Böyük Britaniyanın “Financial Times” qəzetində mühacirətdə yaşayan rusiyalı sahibkar, ictimai-siyasi xadim Mixail Xodorkovskinin “Putin avtokratiyası Rusiyada siyasi və iqtisadi dəyişikliklərin yolunu kəsir” başlıqlı məqaləsi dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
Prezident Vladimir Putinin hakimiyyətin üçüncü onilliyinə qədəm qoyduğu bir dövrdə Rusiya ilə Qərb hökumətləri arasında etimad sıfıra bərabərdir.
Rusiyada siyasi islahatlar və iqtisadi yenilənmə perspektivi çox deyil. Bu isə həm Rusiya xalqının rifahına mənfi təsir göstərir, həm də Qərb dövlətlərinin bu ölkəyə sərmayə yatırmasına mane olur.
Rusiya ilə Qərb arasında qarşılıqlı inamsızlıq Sovet İttifaqının mövcud olduğu 1917-1991-ci illərdəki inamsızlıqdan xeyli fərqlənir. İndiki etimadsızlıqda toqquşmalara gətirib çıxara biləcək risklər – siyasi səhvlər daha qabarıqdır.
Putin qlobal geosiyasi məkandakı “böyük oyunda” özünü mühüm oyunçu kimi görmək istəyir. Ancaq ölkə iqtisadiyyatının və cəmiyyətinin real vəziyyəti buna imkan vermir. Ona görə də Putin masa arxasına keçən kimi ənənəvi metoda əl atır, qaydaları poza-poza oynayır.
Deyəsən, bu, Qərb liderlərini bezdirib. ABŞ prezidenti Cozef Bayden administrasiyası vəd edib ki, indən belə bu cür oyunlar Kremlə baha başa gələcək. Öz növbəsində Putin Rusiyanın maraqlarını qorumaq üçün “qırmızı xətt” çəkəcəyi, bu xətti keçənlərin “heç vaxt olmadığı qədər peşman olacağı” barədə xəbərdarlıq edib.
Əgər real siyasi dəyişikliklər perspektivi olsaydı, hər şey başqa cür olardı. Ancaq Putin rejimi indiki vəziyyətdə islahatlara hazır deyil. Onun qoyduğu qayda-qanunlar hakimiyyətin seçki yolu ilə dəyişdirilməsi imkanlarının üstündən qalın bir xətt çəkir.
İnqilab ssenarisi mümkündürmü? Şübhəsiz! Putin iş qabiliyyətini itirsə və ya dünyadan köçsə, Rusiyanın şəxsiləşmiş avtokratiyası çətin ki, sınaqlara tab gətirib dramatik münaqişələrdən yayına bilsin. O halda Rusiya cəmiyyətində indi sezilməyən, gizli qalan gərginliklərin üzə çıxacağına şübhə yoxdur.
Başqa bir variant onun siyasi hesablamada yanılıb hərbi münaqişədə məğlubiyyətə uğramasıdır. Hər halda bu versiyanı da istisna etmək olmaz.
Putin dövründə hakimiyyət bilərəkdən əyalətlərdə əhalidə imperiya refleksini canlandırmaqla məşğul olub. Dövlətin total təbliğatı, orta təhsilin durumu, siyasi proseslərin nəzarətə alınması və açıq zorakılıqlar Rusiya cəmiyyətində çarəsizlik duyğusu formalaşdırıb.
Eyni zamanda rejim əhalinin gəlirlərini elə səviyyədə saxlayır ki, adamlar maaşdan-maaşa güclə çatdıra bilsinlər, özlərini və ailələrini tam asılı vəziyyətdə hiss etsinlər.
Bütün bunlar Rusiyanın iqtisadi inkişaf tempini aşağı salır, amma o biri yandan da ölkədə siyasi status-kvonu qoruyur.
