Baydenin planı – Türkiyə mediası
- 29 Aprel 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetTribunaYazarlar
Novator.az saytı Türkiyənin “Hürriyyət” qəzetində dərc edilmiş “Baydenin planı” yazısını Azərbaycan türkcəsinə uyğunlaşdıraraq oxucuların diqqətinə çatdırır. Yazının müəllifi Nedim Şenerdir.
ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın 1981-ci il aprelin 22-də səsləndirdiyi “erməni soyqırımı” yalanını 40 ildən sonra indiki prezident Cozef Bayden təkrar dilə gətirdi. Bu yalanı 2019-cu ildə ABŞ Konqresi və Senatı da qəbul edib.
Yalana ortaq olan ölkə təkcə Amerikadırmı? Əsl soyqırımı törətmiş Almaniya, Fransa, İtaliya, İspaniya, Belçika kimi ölkələrin daxil olduğu Avropa Parlamentinin 2015-ci ildə, yəni erməni hadisələrinin 100 illiyində qəbul etdiyi bir layihəyə – “soyqırımı” iddiasına Rusiya da qoşulub.
Ancaq bütün bunların heç bir nəticəsi olmayıb.
Yalanı xorla deyəndə o, həqiqətə çevrilmir.
Heç bir tarixi məlumata, sənədə, həqiqətə uyğun gəlməyən bu yalanı təkrar-təkrar səsləndirmək nə “Qərb mədəniyyəti”ni təmizə çıxara bilər, nə də onun qətliamçı, imperialist, vəhşi simasını gizlətməyə kifayət edər.
Baydenin hədəfi Ərdoğandır
ABŞ-ın əvvəlki dövlət başçıları arasında da seçki ərəfəsində ölkədəki erməni lobbilərinə soyqırımı iddialarını tanıyacağını vəd edənlər olub.
Ancaq onların hamısı prezident postunu tutandan sonra “böyük ağrı”, “böyük fəlakət” kimi ifadələr işlədərək vəziyyətdən çıxa biliblər. Həmin prezidentlər bu üsulla həm erməni lobbilərini idarə ediblər, həm də soyqırımı iddiasından Türkiyəyə təsir vasitəsi kimi yararlanıblar.
Bəs necə oldu ki, Bayden əvvəlki prezidentlərin bu taktikasından istifadə etmədi və soyqırımı yalanını dilə gətirdi?
Cavabı Baydenin 2019-cu ilin dekabrında “Nyu-York Tayms” qəzetinə Türkiyə və onun prezidenti Ərdoğanla bağlı verdiyi açıqlamada tapmaq olar.
Həmin açılamasında Bayden deyib: “İndi ona (yəni prezident Ərdoğana) münasibətdə fərqli davranmalıyıq. Müxalifət liderlərini dəstəklədiyimizi, bir yol xəritəmiz olduğunu açıq şəkildə göstərməliyik. Fikrimizdəki məsələ ilə bağlı səsimizi ucaltmalıyıq ki, bunun hesabı ödənmiş olsun.
Mən bu durumdan çox narahatam. Ancaq düşünürəm ki, əvvəllər mənim etdiyim kimi türk liderliyi elementlərindən istifadə edərək müxalif qüvvələrlə birbaşa danışıqlara girməliyik, Ərdoğana qalib gəlmək üçün onları gücləndirməliyik. Ancaq bunu çeviriliş yolu ilə deyil, seçki yolu ilə həyata keçirməliyik. Artıq İstanbulda Ərdoğanın partiyasını bayıra atıblar. Bəs biz bu istiqamətdə hansı addımlar atırıq? Burada boynumuzü büküb oturmuşuq.
