik “Newsweek İnternational” xəbər jurnalının redaktoru olub. 2010-cu ildən “Vaşinqton Post” qəzetinin redaktoru və şərhçisidir, hər həftə qəzetdə köşə yazısı ilə çıxış edir. O həmçinin CNN kanalında həftəlik “Fareed Zakaria GPS” adlı ictimai-siyasi proqramın aparıcısı və ABŞ-ın ən qədim, ən məşhur ədəbi nəşrlərindən olan “The Atlantic” jurnalının redaktorudur. Fərid Zəkəriyyənin ictimai-siyasi mövzuda qələmə aldığı üç kitabı “Nyu-York Tayms” qəzetinin bestselləri siyahısına düşüb. Novator.az saytı “On il əvvəllə müqayisədə islamçı terrorizm o qədər də təhlükəli deyil” məqaləsini ingiliscədən çevərərək oxucuların diqqətinə çatdırır.
Kod adı “Neptun nizəsi” olan əməliyyatın keçirildiyi vaxtdan 10 il ötür. Həmin əməliyyatla ABŞ xüsusi təyinatlıları Üsamə Bin Ladeni məhv emişdilər. İndi islamçı terrorizmin və bütövlükdə radikal islamın vəziyyəti barədə düşünməyin əsl məqamıdır. İlkin mənzərə aydındır: onlar pis vəziyyətdədirlər.
2014-cü illə müqayisədə terror nəticəsində baş verən ölümlərin sayı 59 faiz azalıb. 2014-cü ildə bu göstərici ən yüksək həddə idi.
Hazırda Qərbdə islamçı zorakılıq ultrasağçı terror aktları ilə müqayisədə daha az təhlükə yaradır. 2014-cü ildən bəri ultrasağçı terror aktlarının sayı 250 faiz artıb. İndi terror hücumlarının 46 faizi, terror nəticəsində baş verən ölümlərin isə 82 faizi ultrasağçı terror aktlarının payına düşür.
İslamçı terrorizm artıq daha çox lokal xarakter almağa başlayıb. Buna Əfqanıstanda “Taliban”ı, Nigeriyada “Boko Haram”ı, Somalidə “Əl-Şəbab”ı misal göstərmək olar.
“Əl-Qaidə” liderləri əsas diqqəti “yaxın düşmənə” (yerli rejimlərə) deyil, “uzaq düşmənə” (ABŞ və Qərbə) yönəltməyin lazım olduğunu deyirdilər. O günlərlə müqayisədə vəziyyət kökündən dəyişib. “Əl-Qaidə” müxtəlif yerlərdə fəaliyyət göstərən silahlı qruplaşmalara parçalanıb və artıq onun mərkəzi komandanlığı, yaxud vahid ideologiyası yoxdur.
“İslam dövləti”nin (İŞİD) fəaliyyəti maliyyə vəsaitlərinin artması nəticəsində nisbətən güclənib. Buna baxmayaraq, o, fəaliyyət göstərə biləcəyi qeyri-stabil ölkələr axtarışındadır. Belə ölkələrdən biri də Mozambikdir. Ancaq məhz yerli münaqişələri diqqət mərkəzində saxlaması bu cür təşkilatların qlobal əhəmiyyətini azaldır. Mozambik və ya Somalidəki yerli münaqişələr bütün dünya müsəlmanları ilə əlaqələndirilmir.
Ötən əsrin 70-ci illərində uğur qazanmağa başlayan kriminal islamçı hərəkat ərəb dünyasındakı diktatura və monarxiya rejimlərinin öz cəmiyyətlərini inkişaf etdirə bilməməsi nəticəsində daha da genişləndi. İslamçı qruplaşmalar müsəlmanları Qərb üslubunda müasirləşməkdən imtina etməyə və islam dövləti uğrunda siyasi islam ideyasını qəbul etməyə çağırdılar. Bu isə yoxsulluq və özbaşınalığın artmasına səbəb oldu.
Bin Laden və onun silahdaşı Ayman əz-Zəvahiri kimiləri siyasi islamı kriminal islama çevirdilər. Çünki onlar bunun ərəb dünyasında və digər ölkələrdə diktatura rejimlərini devirməyin yeganə yolu olduğunu düşünürdülər. Onlar bu rejimlərə, ən əsası isə diktatorları dəstəkləyən supergücə – ABŞ-a qarşı terror aktları təşkil edirdilər.
