Süleyman Qaradağlı
Nə vaxt doğulmaq, dünyaya nə vaxt gəlmək kimin öz əlindədir ki? Doğulmaq tale işidir.
Onun da bəxtinə fevralın son günlərində doğulmaq düşüb. Hərdən buna etiraz edərək “İldə bir dəfə ad günüm olur, o da Xocalı ilə eyni vaxta düşür”, – deyir.
Ad günlərinin təmtəraqla qeyd edilməməsini bununla əlaqələndirməsə də, əslində onun belə məclislərdən, yubiley tədbirlərindən o qədər də xoşu gəlmir.
Ona görə də heç vaxt belə məclislər təşkil etməyib.
Tək bir dəfədən başqa…
50 illik yubileyi münasibətilə bir kafedə təxminən 50 nəfər yaxın adamın, dost-tanışın iştirakı ilə xudmani məclis təşkil olunmuşdu. Çox yaxşı bir süfrə açılmışdı, sağlıqlar, xoş sözlər, deyib-gülmək…
Saat 11 olsa da, saat 6-dan başlayan yubiley məclisi davam edirdi. İştirakçılar hələ də dağılışmaq istəmirdi. Belə uzun-uzadı yığıncaqları xoşlamayan Şakir müəllim həmişə yanında olan qovluğunu qoltuğuna vurub mikrofona yaxınlaşdı: “Əziz dostlar! Bu gün mənimlə, ailəmizlə birlikdə olduğunuza görə hamınıza təşəkkür edirəm. Məclisimiz davam edir, kim nə qədər istəyirsə, əyləşsin, yeyib-içsin, mən isə evə tələsirəm. Yarım saatdan sonra Çempionlar Liqasının oyunu başlayır, ona baxmalıyam. Həmin oyun barədə sabah çıxan qəzetə material hazırlamalıyam. Ondan başqa da bir neçə vacib işim var. Sabah saat 9-da da işdə olmalıyam…”
Şakir Yaqubov bu dərəcədə dəqiq və konkretdir.
Həmişə də belə olub. Nə onun nə vaxtsa işə beş dəqiqə gecikdiyini görən olub, nə də işdən beş dəqiqə tez çıxdığını.
Təkcə işə yox, görüş veribsə, görüş vaxtına da belə dəqiqdir, söz veribsə, sözünə də belə sadiqdir.
Özünün bu dəqiqliyini həmişə başqalarından da umub. Hətta məsuliyyətsizlik hallarında, kimsə öz səhvini anlamayanda onu sərt şəkildə tənqid etməkdən, dişinin dibindən çıxanı deməkdən də çəkinməyib.
Əlbəttə, onun bu tələbkarlığı və xasiyyətinin cod tərəfi kimlərisə ondan incik salıb, küsdürüb. Amma Şakir müəllim xasiyyətini dəyişən deyil ki…
Onu sevənlər, ona sadiq qalanlar ustadı elə xasiyyətinin bu sərtliyi ilə seviblər. Kim onun bu sərtliyinə dözübsə, onun jurnalistika məktəbindən, yüksək peşəkarlığından nəsə əxz edib, öyrənib. Kim dözə bilməyibsə, bu sahədə onda bir natamamlıq, yarımçıqlıq olub.
Vərdiş, xarakter elədir ki, onu dəyişmək ya çox çətin olur, ya da mümkün olmur. Əgər hər səhər sənin iş günün həmin günün qəzetlərini oxumaqla başlayırsa, bundan necə imtina edəsən? Əgər sən təzə çapdan çıxan bədii ədəbiyyat nümunələrini mütaliə etməyə adət etmisənsə, ondan əl götürə bilərsənmi?
İş bundadır ki, bütün bunlar Şakir müəllimin həyat tərzinə çevrilib. Nə vaxt getsən, stolunun üstündə gündəlik qəzetləri, rəfində yeni kitabları görərsən. Həm də oxuduqlarının kəm-kəsirləri, əyər-əskikləri barədə təkzibolunmaz qeydləri ilə birlikdə.