Ona edəcəyim son güzəştim kürd məsələsində ola bilərdi. Kürd mövzusunda onlarla bir neçə görüşüm oldu. Həmin vaxt hələ hücumlar baş verməmişdi. Yəni onlara göstərməliyik ki, Türkiyə Rusiyadan asılı olmaq məcburiyyətində deyil. Mən hərbi hava bazalarımızdan və onlara yardım sarıdan çox narahatlıq keçirirəm. Fikrimcə, bölgədəki müttəfiqlərimizlə bir araya gəlib Ərdoğanın regiondakı fəaliyyətini məhdudlaşdırmaq üçün çox iş görməli olacağıq. Xüsusilə Şərqi Aralıq dənizində neftlə bağlı fəaliyyətlər yönündə görüşlər və danışıqlar xeyli vaxt aparacaq. Narahatlığımı bir daha ifadə edirəm”.
Bayden məqsədinin Ərdoğanı devirmək, ona hesab ödətdirmək olduğunu gizlətməyib və gizlətmir.
Həmin vaxt mən bu məsələni belə şərh etmişdim: “Bayden çevrilişlə həyata keçirə bilmədiyi məsələni bitirməyə gəlir”. Hələ də eyni fikirdəyəm. Ancaq bu dəfə onun da dediyi kimi, cevrilişlə deyil, seçki yolu ilə. Baydenin istifadə edəcəyi alət isə müxalifətdir.
Türkiyədə 2016-cı il iyulun 15-i dövlət çevrilişinə cəhd zamanı Bayden ABŞ-ın vitse-prezidenti postunu tuturdu. O vaxt Ərdoğanı devirmək üçün Türkiyə Silahlı Qüvvələrinin daxilində istifadə etdikləri FETO qruplaşmaları uğur qazana bilmədi.
Bu səbəbdən “hesab verməlidir” deyərkən o, daha çevriliş deyil, “seçki yolu ilə” ifadəsini işlədir.
Bayden administrasiyasının fəaliyyətinə diqqət yetirsəniz, onun yavaş-yavaş bu strategiyanı həyata keçirdiyini görərsiniz.
Bu strategiya Obamanın prezidentliyi dövründə, 2016-cı il iyulun 15-də Türkiyədə baş verən hərbi çevriliş cəhdindən dərhal sonra Pentaqonun, ABŞ xarici siyasət idarəsinin, kəşfiyyat orqanlarının iştirakı ilə formalaşdırılıb, ABŞ mediası da bu prosesin iştirakçısıdır. Donlad Tramp strategiyanı əngəlləsə də, əslində onun icrası dayanmayıb, elə 2016-cı ildən icra olunur.
Bayden prezidentliyə namizədliyi dövründə “Nyu-York Tayms”a müsahibəsində də bu strategiyanın yadında qalan qismindən dağınıq şəkildə bəhs edib.
Bu, Baydenin qarşısına qoyduğu siyasi məqsəddir və o, iddia olunduğu kimi, nə vaxtsa vəzifəsini müavininə təhvil versə belə, strategiyanın reallaşdırılması davam edəcək.
Səbəb isə başda Suriya olmaqla bir çox məsələdə 2013-cü ildən davam edən fikir ayrılıqlarıdır. Türkiyə bölgədə ABŞ-ın bütün planlarını, o cümlədən terror dövləti yaratmaq cəhdini pozur. Türkiyənin yürütdüyü siyasət səbəbindən 2016-cı ildən bu yana ABŞ-ın Orta Şərq strategiyası bütünlüklə çöküb və o, məqsədlərinə nail ola bilmir. Ona görə də ABŞ-ın bir çıxış yolu qalır: Türkiyədə mövcud idarəçiliyi (iqtidarı) dəyişmək.
“Müttəfiq” sözü ilə işə başladı
Bayden administrasiyası fəaliyyətinə başlayar-başlamaz Türkiyəni “müttəfiq” adlandırdı. Onun sonradan PKK terror qruplaşmalarına dəstəyini artırması, məsələni siyasiləşdirmək üçün addımlar atması, Şərqi Aralıq dənizində ədalət axtarışında olan Türkiyənin qarşısını kəsməsi, yeni hərbi bazalar yaradıb Yunanıstanı qızışdırması, Rusiyadan S-400 kompleksinin alınmasına etirazı, F-35 layihəsində ortaqlıqdan çıxması və nəhayət, NATO-nun digər ölkələrinin liderlərindən fərqli olaraq Ərdoğana prezidentliyinin yalnız yüzüncü günündə zəng etməsi, yekunda da qondarma “soyqırımı” ifadəsini dilə gətirməsi “nəzarət olunan gərginlik” adlı strategiyanın tərkib hissələridir.
