ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Aleksey Navalnı – Rusiyanın əsl lideri” başlıqlı məqalə dərc olunub.
Məqalənin müəllifi Londonda yaşayan rus jurnalist Oleq Kaşindir.
Novator.az-ın məlumatına görə, məqalədə bildirilir ki, Rusiyada son dövrlərdə bir sıra müxalif liderlər olub: liberal Boris Nemtsov, kommunist Sergey Udaltsov, millətçi Aleksandr Potkin, keçmiş baş nazir Mixail Kasyanov, qrossmeyster Harri Kasparov… “Ancaq onlar bir-bir sıradan çıxarılıblar – kimisi qətl, kimisi hədə, həbs, şantaj yoluyla” yazan Oleq Kaşin hakimiyyətin Navalnını da sıradan çıxarmaq üçün çox yola əl atdığını, bununla belə istəyinə nail ola bilmədiyini vurğulayır.
Müəllif Navalnını cəsur, məğrur, qeyri-insani sistem qarşısında sınmayan adam kimi qiymətləndirir. Eyni zamanda Navalnının həyatının təhlükədə olduğunu və bugünlərdə onun başçılıq etdiyi siyasi təşkilatın – Korrupsiya ilə Mübarizə Fondunun fəaliyyətinin qadağan edildiyini xatırladıb Rusiyada müxalif hərəkatın gələcəyinin çox qaranlıq göründüyünü yazır.
Müəllifin fikrincə, istər yanvarda, istərsə də apreldə Navalnıya azadlıq tələbi ilə keçirilən kütləvi aksiyalar Rusiyada əhalinin hakimiyyətdən narazılığının dərinləşdiyini göstərir.
Oleq Kaşin hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Aleksey Navalnı ilə açıq mübarizədən çəkinməklə, onun siyasi həyatda iştirak hüququnu rədd etməklə əslində Navalnının çəkisini nümayiş etdirib. Müəllifin sözlərinə görə, bu, Navalnının Putinə bərabər bir lider olduğundan xəbər verir.
Məqalənin sonunda müəllif yazır: “İndi özünün gerçək və xəyali rəqiblərinin hamısından canını qurtarmış Putin yalqız qalıb. Bir rus nağılında hər gün sehirli güzgüdən kimin daha gözəl olduğunu soruşan kraliça kimi o, üstün olduğunu sübuta yetirməkdən ötrü dəridən-qabıqdan çıxır. Amma məsələ burasındadır ki, Putin güzgüdən Rusiyanın əsl liderinin kim olduğunu soruşanda güzgü belə cavab verir: Aleksey Navalnı”.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib. Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib. 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzalarına məhkum edilib.
Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub. Fevralın 2-də Moskvanın Simonov Rayon Məhkəməsi Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmü Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.
Xidmətin iddiasında bildirilib ki, Aleksey Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sonradan isə sınaq müddəti daha bir il uzadılıb. Sınaq müddəti 2020-ci il dekabrın 30-dək qüvvədə olub.
Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasında vurğulanıb ki, sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli idi, qayda belədir. Lakin Navalnı ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib.
Siyasətçinin müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Navalnı ötən ilin avqustunda zəhərlənib və Almaniyada müalicə olunub.
Cəzaların İcrası üzrə Federal Xidmətin təmsilçisi isə iddianı müdafiə edərək deyib ki, Navalnının Almaniyada müalicəsi sentyabr ayında başa çatıb, lakin bundan sonrakı dövrdə də o, qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.
Fevralın 2-də Simonov Rayon Məhkəməsi Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.
Fevralın 20-də Moskva Şəhər Məhkəməsi rayon məhkəməsinin hökmünü qismən dəyişdirməklə qüvvədə saxlayıb. Dəyişiklik həbs müddətinin altı həftə azaldılmasından ibarət olub. Beləliklə, Aleksey Navalnının həbs müddəti 2 il 8 aydan 2 il 6 ay iki həftəyə endirilib.
Navalnı cəzasını Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
2021-ci il yanvarın 23-də və 31-də, sonra aprelin 21-də Rusiyanın bir çox şəhərində və regionlarında Aleksey Navalnının azadlığa buraxılması tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib.
Aleksey Navalnı Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir. Apreln 26-da fondun fəaliyyəti Rusiyada qadağan edilib.
Mənbə: Nytimes.com