Nadir Haşimi “Religions” jurnalında dərc etdirdiyi bir məqaləsində yazır ki, siyasi islam müsəlman dünyasında acı reallığın mistik alternativi kimi qalmışdı, müxalif hərəkatlar onu sınaqdan keçirməmişdilər. Son bir neçə onillikdə isə islamçı partiyalar İraq, Sudan, Tunis, Misir, Qəzza, İordaniya və digər yerlərdə siyasi prosesə qoşuldular. “Ümumi nəticə belə oldu, – Haşimi qeyd edir, – siyasi islamın dövlət hakimiyyətini ələ keçirməsi, hakimiyyətdə istifadə olunması onu xalqın gözündən saldı”.
Milyonlarla müsəlman artıq siyasi islamın məqsədləri ilə tanış olub və onu bəyənmir. Müsəlmanlar kütləvi surətdə, dəstə-dəstə “İslam dövləti” xilafətindən qaçıblar. Onlar Misirdəki “Müsəlman qardaşlığı” hərəkatına qarşı etiraz aksiyaları keçiriblər, İraqda şiə partiyalarının korrupsiyaya havadarlıq edən əməliyyatların tərkib hissəsinə çevrildiyini görüblər. İranda isə teokratik hökumət onların ümidlərini puça çıxarıb. Siyasi islamı dəstəkləyən faktorlar, yəni mövcud rejimlərə qarşı nifrət və dini liderlərin vədlərinə kor-koranə inam ciddi şəkildə zəifləyib.
Hazırda siyasi islam yalnız yerli problemlərə və narazılıqlara köklənib. Bu isə onun qlobal hərəkata çevrilməsinə kifayət etmir. Bu vəziyyət Qərbdə də aktualdır. Fransada islamçıların bir sıra hücumları baş versə də, bu hücumları məşhur cihadçı qruplaşmaların üzvləri deyil, polisin tanımadığı ayrı-ayrı şəxslər törədiblər. Onlar öz iradələri ilə radikallaşmış adamlardır və onları radikal ideologiyaya öz şəxsi narahatlıqları gətirib çıxarıb.
Bu mənada islamçıların Avropadakı hücumları ABŞ-da ultrasağçıların hücumları ilə ortaq xüsusiyyətlərə malikdir. Cəmiyyətə yadlaşmış adamlar internetdə daha da radikallaşır, onların qorxu və qəzəblərini silahlandıran ideologiyalar tapırlar. Hazırda ABŞ-da cəmiyyətə yadlaşmış ağdərililərin sayı müsəlmanların sayından daha çoxdur. ABŞ-da terrorizmin tərkibcə dəyişməsi də bununla əlaqədardır.
İslam, islamçı terrorizm və islam ölkələrində demokratiya perspektivləri ilə bağlı təcrübə mürəkkəb və fərqlidir. 2021-ci il həm də “Ərəb baharı” hərəkatının 10 ilinin tamam olduğu ildir.
“Ərəb baharı” milyonlarla ərəbin demokratiya, insan haqları uğrunda dinc etirazlar keçirməyə çalışdığı və ötən bir neçə ildə Əlcəzairdə, Sudanda, Livanda, İraqda yenidən baş qaldırmış bir hərəkatdır. Bu etiraz dalğası çox böyük uğurla nəticələnməsə də, o, ərəblərin və müsəlmanların azadlığı, demokratiyanı xilafətdən daha çox istədiklərini göstərdi.
ABŞ baş verənlərdən nəticə çıxarmalı və sakit olmalıdır. Biz 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra neçə ay təşviş içərisində yaşadıq, dəhşətə gəldik, düşündük ki, bu yeni düşmən bizi məğlub edəcək, ona görə daxildə azadlığımızı qurban verdik, xaricdə müharibələr apardıq. Üzləşdiyimiz təhdidləri şişirdib təşvişə düşmək bizim Amerikada köhnə şakərimizdir. Sovet İttifaqı dövründə də belə olub, Səddam Hüseynə münasibətdə də. Ona görə indi dünyada yeni düşmən axtarışıyla vurnuxmaqdansa gəlin rəqiblərimizin gücünü düzgün qiymətləndirməyi və onlardan tez yayınmağın yolunu öyrənək, amma qorxuya düşməyək.
Fərid Zəkəriyyə
Mənbə: Washingtonpost.com