Qənimət adamın döyüşü (Nofəl Qasımovun 60 yaşına)
- 01 May 2021
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Biz daş yaddaşı olan toplumuq: ruhumuzda təbiətə, torpağa, dağa-daşa, hətta quru divara belə qəribə bir bağlılıq, sadiqlik var. Qarabağ işğaldan azad olunandan sonra öz dədə-baba yurduna üz tutanların illər öncə qoyub getdikləri nişanələri dəlicəsinə axtaran gözlərinin ifadəsi də, alt-üst edilmiş ev-eşiklərini görəndə için-için alışıb yandıqlarından xəbər verən nisgilli çöhrələri də elə o daş yaddaşa hopmuş duyğuların təcəssümüdür.
Yadımdan çıxmaz, 2010-cu il idi, 9 yaşım vardı, Kür daşanda özüm Bakıda ola-ola çayın dədə-baba yurdumuzu basacağını, babalarımızın qəbirlərini, camaatın min bir zəhmətlə qurub tikdiyi ev-eşiyi yuyub aparacağını düşünüb bərk sarsılmışdım. İndi o günləri xatırlayanda doğulub boya-başa çatdıqları yurdu, təxminən 30 il işğal altında qalan ev-eşikləri, əzizlərinin məzarları tar-mar edilən insanların hansı məşəqqətlər yaşadığını bir az da dərindən anlayıram.
Bu 30 ildə Vətən həsrəti ilə yaşayan nə qədər insan el-oba nisgilini özləri ilə götürüb dünyadan köç etdi. Ondan qat-qat çox insan o Vətən, doğma yurd nisgilini öz içində çəkdi, qürurunu zərrə qədər də sındırmadı, vüqarını bir misqal da itirmədi. Belə insanlardan biri haqqında – təmkini, ağayana duruşu ilə el-obasının, dost-tanışın arasında hörmət-izzət qazanmış, ömrünün 60 yaşını haqlayan Nofəl Qasımov haqqında təəssüratlarımı bölüşmək istəyirəm.
Nofəl Qasımov – hər kəslə rahatlıqla ünsiyyət qurmağı bacaran, böyüklə böyük, kiçiklə kiçik kimi davranan, “müəllim” sözündən qaçan təvazökar, sadə və səmimi Nofəl əmi… Əslində, onu “canlı kitab” da adlandırmaq olar; elə bir kitab ki, vərəqlədikcə hələ qatı açılmamış nə qədər səhifənin olduğunu görürsən.
1961-ci ilin may ayının ilk günündə Qarabağda – Füzuli rayonunun Böyük Pirəhmədli kəndində, İkinci Dünya müharibəsinin od-alovundan keçmiş Rəşid kişinin ocağında dünyaya göz açıb. Səkkizinci sinfə qədər Böyük Pirəhmədlidə, sonra Horadizdə oxuyub, Bakıda ali təhsil alıb, iki il hərbi xidmət keçib.
Özünün də dediyi kimi, misilsiz təbiəti olan Qarabağda boya-başa çatıb. Elə ona görə də nəinki Füzulini, bütün Qarabağı qarış-qarış tanıyır, o yerlərdən söz açanda az qala xatirələri ilə oranın xəritəsini çəkir. Danışdıqca iti yaddaşına, dəqiq, sərrast müşahidələrinə heyran qalmamaq olmur. Bəlkə də onu həyata daha sıx bağlayan bir amil də belə dərin yaddaşı və bir də həmin xatirələrdir.
Nofəl Qasımovun torpağa, Vətənə bağlılığını sözlə ifadə etmək, cümlələrə sığdırmaq çox çətindir. Amma ən əsası odur ki, o, özünü sözdə yox, əməlləri ilə də təsdiq eləyib. Onun Vətən təəssübü təmənnasız və səmimidir. Öz təbiri ilə desək, həmişə tək bir amalı olub – bu yurd bizimdir, biz bu yerlərdə doğulub böyümüşük və bu torpaqları yada vermək olmaz. Həmişə bu amal yolunda gücü çatan yerə qədər irəliləyib, artıq sonrakı məsələlər isə, özünün dediyi kimi, Tanrının bir sınağı idi.
Füzuli erməni işğalına məruz qalana qədər rayonda çalışıb, hər zaman el-obasının xeyir-şərinə yarayan adam olub. Hələ 1980-ci illərin sonlarında – Birinci Qarabağ savaşının təzə-təzə alovlandığı dövrdə özünümüdafiə dəstələrinin yaradılmasında fəal iştirak edib, öz vəsaiti hesabına o dəstələrin silah-sursatla təmin olunmasına yardım göstərib.
