Gənclərdə pandemiya yorğunluğu – “Deutsche Welle”
- 20 Aprel 2021
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetŞərh
Almaniyanın “Deutsche Welle” telekanalının internet səhifəsində “COVİD-19 bəlaları: bütün dünyada gənclər pandemiya yorğunluğundan əziyyət çəkirlər” başlıqlı reportaj yerləşdirilib. Reportajda Braziliya, Cənubi Afrika, Hindistan və Almaniyada yaşayan gənclərin karantin, özünütəcrid problemlərindən, onların pandemiya yorğunluğundan, buna qarşı mübarizə üsullarından bəhs edilir. Novator.az saytı reportajın mətnini ingiliscədən çevirərək təqdim edir.
Braziliya
“Xəbərlərdə gördüm qardaşımla yaşıd 16 yaşlı gənc COVİD-19 infeksiyasından dünyasını dəyişib. Elə bilirsən bu, sənin, ya yaxınlarının başına gələ bilməz. Ancaq heç də belə deyil”. Braziliyanın Peloyas şəhərindən olan gənc hüquqşünas Kerol belə deyir.
Bir neçə gün əvvəl Kerolun dostunun babası da koronavirusdan dünyasını dəyişib. Ölümündən qabaq o, yüz nəfərin iştirak etdiyi bir ad günü məclisində olubmuş.
Kerol daim həyəcan keçirir. O, ölüm sayının artmasından narahatdır və itirdiyi yaxınlarının fikrini eləyir.
Hazırda Braziliyada infeksiyaya yoluxma sayında rekord artım qeydə alınıb. Koronavirusdan 375 min insanın öldüyü Braziliyada vəziyyətin yaxşılığa doğru dəyişəcəyi güman olunmur.
Kerolun yaşadığı şəhərdə infeksiyaya yoluxma artanda karantin elan edilmişdi. Şəhərdə biznes, ticarət həftələrlə dayanmış, iş yerləri bağlanmışdı.
Ancaq küçədə gəzən insanların əksəriyyəti maska taxmırdı və məhdudiyyətlərə fikir vermirdi.
Bu durum Kerolu çox narahat edirdi. Çünki o, ailəsi ilə birgə yaşayır, nənəsi də onlarla qalır. Kerol son vaxtlar yalnız bir dostu ilə görüşməyi qərara alıb, qalan dostlarla görüşü pandemiyadan sonraya saxlayıb.
Kerol Braziliyada hüquqşünasların işə qəbulu üçün keçirilən illik dövlət imtahanına hazırlaşırmış. İmtahan təxirə salınıb. Kerol eqoistlik edib bundan şikayətlənmək istəmir. Deyir bəzi insanlar ondan çox əziyyət çəkirlər, pandemiyaya görə işsiz-gücsüz qalıblar: “Ancaq bu durum həqiqətən də insanı məyus edir”.
Kerol deyir ki, imtahana hazırlaşmaq sakit mühit tələb edir: “Əgər pandemiyanın ciddiliyini qəbul etsən evdə bütün günü təkliyə məhkum olmalısan və yalnız ailə üzvlərinlə görüşməlisən. Bu, çox çətindir. Ancaq bunu ürəyinizə salmaqla heç nəyi dəyişdirə bilməzsiniz”.
Kerol sosial mediada çimərliklərdə əylənən və ölkədə pandemiyanı vecinə almayan insanların görüntülərini də görür. O, bu məsələdə pandemiyanı ciddiyə almayan va vaxtında profilaktik tədbirlər görməyən Braziliya prezidenti Jair Bolsonarunu günahlandırır. Kerol qeyri-müəyyənliyin insanı çox üzdüyünü vurğulayır.
Kerol ancaq kitab oxumaqla rahatlıq tapır: “Keçən il mən 50-dən artıq kitab oxumuşam. Kitablar mənim çox karıma gəlir. Bununla özumu başqa bir gerçəkliyə alışdırıram. İndiyə qədər heç vaxt belə üsuldan istifadə etməmişəm. İndi bu mənə xoş təsir bağışlayır”.
Cənubi Afrika
Cənubi Afrikanın Yohannesburq şəhərində yaşayan 28 yaşlı Lindaninin də ən yaxın həmdəmi kitablar olub.
Lindani gediləsi bir yer olmadığı üçün ancaq kitablara üz tutduğunu deyir: “Mütailə etmək və “PleySteşn” oynamaq mənim sağ qalmaq üsuluma çevrilib”.
