Novator.az saytı ABŞ-ın “Vaşinqton Post” qəzetində dərc olunmuş “Peyvənddən imtina edənlər üçün ən təhlükəli an yetişib” başlıqlı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Məqalənin müəllifi Kaliforniya Universitetinin San-Fransiskodakı tibb kafedrasının müdiri Robert M.Vaxterdir.
COVİD-19 pandemiyası bizə həyatda heç nəyin bəsit olmadığını və asan başa gəlmədiyini öyrətdi.
Peyvəndin hər iki dozasını qəbul etmiş insanların COVİD-19 infeksiyasından sığortalandığı məlumdur. Peyvəndlənmiş insanların başqalarını yoluxdurmaq ehtimalı da çox azdır. Vaksinləri doğrudan da bir möcüzə hesab etmək olar.
Peyvənd olunmamış, xüsusilə də heç vaxt koronavirus infeksiyasına yoluxmamış insanlar getdikcə daha böyük təhlükə ilə üz-üzə qala bilərlər. COVİD-19 infeksiyasından sağalmış insanlar isə orta risk kateqoriyasına aid edilirlər. Çünki koronavirus xəstəliyi keçirmiş insanların orqanizmindəki antitellər onları virusdan müəyyən dərəcədə qoruya bilir, amma müqaviməti artırmaq və infeksiyadan qorunmaq üçün onların da peyvəndlənməsi tövsiyə edilir.
Peyvənd olunmamış insanların daha böyük risk altında qalmasının bioloji, siyasi və davranışa bağlı səbəbləri var.
Əvvəlcə bioloji səbəbləri sadalayaq. İnsan orqanizmi yeni növ virusa müqavimət göstərə biləcək qədər mükəmməl deyil. Ona görə də immun sistemimiz infeksiya ilə mübarizəyə hazır olmasa, virusa həssaslığımız dəyişməz qalacaq.
2020-ci ilin əvvəlləri ilə müqayisədə koronavirusun müalicəsi istiqamətində təkmilləşmə getsə də, infeksiya səbəbindən xəstəxanaya yerləşdirilənlərin və həyatını itirənlərin sayında elə bir fərq yoxdur.
İnsan orqanizmində təkamül baş verməyincə virus mutasiyaya uğrayaraq daha təhlükəli formalara düşə bilir. Koronavirusun B.1.1.7 variantı ilk dəfə Böyük Britaniyada qeydə alınıb. Hazırda ABŞ-da B.1.1.7 variantı virusun ən geniş yayılmış formasıdır.
Koronavirusun B.1.1.7 variantı infeksiyanın ilkin versiyasından daha təhlükəlidir. Bunun iki səbəbi var.
Birincisi, B.1.1.7 variantının yoluxuculuq qabiliyyəti 50 faizə qədər daha yüksəkdir. İkincisi isə o, virusun ilkin növündən 60 faizədək daha ölümcüldür.
Peyvənd olunmayan insanları risk altına salan digər məsələ davranış faktorudur.
Peyvənd olunanların sayı artdıqca yoluxanların, xəstəxanaya düşənlərin və ölənlərin sayı azalmağa doğru gedir. Hərçənd peyvənd olunmamış gənclərin virusa yoluxması nəticəsində ABŞ-ın Miçiqan ştatında və ölkənin şimal-şərqindəki daha bir neçə ştatda pandemiyanın yeni dalğasının baş qaldırması vəziyyəti yenidən pisləşdirib.
Müsbət tendensiyanı görən peyvəndlənməmiş insanlar təhlükənin sovuşduğunu düşünür və ehtiyat tədbirlərini bir qırağa qoyurlar.
Məsələ burasındadır ki, statistika yoluxanların, xəstəxanaya düşənlərin və ölənlərin sayının azaldığını göstərsə də, rəqəmlər əsl reallığı əks etdirməyə bilər.
Peyvəndlənənlərə yaşıl işıq yansa da, vaksindən imtina edənlər çətinliklərlə üzləşə bilərlər.