Bayden əslində elə dediyini də eləyir. O, Türkiyə daxilində getdikcə gərginliyi artırmaqla qütbləşmə və qarşıdurma yaratmağa çalışır.
Bayden hazırda ümidini dəstəkləyəcəyini söylədiyi müxalifətə bağlayıb. Ona görə də bəziləri S-400 kompleksinin alınmasına qarşı çıxır, Liviya qətnaməsinin əleyhinə səs verir, Türkiyənin xarici siyasətində qüsurların olduğunu iddia edirlər. Bu şəxslər ABŞ və Avropanın eşitmək istədiklərini dilə gətirib, onların gözündə ucalmağa çalışırlar.
Bu yalana dəstək verənlər unudulmayacaq
ABŞ 1960-cı illərin əvvəllərində narkotik maddələrə qarşı mübarizə çərçivəsində Türkiyədə əkinçilərin mühüm gəlir mənbəyi olan xaşxaş əkininin qadağan olunmasına çalışırdı.
Müstəqil hökumətlər buna məhəl qoymadığı üçün ABŞ 12 mart 1971-ci il tarixli hərbi qərarı sayəsində istəyinə nail oldu. Hərbçilərin hökumət başçısı seçdiyi Nihat Erim xaşxaş əkilməsinə qadağa qoydu.
Ancaq 1973-cü il seçkilərindən sonra baş nazir Bülənd Ecevit həmin qadağanı ləğv etdi. ABŞ buna da səssiz qalmadı, yardımlarını kəsdi. 1974-cü ildə isə Türkiyənin Kiprdə keçirdiyi sülhməramlı əməliyyatdan sonra tətbiq etdiyi embarqo ilə təzyiqi daha da artırdı.
Buna cavab olaraq Türkiyə 1975-ci il iyulun 26-da hərbi bazalarından ABŞ personalını çıxartdı.
Repressiv siyasət çox gərgin vəziyyət yaratdı. Bir tərəfdən uzun növbələrin yaranmasına gətirib çıxaran iqtisadi sıxıntılar, digər tərəfdən “anarxiya” adlanan küçə atışmaları 6 min gəncin ölümünə səbəb oldu. 1980-ci il sentyabrın 12-də isə hərbi çevriliş baş verdi və hərbi bazalar yenidən amerikalıların üzünə açıldı.
İndi Bayden administrasiyasının məqsədi təzyiq yolu ilə Türkiyə daxilində ictimai-siyasi gərginlik yartmaqdır. ABŞ prezidentinin “Ərdoğan hesab verməlidir, amma bu dəfə çevrilişlə yox, müxalifətlə” ifadəsinin açması da elə budur. Əslində Bayden ona itaət edəcək bir rəhbərlik istəyir.
Beləliklə, saxta “soyqırımı” iddiasından sonra ABŞ administrasiyası təzyiqi artırmaq üçün birbaşa, yaxud dolayısıyla iqtisadi hücumlara keçə bilər.
Amma Türkiyə artıq o vaxtkı Türkiyə deyil. İndi bu ölkədə 15 iyulda baş verən çevriliş cəhdinə canı-qanı bahasına müqavimət göstərmiş bir millət var.
Çevriliş cəhdinin qarşısını 251 şəhidi və minlərlə qazisi hesabına alan türk milləti həmrəyliyi ilə ABŞ-ın bu planını da pozacaq.
Bu günlər də keçəcək. Terror dəstəkçisi Xalqların Demokratik Partiyasının (HDP) və onunla əməkdaşlıq edib qondarma “soyqırımı” yalanını bəyənən qüvvələrin yazıb söylədikləri tarixin arxivinə atılacaq. Tarixdə qalan Türkiyənin haqlı davası olacaq.
Nedim Şener
Mənbə: Hurriyet.com.tr