Şakir müəllimin irad tutduqları sırasına son illər nəvələrinin dərslik kitabları da daxil olub. Hətta nümunəvi dərslik kimi tövsiyə olunanlar da…
Yeri gəlmişkən, onun tənqid hədəfləri arasında vaxt tapıb izlədiyi televiziya verilişləri, müəllif proqramları da var…
Həm də təkcə irad tutmaq, tənqid etmək yox, doğru olanı göstərmək də ona xas olan keyfiyyətdir. Hansısa filosofun sözüdür: “Dünyada ən asan iş məsləhət verməkdir”. Şakir Yaqubov təkcə yol göstərmir, məsləhət vermir, “necə olmalıdır” sualına cavab da verir…
Bunlar bir tərəfə, həm də bütün bu oxuduqlarını ən xırda incəliklərinə qədər yadda saxlamaq fenomen yaddaş tələb edir. Hansı plenumun nə vaxt keçirildiyi, hansı qərarın nə vaxt verildiyi, hansı məqalənin hansı qəzetdə hansı səhifədə və sütunda verilməyi – hamısı onun hafizəsindədir. Şakir Yaqubovun yaddaşı müasir dillə desək, Vikipediyadır. Tanıyanların onu “ensiklopediya” adlandırması həm də bu keyfiyyətlərindən qaynaqlanır.
Kiminsə belə bir ifadəsi var, deyir ki, insan bu dünyaya gələndə özü ilə birgə bəxti də doğulur. İstedad, bacarıq, qabiliyyət öz yerində, amma kim nə deyirsə-desin, bəxt amili heç də kiçik məsələ deyil. Şakir Yaqubovu yaşadığı ömürdə bəzən bəxtsizlik, talesizlik də izləyib. Astara rayonundakı Pensər kənd orta məktəbinin əlaçı şagirdi ali məktəbə yox, texnikuma, sonrakı il Azərbaycan Dövlət Universitetinin jurnalistika yox, kitabxanaçılıq fakültəsinə qəbul olunub.
Həyatda iki dəfə cərrah bıçağı altına düşüb. Həkimlik karyerasında minlərlə uğurlu əməliyyat aparması ilə öyünən tibb elmləri doktoru, professor və məşhur kardioloq-cərrah onun üzərində bəlkə də ən uğursuz əməliyyatını aparıb və Şakir müəllimin həyatı ikinci dəfə cərrah bıçağından asılı qalıb. İkinci əməliyyat və yenə də uğursuz…
Bir neçə il əvvəl jurnalistlərin ev bölgüsündə haqsızlıqla üzləşənlərdən biri də o olub. Həyat yoldaşı, qızı və nəvələri ilə birlikdə yaşayan mətbuat veteranına cəmi bir otaq verilib. Həmin bölgünün ədalətli olduğunu əsaslandırmağa çalışan bir həmkarını isə efirdə çıxış edərkən söylədiyi “hər kəs layiq olduğu qiyməti alır” ifadəsinə görə neçə illərdir ki, bağışlaya bilmir.
Həmin bölgünü aparan və ömründə əlinə qələm götürməyən ixtiyar sahibləri, əlbəttə ki, əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun sağ əlinin üçüncü barmağının həmişə döyənək olduğundan xəbərsizdilər. Lap xəbərdar olsalar belə, guya nə dəyişəcəkdi ki?
İndi kompüter, texnologiya əsridir. Daha qələm tutmaqdan heç kəsin barmağı qabar olmur, heç kəs qar kimi ağappaq kağızı yazıb-pozmaqdan şumlanmış tarla kimi qapqara qaraltmır. Kompüter dövründə yaşayanlar, əlbəttə, razılaşmayacaqlar, amma kağız-qələmlə işləməyin özgə ləzzəti var axı. Mübahisə açmaq istəmirəm, şübhəsiz ki, hər kəs yaşadığı zəmanənin övladıdır. Lev Tolstoy deyirmiş barmaqlarım mürəkkəbə bulaşmayanda yazıçı olduğumu hiss eləmirəm. Şakir Yaqubov həm kağız-qələm, həm də kompüter dövründə çoxlu kitab yazıb, məqalələr, resenziyalar, esselər, xatirələr qələmə alıb, tərcümələr edib. Özü də istər siyasətdən, istər iqtisadiyyatdan, istər sosial, mədəniyyət sahəsindən yazsın, istərsə də mənəviyyat məsələsi və idmandan, hamısını eyni peşəkarlıqla yazır. Doğrudur, son illər mətbuata gələnlər onu daha çox idman, xüsusilə futbol mövzusunda yazan jurnalist kimi tanıya bilərlər, lakin belə bir bölgü aparmaq bəlkə də düzgün olmaz. Hərçənd futbol üzrə dünya çempionatı, eləcə də digər yüksək səviyyəli turnir və yarışlar haqqında onun yazdığı reportaj və təhlillər, futbol əfsanəsi Banişevski, İngiltərə kraliçasının qızıl fit bağışladığı hakim Tofiq Bəhramov haqqında kitabları, ayrı-ayrı idman növləri üzrə yüksək nəticələr qazanan dünyanın məşhur ulduzları haqqında yazdığı məqalələr bu gün də böyük maraqla oxunur.