Koronavirus ölkəyə yayılanda Lindani və dostları düşünürmüşlər ki, bu tezliklə keçib-gedəsi infeksiyalardan biridir. Cənubi Afrika QİÇS, suçiçəyi və digər xəstəliklərlə uzun illər mübarizə aparıb.
Lindaninin sözlərinə görə, ötən il martın 20-də ilk karantin rejimi elan olunanda insanların çoxu buna hazır deyildi. Bir neçə aydan sonra adamlar COVİD-19 pandemiyasının gözləndiyindən daha təhükəli olduğunu və uzun çəkəcəyini dərk etdilər.
Lindani kiçik çap evində işləyən qardaşıyla birgə bina evində yaşayır. O, qardaşının maaşı az olsa da birtəhər keçindiklərini vurğulayır: “Yaxşı ki, bizim az da olsa pulumuz vardı. Gecələr acqarına yatmadıq, yemək tapmaq üçün qohumlarımıza üz tutmadıq. Bu, bizdə bir ümid və inam yaradırdı”.
Lindani ən çətin problemlərdən birinin onlayn təhsilə keçidlə bağlı olduğunu qeyd edir. Cənubi afrikalı tələbələr əvvəldən də təhsil haqqının yüksək olduğuna etiraz edirdilər. Onlayn təhsilə keçid isə tələbələrə daha baha oturdu. Çünki dərslərə qatılmaq üçün onların kompüteri və internetə çıxışı olmalıdır: “Mən stasionar kompüterimdən asılıyam və bu çox çətindir. Çünki işıq kəsiləndə internet də olmur. Ancaq mən hər halda şanslıyam, çünki kompüterim var. Bəzi tələbələrin dərslərə qatılmaq üçün nə kompüteri var, nə də telefonu”.
Lindani deyir ki, maddi problemlər, təhsil məhdudiyyətləri və ümumilikdə karantin rejimi Cənubi Afrikada gəncləri boğaza yığıb. Onun sözlərinə görə, gənclər pandemiyaya görə çox sıxıntı çəkirlər və artıq yorulublar.
Pandemiya yorğunluğu – Dünya Səhiyyə Təşkilatının yeni terminidir. Pandemiyanın ikinci dalğasından sonra insanlar virusdan qorunma qaydalarına daha az əməl etməyə başlayıblar. Virusdan qorunmaq üçün tövsiyə olunan qaydalara riayət etmək insanları motivasiyadan məhrum edib və Dünya Səhiyyə Təşkilatı getdikcə artan inamsızlığa “pandemiya yorğunluğu” adı verib.
Lindani deyir: “Ötən il karantin dövründə biz axşam saat 10-a qədər özümüzü evə çatdırmalı olduğumuzu bilirdik. Ancaq komendant saatından sonra belə küçədə gəzir, qadağan olunsa da içki alır və ya adamla dolu məclislərə gedirdik”.
Lindani insanların “neyləmək olar, yaşamaq lazımdır və öləndə də öləcəyik” kimi düşüncəsini normal sayır: “Əlbəttə, bu, adamda stress, qorxu yaradır. Ona görə indi hökumət əlavə məhdudiyyətlər tətbiq etsə adamlar üsyana qalxa bilərlər. İnsanlar hələ əvvəlki qapanmalardan özlərinə gələ bilməyiblər”.
Lindani hesab edir ki, hökumət işsiz qalan, durumu ağır olan insanlara yardım etmək üçün pulsuz çağrı mərkəzi yaratmalıdır: “Çünki evə qapılan gənclər, eləcə də yaşlı insanlar işsizlik və aclıq səbəbindən intihara əl atırlar”.
Hindistan
Hindistanda intihar halları çox tez-tez baş verir. Ölkənin kriminal bürosunun məlumatına görə, 2019-cu ildə hər saatda 15 intihar hadisəsi olub. COVİD-19 pandemiyasının isə bu rəqəmləri daha çox artıracağı qeyd edilir.
Uttar Pradeş ştatının Merut şəhərində ailəsi ilə birgə yaşayan 29 yaşlı vəkil Mohit deyir: “İnsanlar işsiz qaldı və vəkillər belə intihar etdi. Dostlarımın bir neçəsi meyvə-tərəvəz satışı ilə məşğul olmağa məcbur oldu. Nəinki doktoranturada oxuyan tələbələr, hətta professorlar da karantin vaxtı fəhləlik edirdilər”.
Mohit karantin üzündən məhkəmələr bağlandığına görə qazanc yerini itirdiyini deyir: “Hindistanda vəkillər muzdla işləyir, daimi qazanc yeri olmadığına görə çətinlik yaranır”.