Birinci Qarabağ savaşının ən qızğın vaxtlarında bir müddət yüksək vəzifə tutub, təxminən 9 ay Füzuli Rayon İcra Hakimiyyətinin başçısı olub. Bu, elə bir dövr idi ki, səngərdə qızğın döyüşlər gedirdi. Amma Nofəl Qasımov qısa müddətdə o zaman üçün böyük əhəmiyyət kəsb edən bir sıra zəruri və önəmli işə imza atmağı bacardı – həm məmur oldu, həm döyüşçü. Onun ərazi müdafiə qərargahına rəhbərliyi dövründə peşəkar mütəxəssislərin iştirakı ilə qısa müddətdə bir neçə döyüş briqadası yenidən təşkil edildi, hərbi heyət tam silahlandırıldı.
O, rayondakı hər bir şəhid ailəsi ilə müntəzəm maraqlanır, tez-tez onlara baş çəkib ehtiyaclarını qarşılayırdı. Bu müddətdə təxminən 40 nəfərə yaxın hərbçinin toy mərasimini təşkil etmişdi.
Bunu bir dəfə sözgəlişi özündən eşitmişdim: “Cəbhədə qızğın döyüşlər gedən vaxtlar idi. Həmişə maşınımda ehtiyat üçün 10 dəst təzə hərbi geyim, ayaqqabı saxlayırdım, əyin-başı nimdaş olan əsgərə təzə geyim verirdim. Bir əsgərlə rastlaşdım, ona təzə geyim vermək istədim, dedi ki, lazım deyil, onsuz da şəhid olacağam. Dedim ki, biz şəhid olanda da gərək düşmən əyin-başımızı nimdaş görməsin”.
Bunu isə onu tanıyanlar – o illərin şahidləri danışıblar: “Ağır dövr idi. Elə olurdu günlərlə səngərdə qalırdı, evinə də baş çəkə bilmirdi. Bir saatlıq da olsun rayondan kənara çıxmırdı ki, deyərlər rayonu, torpağı qoyub qaçıb. Hətta o vaxtlar onun 9 aylıq uşağı xəstəlikdən dünyasını dəyişdi. Rayonu qoyub getmirdi deyə körpəni müalicə üçün özü Bakıya apara bilmədi. Sözün həqiqi mənasında canından da keçməyə hazır idi ki, Füzuli düşmənə təslim olmasın. Elə bu keyfiyyətlərinə görə 123 nəfər akademik, professor, tanınmış elm, ədəbiyyat və mədəniyyət adamı Nofəl Qasımovun müdafiəsinə qalxaraq onu bəzi bədxahların şər-böhtanından qorudular”.
***
Elə xüsusiyyətlər var ki, sonradan mənimsəmək mümkün deyil, insana doğuluşdan, irsən nəsib olur. Bu mənada “Ot kökü üstdə bitər” deyimi də təsadüfən yaranmayıb.
Nofəl Qasımov həm də şəhid zabitimiz – baş leytenant Səid Rəşidzadənin atasıdır. Amma yox, yazının bu hissəsini nisgilli ruhda yazmaq fikrim yoxdur. Çünki Nofəl əmi övlad itkisinin yükünü fəxarət hissi ilə, qürurla daşıyır.
Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirən Səid Rəşidzadə 2016-cı ilin aprel döyüşlərində iştirak edib, İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq döyüşlərə yollanıb, 2020-ci il oktyabrın 11-də Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb, prezident İlham Əliyevin sərəncamına əsasən, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhid atası Nofəl Qasımov o günləri belə xatırlayır: “Səid döyüşə yollananda onun əynindəki hərbi geyimi kəfən kimi görürdüm. Səid bölük komandiri idi, şəhid olması xəbərini alanda birinci ağlıma bölük gəldi. Soruşdum ki, bəs indi bölüyə kim komandirlik edir, uşaqlar tək deyil ki?
Səidin şəhid olduğu yerə – Şişqayaya biz 1990-cı illərdə üç dəfə hücum eləmişdik, amma ala bilməmişdik. Şişqayanın aşağısında o vaxt rus bazası yerləşirdi. Mən ömrü boyu Səidin Azərbaycan bayrağı sancarkən şəhid olduğu o yüksəkliyin həsrətini çəkmişəm. Mənə qismət olmadı, amma Səid Şişqayaya gedə bildi. 1990-cı illərdə, döyüşlərin qızğın vaxtlarında Səidin 3 yaşı vardı, onu bir neçə dəfə özümlə səngərə də aparmışdım. Səidin içində Vətənin qisası hissi vardı, o qisasın dalınca getmişdi Səid. Mən Səidin adını çəkəndə bütün şəhid və qazilərimizi nəzərdə tuturam. Biz bacarmadıqlarımızı balalarımız bacardılar”.