Şakir Yaqubov analoqu olmayan çox böyük peşəkar, azman jurnalist olmaqla yanaşı çox da böyük tərbiyəçidir – danlaya-danlaya, bəzən acı sözlər deyə-deyə, həm də can yandıra-yandıra, sevə-sevə…
Şakir Yaqubov çox böyük ziyalı və müəllimdir – əsəbiləşə-əsəbiləşə, hirslənə-hirslənə, tüstülənə-tüstülənə, həm də yol göstərə-göstərə…
Şakir Yaqubov vətənpərvər və Azərbaycansevərdir – millətin səhvlərini göstərə-göstərə, onun dərdlərinə yana-yana danışır, yazır və bunlara baxmayaraq onu çox sevir…
Kağız-qələm dövründən danışdıq, indi klaviatura döyəcləyənlərin çoxunun Azərbaycan mətbuatının cəfakeşlərindən olan Şakir Yaqubov məktəbindən, yaradıcılıq tələblərindən xəbərləri yoxdur. Çox təəssüf!.. Bəlkə də mətbuatın indiki dişsizliyi və kəsərsizliyi belə peşəkarların, belə ustad sənətkarların azalmağında, haradasa yoxluğundadır. Məgər “Şakir Yaqubovun jurnalistika məktəbi”ni yaratmaq pis olardımı? Jurnalist kadrları hazırlayan ali məktəb tələbələri ilə onun görüşünü təşkil etmək necə? Hər dəfə mətbuat səhifələrində, ekran və efirlərdə, saysız-hesabsız saytlarda alaşıq-dolaşıq, heç bir məna, məzmun və fikir ifadə etməyən materiallarla rastlaşanda, istər-istəməz ürəyindən keçirməli olursan: nə Şakir müəllimin yeridir, həmin yazını dərc edənin aşının suyunu verib, müəllifi də özünə peşə axtarmağa yola salaydı…
Nə qədər zamandan, bizi qocaldan, yaşımızın üstə yaş gətirən amansız illərdən qaçmağa çalışsaq da, bəzən bu mümkün olmur. Şakir Yaqubovun ömür təqvimində daha bir il tarixə qovuşur. Onun ad günü ümumən Azərbaycan jurnalistikası, vicdanlı qələm sahiblərinin hamısı tərəfindən qeyd edilməyə layiqdir. Bu gün əlinə qələm götürən, klaviatura döyəcləyən, mikrofon tutan hər kəs özünü ustad və peşəkar jurnalistlərin yaratdığı məktəbin, qoyduğu dəst-xəttin davamçısı hesab etməlidir. O cümlədən də Şakir Yaqubovun…
Onunla birlikdə “Azərbaycan gəncləri”, “Kommunist”, “Həyat”, “Azərbaycan”, “Səhər”, “Panorama” qəzetlərində çalışanların hər birinə bu çeşmədən bəhrələnmək payı düşüb. Bu sahədə çalışan, fəaliyyət göstərən hər kəs üçün ustad jurnalistin xeyir-duasını almaq, redaktor qayçısını görmək onların gələcək karyerası üçün çox faydalı rol oynayıb.
Bu gün onun xeyir-duasını alanlardan nazir müavini kürsüsündə əyləşənlər də var, şirkət direktoru, qəzet redaktoru, sayt rəhbəri olanlar da. Onların arasında Şakir Yaqubovu xatırlayanlar da var, unudanlar da. Rus şairi Brodskinin sözü yada düşür: “Məni unudanlardan şəhər salmaq olar”. Həyat belədir: unudanlar özləri də unudulurlar. Necə deyərlər, unudulanlar unudanları unutmurlar.
Həmişə xatırlanan, çətin unudulan təqvim günləri var: ali məktəbə qəbul olunduğun gün, əsgərliyə getdiyin gün, ordudan tərxis olunduğun gün, doğma kəndinin işğal günü, əzizlərini itirdiyin, doğma kəndinin, rayonun işğaldan azad olduğu gün və s. Böyük jurnalist Şakir Yaqubovun doğum günü də mətbu sözə, jurnalist əməyinə dəyər verən hər kəs üçün belə təqvim günlərindən biridir.
Həm də təkcə həmin gün yox, həmişə və hər vaxt…
“525-ci qəzet”, 1 may 2021-ci il