1,3 milyard əhalisi olan Hindistanda 2020-ci ilin martında sərtləşdirilmiş karanin rejimi tətbiq olunub. Ardınca ölkədə işsizlik yaranıb. Bəzi ekspertlər ölkədə psixoloji böhranın yaranacağı haqda xəbərdarlıq edirlər.
Bir müddət işsiz-gücsüz evdə oturduğu vaxtlarda Mohit özündə də intihar meyli hiss edib. Yaxşı ki, o, Uttar Pradeş ştatındakı dövlət universitetində müəllim işi tapa bilib. Ancaq 2020-ci ilin dekabr ayından bəri maaşını ala bilmir. Hökümət büdcədə vəsaitin olmadığını əsas gətirir.
Mohit universitetdə tələbə və müəllimlərin çoxunun maska taxmadığını, pandemiya qaydalarını pozduğunu bildirir. Ona görə də o, daima virusa yoluxmaq və ailəsini yoluxdurmaq qorxusu ilə yaşayır. Mohit hazırda boş vaxtını evdə keçirməyə çalışır.
Ötən ildə hökm sürən qeyri-müəyyən vəziyyət və pandemiyanın ortasında karyerasında baş verən dəyişiklik Mohitin psixolji sağlamlığına təsir göstərib. O, indi də bir çox məsələdə əminlik hiss etmədiyini vurğulayaraq zarafatla deyir: “Karyeramın hansı səmtə gedəcəyini bilmirəm. Sadəcə çay kimi axıram və Hind okeanına, yoxsa Benqal körfəzinə düşəcəyim bəlli deyil”.
Almaniya
Jurnalistika fakültəsinin tələbəsi olan və Berlində otaq yoldaşı ilə yaşayan Laura Almaniyada sosial ünsiyyət azlığı duyur. O, ötən ildən insanlarla söhbətləşməyin və əlaqə qurmağın çətinləşdiyini vurğulayır: “Zoom proqramı ilə keçirilən dərsdə danışmaq çətinlik yaradır. Canlı ünsiyyət olmadığı üçün bəzən deyilənləri anlamırsan”.
Laura zehni yorğunluq hiss etdiyini bildirir: “Elə bil fəzadasan, kosmosda havasızlıq şəraitində qalmısan”.
Ancaq Almaniyada hər kəsə özündə COVİD-19 infeksiyasının olub-olmadığını yoxlamaq üçün həftəlik ekspress testlər təklif ediləndən sonra Lauranın qarşısında yeni imkanlar açılıb.
Laura “mən artıq təkliklə bacarmıram”, yaxud “mən başqa birisini görməliyəm” ifadələrinə normal yanaşdığını deyir. O hesab edir ki, ekspress testlər insanların yenidən təhlükəsiz ünsiyyətinə imkan yaradır.
Laura dost-tanışlarının bu situasiyaya fərqli yanaşdığını söyləyir: “Bəziləri duruma çox ciddi yanaşır və heç kimlə görüşmürlər. Digərləri yalnız həftədə bir neçə insanla görüşməyə üstünlük verirlər. Tanışlar arasında elələri var ki, evdə qaxılıb qalanları qınayır. Bu cür tənələrə dözmək bəzən adama çətin gəlir”.
Lauranın sözlərinə görə, dost-tanış arasında koronavirus və pandemiya məhdüdiyyətlərinə dair aparılan müzakirələr bəzən stress və narahatlıq həddinə çatır.
Laura bu cür stresin keçən il onun səhhətinə mənfi təsir etdiyini vurğulayır. O, birdən-birə 10 kiloqram arıqladığını, qulaqlarında küyün, eşitmə qabiliyyətində müvəqqəti problemin yarandığını deyir.
Həkimi isə Lauraya pandemiya dövründə buna bənzər xəstəliklərin və simtompların artdığını söyləyib.
Dərman qəbul etməyə və fizioterapiaya seansına getməyə məcbur qaldığını söyləyən Laura hələ də sağ qulağında daima küy eşidir.
Laura Almaniyada pandemiyaya qarşı tədbirləri təkmilləşdirməyə ehtiyac olduğunu vurğulayır: “Siyasətçilər və elm adamları insanların fərdi hisslərinə fikir vermirlər. Onlar sadəcə yoluxanların sayını və iqtisadı rəqəmləri izləyirlər. Psixoloji sağlamlıqla bağlı müzakirələrə isə böyük ehtiyac var”.
Mənbə: Dw.com