Putin rejiminə münasibət Rusiya cəmiyyətinin bölündüyünü göstərir. Əhalinin, çox güman, yarısı Putinin 2024-cü ildə səlahiyyət müddəti başa çatandan sonra da hakimiyyətdə qalmasına etiraz etmir. Məhz əhalinin bu yarısı hazırda həbsdə olan müxalifət lideri Aleksey Navalnı barəsində düzgün hökm çıxarıldığını düşünür. Əhalinin digər yarısının bir qismi sistemi tənqid edənlərdən, bir qismi isə hələlik sistemə qarşı açıq çıxmağa ürək eləməyənlərdən ibarətdir.
Rusiya cəmiyyəti rəngarəngdir. Əhalinin 25 faizi – savadlı kəsimi Putinə qarşı müxalifətin daha güclü olduğu iri şəhərlərdə, təxminən bir o qədəri (ola bilsin, tam 25 faizi yox, nisbətən az hissəsi) feodal, hətta qəbilə qaydalarının hökm sürdüyü “xanlıqlarda”, yaxud ərazilərdə yaşayır. Qalan 50-60 faizi XX əsrin ortalarında qalmış, cəmisi iki-üç iri müəssisəsi olan sənaye cəmiyyətlərinin, necə deyərlər, “monoşəhərlərin”, rayon mərkəzlərinin sakinləridir. Bundan başqa, iri şəhərlərin əhalisi Mərkəzi Asiyadan axışan miqrantların hesabına xeyli dəyişikliyə məruz qalıb. Bütün bu faktorları nəzərə alanda mən Rusiyada ictimai təzyiqlərdən qaynaqlanan müsbət siyasi dəyişikliklərin baş verəcəyinə inanmıram.
Əsaslı iqtisadi dəyişikliklərə gəlincə, bunun qarşısını bir sıra maneələr alır.
Birincisi daxili sərmayələrdir. Dövlət büdcəsinin səmərəsiz xərclənməsi bir yana, hakimiyyət iqtisadiyyatın modernləşdirilməsi üçün zəruri olan sərmayələrin də yolunu kəsib. Çünki siyasi rejimin məqsədi təkcə bayağı şəkildə oğurluq etmək və var-dövlət yığmaq deyil, həm də Qərbdən asılı vəziyyətə düşməmək üçün altını pulla doldurmaqdır.
İkinci səbəb Qərbin Putinin hərbi fəaliyyətinə və xəfiyyə işlərinə görə Rusiyaya tətbiq etdiyi sanksiyalardır. Sanksiyalar ölkə iqtisadiyyatına yüksək səviyyəli ixtisaslaşmış mütəxəssislərin və sahibkarların cəlb olunmasına imkan vermir. Bu sahədə vəziyyətin dəyişəcəyi ağlabatan deyil, çünki heç kim xaricdə zorakılıqlar törətməyə meyilli olan avtokratiyanı gücləndirmək istəməz.
Nəhayət, üçüncü, ən vacib səbəb Rusiyada institutların vəziyyəti, qanunun aliliyi məsələləridir.
Putin hakimiyyəti dövründə dövlət dəfələrlə xüsusi mülkiyyətə və beynəlxalq məhkəmələrin qərarlarına təkəbbürlü mövqe sərgiləyib.
Rusiyada nə parlamentin, nə məhkəmələrin, nə də başqa idarələrin müstəqilliyi var. Bugünkü Rusiya enerji, kəşf sahələrinə sərmayə yatırmaq üçün cəlbedici ölkə deyil. Korrupsiya, çirkli pulların yuyulması, hətta zorakı cinayətlər – partlayışlar, zəhərləmələr, qətllərlə bağlı qalmaqalların sayı-hesabı yoxdur.
Bu gün hamı anlamalıdır ki, Kreml iqtisadiyyata siyasi alət gözüylə baxır. Başqa sözlə desək, Putin Rusiyasında iqtisadi sahədə uğur qazanmağın və bu uğuru qoruyub saxlamağın yeganə yolu rejimin korrupsiyasına şərik çıxmaq və ya Kremlin yürütdüyü siyasətin agentinə çevrilməkdir.
Qərb investorları bütün bunları yaddan çıxarmamalıdırlar.
Mixail Xodorkovski
Mənbə: Ft.com