***
Səid Rəşidzadənin soyadı bəzən sual doğurur – niyə “Qasımov” yox, “Rəşidzadə?” Səid soyad kimi babasının adını daşıyır. Nofəl əminin atası Rəşid kişi İkinci Dünya müharibəsinin iştirakçısı olub, müharibə veteranıdır, may ayının 9-da 97 yaşını qeyd edəcək.
Nofəl əmi deyir: “İkinci Qarabağ müharibəsi başlayan gündən atam qoşalüləsini yanında gəzdirirdi, inanın, imkan versəydilər, gözünü qırpmadan cəbhəyə gedərdi. İndi Səidin şəhid olmağını ona demirik. Amma tez-tez soruşur, xəbər alır, deyirik ki, hələ xidmətdədir.
Yaşının bu cağında da kişinin zehni çox itidir, hər şeyi analiz edə bilir. Qələbədən sonra dedi ki, karantin ola, bu vəziyyət camaatın yaşayışına mənfi təsir edə, hələ üstəlik, müharibə də ola – bu, elə-belə iş deyil, amma şükür ki, yeməyə çörəyimiz var. Dedi ki, müharibə eləmək asan iş deyil, gərək 7-8 dövlətlə danışasan, bir çox məsələləri əvvəlcədən həll edəsən, maşallah, prezidentimiz çox fərasətli çıxdı. Torpaqlarımız azad olunandan sonra atam vəsiyyət eləyib ki, dünyadan köçəndə onu ulu babası Atakişi kişinin yanında dəfn edək”.
***
İkinci Qarabağ müharibəsindən söhbət düşəndə çox qürrələnir, hərbçilərimizin böyük fədakarlıqlar göstərdiyini dönə-dönə vurğulayır Nofəl əmi. Amma onu da əlavə edir ki, Birinci Qarabağ müharibəsində igidlik göstərənlərin, torpağı canı bahasına qoruyanların haqqını da danmaq olmaz. İki müharibə arasında yalnız zaman fərqinin olduğunu deyir: “O vaxt, 1990-cı illərdə texnika yox idi, texnologiya inkişaf eləməmişdi, bizim uşaqlar bilmirdi ki, silahı düz atır, ya səhv atır, amma ürəkdən döyüşürdülər, fədakarlıq edirdilər. Neçə-neçə qəhrəmanımız ad çıxardı. Biz gecə ilə bir-birimizə köməyə gedirdik. O vaxt Ağdərə alınanda biz 60 nəfərlə köməyə getmişdik. Amma bizə ehtiyac olmadı deyə geri qayıtdıq. Biz çox çətin vəziyyətdə vuruşurduq. Təsəvvür edin, Horadizdə Bakı ilə əlaqə saxlamaq üçün poçta gəlirdik, 2-3 saatdan sonra əlaqə yarada bilirdik. Dəyişən təkcə dövrdür, insanlar həmin insanlardır. O vaxt döyüşən qazilər indi döyüşə bilmirdilər, amma bilirsiniz neyləyirdilər? Füzulinin Əhmədbəyli kəndində yuat yeri var, həmin qazilər orada şəhidləri yuyur, tabuta qoyub yola salırdılar. Bu da bir döyüşdür.
Ordumuzun bu qələbəsi böyük qələbədir. Ali baş komandanın rəhbərliyi ilə 44 gündə ordumuz böyük zəfər qazandı. Bu yerdə peşəkar hərbçilərin, zabitlərin yetişdirilməsində xüsusi xidmətləri olmuş Ali Hərbi Məktəbin də əməyini qeyd etmək lazımdır. Hərbçilər döyüşə hərtərəfli hazır idilər. İnşallah, gedib o yerləri görsəniz, təəccüblənərsiniz ki, bizim igidlər görün necə böyük dağları aşıblar, necə çətin yerlərdən keçiblər. Qələbə bizə asan başa gəlməyib, hər qarış torpaq uğrunda qan tökülüb”.
***
Nofəl Qasımov sözün əsl mənasında qənimət adamdır. Bu qənimət adam haqqında bir kitab yazmaq olar, xatirələri bitib tükənməyən, dünyanın hər üzünü görən bu adamın dərin yaddaşı, müşahidə etdiyi hadisələrlə bağlı özünəməxsus, fərqli, orijinal baxışı var.
Gələcəyə çox nikbin baxır, Azərbaycan gəncliyinə böyük inam bəsləyir, hər şeyin yaxşı, çox yaxşı olacağına əmin olduğunu vurğulayır. Biz gənclər məhz belə insanlardan nümunə götürməliyik.
Mayın 1-də 60 yaşı tamam olur. Yubileyini qəhrəman oğlu Səidlə birlikdə – onun məzarı başında qeyd edəcəyini deyir.
Doğum günün mübarək olsun, Azərbaycanla, Vətənlə bağlı bütün arzuların həyata keçsin, qəhrəman atası – Nofəl əmi!..
Nadir Rzalı,
“525-ci qəzet”