“Rusiya prezidenti Vladimir Putinin evdə vəziyyəti üzdən göründüyü qədər möhkəm deyil. Ola bilsin, Rusiyanın COVİD-19 infeksiyası əleyhinə peyvəndi – “Sputnik V” kifayət qədər uğurlu alınıb, ancaq eyni vaxtda bir məsələ də üzə çıxıb, məlum olub ki, Rusiyada nəhəng elmi potensialı və total korrupsiyaya məruz qalmış iqtisadiyyatı nadir hallarda mobilizə etmək olur”. Kanadanın Toronto Universitetinin beynəlxalq münasibətlər və politologiya üzrə professoru Aurel Braun belə düşünür.
Novator.az saytının məlumatına görə, professor Braun Kanadanın “The Globe and Mail” qəzetində dərc etdirdiyi məqaləsində yazır ki, “Sputnik V” peyvəndi xaricdə şöhrət qazansa da, bu, Moskvaya “vaksin diplomatiyası” üzrə aktiv hərəkətə keçməyə imkan yaratsa da, rusiyalılar öz peyvəndlərinə hələ də etibar etmirlər: “Hazırda Rusiya əhalisinin yalnız 7%-i peyvəndlənib. Rusiyanın rəsmi mənbələri koronavirusdan ölənlərin sayının 107 min nəfər olduğunu göstərir. Ancaq bu rəqəm şübhə doğurur. Ekspertlərin əksərinin fikrincə, rusiyalılar arasında koronavirusdan ölənlərin sayı rəsmi statistikada göstəriləndən 2,5 dəfə çoxdur”.
Müəllif bildirir ki, Qərb ölkələrinin iqtisadiyyatı ilə müqayisədə Rusiya iqtisadiyyatı pandemiyadan daha az zərər çəksə də, Rusiyanın iqtisadi göstəriciləri yenə çox aşağı səviyyədədir, üstəlik, əhalinin dolanışığı get-gedə daha da pisləşir.
Professor Braun Rusiya hakimiyyətinin köklü iqtisadi islahatlara gedəcəyinə, iqtisadiyatı dirçəldə biləcəyinə şübhə ilə yanaşır: “Rusiyanın iqtisadi perspektivi çox qaranlıq görünür. Bu ölkənin iqtisadiyyatı çox bərbad gündədir. Putin Rusiyanı irəli aparmaq üçün köklü struktur dəyişikliklərinə gedə, ciddi addımlar ata bilməz, çünki bu, onu siyasi risklərlə üz-üzə qoyar”.
Daha sonra müəllif Putinin siyasi cəbhədə üzləşdiyi problemlərdən söz açır: “Müxalif lider Aleksey Navalnını öldürmək cəhdi boşa çıxdı. O, həbs edilsə də müxalifətin diri simvolu kimi qalmağı bacardı. Onun azadlığa buraxılması tələbi ilə keçirilən kütləvi aksiyalar Navalnıya yeni nəfəs, ümid bəxş etdi, Kremli isə möhkəm silkələdi. Diktator rejimləri üçün ən dəhşətlisi etirazçıların qorxmamasıdır. Putin üçün bu olaylardan sonra köklü iqtisadi islahatlara getmək heç mümkün deyil, çünki belə addımlar Navalnının və müxalifətin populyarlığını daha da artıra bilər. Ona görə də Putin xarici uğurlar qazanmağa cəhd edir”.
Aurel Braun Putinin daima daxili uğursuzluqları xaricdəki bəzi uğurlarla kompensasiya etməyə çalışdığını vurğulayır. O, son vaxtlar Rusiyanın Ukrayna ilə münasibətləri gərginləşdirməsini də bununla əlaqələndirir. Müəllif hesab edir ki, Rusiyanın Ukraynanın şərqində separatçı rejimlər qurmasının ən böyük səbəbi Ukrayna demokratiyasının möhkəmlənməsi qorxusudur: “Məlum olduğu kimi Putinin ən çox qorxduğu demokratiyaya yoluxmalardır”.
Rusiyanın separatçı rejimlər vasitəsilə Ukraynada demokratik sistemi zəiflətmək, bu ölkənin Avropa Birliyinə və NATO-ya gedən yolunu əngəlləmək istədiyini yazan professor Braun bildirir ki, Moskvanın 2019-cu ildə Ukrayna prezidenti seçilən Vladimir Zelenskini sözəbaxan lider kimi görmək ümidləri puça çıxıb: “Zelenski prezidentliyinin ilk dövründən milli maraqlar mövqeyindən çıxış edir. O, Ukraynanın ərazi bütövlüyünü təmin etməyə köklənib və daima Qərb ölkələrindən bu məsələdə dəstək istəyir, həmçinin Ukraynanı tezliklə NATO üzvlüyünə qəbul etdirməyə çalışır. Kreml isə bu cəhdlərə real təhlükə kimi yanaşır”.
Professor Braunun fikrincə, Putin Kiyevlə vəziyyəti gərginləşdirərkən, qoşunlarını Ukrayna sərhədi ətrafında cəmləyərkən Qərbi qorxudub Rusiyaya qarşı sanksiyalardan çəkindirmək, yaxud sanksiyaların yumşaldılmasına nail olmaq, Qərbin Ukraynaya dəstəyini azaltmaq, hətta Ukraynanı və Qərb ölkələrini Rusiyanın yeni ilhaqı ilə barışmağa razı salmaq istəyirdi; o biri yandan da Moskva ABŞ-ın yeni prezidenti Cozef Baydeni sınağa çəkirdi və Baydenin çəkingən kurs götürəcəyini, proseslərə “arxada durub rəhbərlik edəcəyini” gözləyirdi: “Lakin Moskvanın gözləntisi özünü doğrultmadı, Vaşinqton sərt ritorika ortaya qoydu və rusların gedişi istənilən nəticəni vermədi”.
Bununla belə professor Braun hələ proseslərin yekunlaşdığına da hökm verməyə tələsmir. O, Putinin son hadisələr zamanı kiçik qələbə qazandığını da düşünür. Kiçik qələbə deyərkən müəllif Baydenin bir müsahibəsində Putini qatil adlandırmasından sonra ona telefonla zəngi etməsini, yüksək səviyyədə ABŞ-Rusiya sammitinin keçirilməsini təklif etməsini nəzərdə tutur. Professor Braunun fikrincə, bu, Putinin kiçik qələbəsi sayıla bilər: “Baydenin təklifi artıq Kremldə müzakirə olunur”.
Aurel Braun öz məqaləsində yazır ki, 20 ildən çoxdur hakimiyyətdə olan Vladimir Putin rəqiblərinin başını tapmacalarla qatmağı sevir. Ancaq müəllif bildirir ki, Qərbin Rusiyaya təzyiq göstərmək, aqressiyaların Putinə necə baha oturacağını anlatmaq imkanları var, bundan ötrü isə Putinə aydın şəkildə və qətiyyətlə siqnal göndərmək, bütün bunların ağılsız oyun olduğunu, iflasa məhkum olduğunu ona anlatmaq gərəkdir; elə bir iflas ki, daha bunun nəticələrini başa düşmək üçün xüsusi bir ağıla, tapmaca tapmağa da ehtiyac yoxdur.
Mənbə: Theglobeandmail.com