Böyük Britaniyanın “The Guardian” qəzetində “Kreml yaşamaq uğrunda mübarizə aparan Navalnının müttəfiqlərinə qarşı böyük hücuma hazırlaşır” başlıqlı məqalə dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir. Məqalənin müəllifi Endryu Rotdur.
Kreml 2011-ci ildən bəri müxalif liderə çevrilən Aleksey Navalnının tərəfdarlarına qarşı böyük hücum planlaşdırır. Rusiya hökuməti həbsxanada sağ qalmaq uğrunda çarpışan Navalnını onun siyasi təşkilatını yerli-dibli məhv etməklə hədələyir.
Moskva məhkəməsi məxfi dəlillərdən istifadə etməklə gələn həftə Navalnının Korrupsiya ilə Mübarizə Fondunu və onun regional siyasi qərargahlarını ekstremist təşkilat elan etmək niyyətindədir.
Məhkəmə fondun əməkdaşlarını və Navalnının başqa tərəfdaşlarını iri məbləğdə cərimələməyi, hətta uzunmüddətli həbs cəzalarına məhkum etməyi planlaşdırır.
Navalnının müttəfiqləri xəstə dissidentin azadlığa buraxılması tələbi ilə keçirilən 21 aprel aksiyasından əvvəl verdikləri açıqlamalarda ən pis varianta hazır olduqlarını bəyan etmişdilər.
Fondun ekstremist təşkilat kimi tanınmasına dair qərarın qəbulu ərəfəsində qurumun regional qərargahlarının bəzi əməkdaşları sanki quyunun dibinə düşüblər. Hakimiyyətlə mütəmadi informasiya mübadiləsi aparan əməkdaşlar isə şəxsi məlumatlarını Rusiyanın sosial şəbəkələrındən silməyə başlayıblar. Ancaq “The Guardian” qəzetinə açıqlama verən bir neçə nəfər bəyan edib ki, nəticə nə olursa-olsun, Vladimir Putinə qarşı müxalif mövqedən geri çəkilməyəcəklər.
Navalnının əsas köməkçilərindən biri, etiraz aksiyalarının təşkilatçısı Leonid Volkov Korrupsiya ilə Mübarizə Fondunun və onun regional qərargahlarının ekstremist təşkilat elan olunacağına şübhə etmədiyini deyir: “Bəli, bizim təşkilatımızı məhv etmək üçün bu üsula əl atılacaq”.
Leonid Volkov işlərini davam etdirə bilmək üçün çıxış yolu tapmağa çalışdıqlarını vurğulayır: “Ancaq biz tərəfdarlarımızın və əməkdaşlarımızın cinayət məsuliyyətinə cəlb olunmaması üçün çox ehtiyatla davranmalıyıq. Əgər hər şeyi olduğu kimi saxlasaq, onlar regional şöbələrin bütün əməkdaşlarına qarşı kütləvi şəkildə cinayət işi qaldıra bilərlər”.
Rusiyada hakimiyyətin müxalifət deyilən şeyə son qoymaq istədiyi açıq-aşkar görünür: Navalnının təşkilatını ölkənin təhlükəsizliyinə təhdid bəhanəsiylə basdırmağa çalışırlar.
Məhbus liderin təşkilatında çalışanların çoxu hakimiyyətin yeni hədəfinə çevrildiyini deyir. Çünki Kreml ölkə daxilində müxalifətin kökünü kəsməyə iddialı görünür.
Fondun Moskva qərargahının əlaqələndiricisi Oleq Stepanov bu ilin yanvarından ev dustaqlığına məhkum edilib.
Penza şöbəsinin koordinatoru Anton Strunin inzibati ittihamlara və cərimələrə məruz qalıb. Yanvar ayında Navalnıya dəstək mitinqində iştirak etdiyinə görə ötən həftə polis ondan 8 min funt sterlinqə bərabər məbləğin ödənilməsini tələb edib.
Anton Strunin bu pulu böyük məbləğ hesab edir. O, Navalnı tərəfdarlarının ekstremist elan edilməsinin hakimiyyətin ziyanına işləyəcəyini də vurğulayır: “Hakimiyyətdən narazı insanları cəzalandırmaq cəhdləri mütləq cavab reaksiyasına gətirib çıxaracaq. Fondun başına nə gələcəyini bilmirəm. Ancaq xalqdan yaxa qurtara bilməyəcəklər. Bu ölkədə neçə-neçə bədbəxt insan var. Tutaq ki, bizi ekstremist elan etdilər, həbsxanaya saldlar, cərimə kəsdilər… Bununla insanlar xoşbəxt olası deyil ki”.
Navalnının həbsə salınması onun təşkilatına böyük zərbə vurub. Fondun əsas gücü hesab olunan adamların bir qismi ölkə xaricindədir. Onların arasında Leonid Volkov, Korrupsiya ilə Mübarizə Fondunun direktoru İvan Jdanov və Navalnının əsas müttəfiqlərindən olan Vladimir Milov da var. Vladimir Milov etiraz aksiyalarından əvvəl həbs olunmamaq üçün ölkəni tərk edib.
Anton Strunin qarşıdakı həlledici günlər ərəfəsində bəzi yerlərdə təşkilatçılıq işində çatışmazlıqların yarandığını bildirir: “Biz çalışırıq elə işləyək ki, liderli, ya lidersiz – heç nə dəyişməsin. Mənim üçün Navalnının ayrı yeri var. Mən onun sadəcə tərəfdarı deyiləm. Siyasətə Aleksey Navalnıya görə qatılmışam. O, məndə siyasətə maraq oyadıb və həqiqətən də həyatımı dəyişib”.
Təşkilatın regional qərargahlarından birinin adının çəkilməsini istəməyən əməkdaşı da Navlalnını dəstəkləməyə davam edəcəyini söyləyir. O bildirir ki, məhkəmə qurumu ekstremist təşkilat elan etsə belə Navalnını dəstəkləyəcək. Ancaq o, özünün də həbs olunma ehtimalını istisna etmir: “Navalnıya dəstək nümayiş etdirənlərin hamısı bilir ki, həbs oluna bilərlər. Bilirik ki, müdafiə mexanizmimiz yoxdur, bura polis ölkəsidir”.
Endryu Rot
Mənbə: Theguardian.com