Ümumi göstəricilərə nəzər salanda vəziyyətin bir qədər yaxşılaşdığını görmək mümkündür. Bunu ağ ciyər xərçəngindən əziyyət çəkən insanların fonunda siqaret çəkənlərin sayının azalmasına bənzətmək olar. Ümumi gedişat qənaətbəxş olsa da, siqaret aludəçəsi olan hər kəs yenə təhlükə ilə üz-üzədir. Əgər siqaret aludəçiləri ölüm hallarının azaldığını görsələr, buna görə özlərinin təhlükəsizlikdə olduqlarını düşünüb siqaretin sayını artırmağa başlasalar onların sağlamlığı yenə risk altına düşər.
İstər ümidverici, istərsə də mənfi xəbərlər siyasi liderlərin qərarlarına da təsir göstərir.
Məmurların ölkədəki iqtisadi çətinliklərə görə böyük təzyiqlərə məruz qaldığını nəzərə alsaq, onlar koronavirus məsələsində vəziyyətin ümumən düzəlməsini normal həyata qayıtmaq kimi dəyərləndirə bilərlər. Onların ictimaiyyətə nikbin mesajlar ötürməsi, habelə kafe, restoran və idman zalları kimi ictimai obyektlərin açılması virusun yayılmasına və peyvənd olunmamış insanlar arasında yoluxma hallarının artmasına təkan verir.
Ancaq vəziyyət düşündüyümüz qədər faciəvi olmaya da bilər.
Birincisi, zaman keçdikcə daha çox insan peyvənd olunacaq. İkincisi, tam kollektiv immunitet yaranmasa belə, vaksin vurduranların sayının artması yoluxma hallarına təsir göstərəcək və nəticədə peyvəndlənməmiş insanların sağlamlığı ilə bağlı təhlükə azalacaq.
Niyə?
Peyvənd olunanların sayının artması cəmiyyətdə yoluxma hallarının azalmasına gətirəcək. Nəticədə peyvənlənməmiş insanların virus yükü azalmış olacaq.
Bu, koronavirusun yeni formalarının təhlükəli xassələrini və insanların riskli davranışlarını qismən kompensasiya edəcək. Əsas odur ki, risk qrupuna daxil olan adamlar artıq vaksin vurdurublar və hazırda peyvəndlənməmiş kəsim arasında gənclər və sağlam insanlar üstünlük təşkil edirlər. Bu qrupun nümayəndələri virusdan tam sığortalanmasalar da, onların xəstəliyi ağır keçirmək və həyatlarını itirmək riskləri nisbətən aşağıdır.
Peyvəndlənməmiş insanların təhlükəylə qarşılaşmaq probleminin həllinin həm çox çətin, həm də çox asan tərəfləri var.
Problemdən çıxış yolunun çətin tərəfləri bunlardır: əhali arasında ümumi nikbinliyə baxmayaraq, peyvəndlənməmiş insanları onları əvvəlkindən daha böyük təhlükənin gözlədiyinə inandırmaq. Peyvənd vurdurmaq niyyətində olanlara bildirmək lazımdır ki, onlar bundan sonra da ehtiyat tədbirlərini kənara qoymamalıdırlar. Onlar hətta peyvəndlənmiş dost-tanışların özlərini sərbəst apardıqlarının şahidi olsalar belə, tibbi maska taxmağa, məsafə saxlamağa davam etməli və riskli situasiyalardan çəkinməlidirlər.
Nisbətən çətin həll yolu: maska taxmağın və sosial məsafə saxlamağın tələb olunmadığı yerlərə yalnız peyvəndləmə sənədi, yəni immunitet pasportu ilə daxil olmağa icazə vermək.
Asan həll yolu: növbəli şəkildə hər kəsə peyvənd vurmaq və problemi kökündən həll etmək.
Robert M.Vaxter
Mənbə: Washingtonpost.com